Seçki sistemi
Seçki sistemi seçkilərin və referendumların necə keçirildiyini və onların nəticələrinin necə müəyyən edildiyini özündə ehtiva edən qanunlar toplusudur. Siyasi seçki sistemləri hökumətlər tərəfindən müəyyən edilsə də, biznesdə, qeyri-hökumət təşkilatlarında və rəsmi olmayan təşkilatlarda da müəyyən seçki sisteminə əsaslanan seçkilər təşkil edilə bilər.
Seçki sistemləri seçki prosesinin bütün yönlərini özündə ehtiva edir: nə zaman seçkilər keçirilir, kimlər səs verə bilər, kimlər namizəd ola bilər, bülletenlər necə işarələnir və necə hesablanır, seçki kompaniyasi xərcləmələrinin limiti nə qədər olur və s. Seçki sistemləri konstitutsiyalar və ya seçki qanunları ilə müəyyən edilir və çox zaman müəyən seçki komissiyaları vasitəsilə həyata keçirilir. Müxtəlif məqsədlər üçün müxtəlif seçki sistemlərindən istifadə oluna bilər.
Bəzi seçki sistemləri prezident, baş nazir, qubernator kimi yalnız 1 qalibi müəyyən edir, bəziləri isə parlament üzvləri, direktor şurası üzvləri kimi birdən çox qalibi müəyyən edir. Xeyli sayda seçki sistemləri mövcud olsa da, daha çox bunlardan istifadə olunur: Nisbi əksəriyyət sistemi, iki mərhələli sistem, proporsional seçki sistemi və öncəlikli seçki sistemi. Bəzi seçki sistemləri isə qarışıqdır. Məsələn qarışıq seçki sistemi qeyri-proporsional və proporsional seçki sistemlərinin üstünlüklərini birləşdirmək üçün yaradılmışdır.
Rəsmən tanımlanmış seçki sistemlərinin çalışmasına sosial seçim nəzəriyyəsi və ya seçki nəzəriyyəsi deyilir.