1. sif. Başqası ilə tən, bir ölçüdə, bir boyda olan. Bərabər qiymətli. Bərabər qüvvəli. Bərabər kəmiyyətli.
□ Boyu bərabəri – özü boyda.
[Mehri xanım:] Bala, axır mən anayam! Boyum bərabəri oğul yetirmişəm. Ə.Haqverdiyev.
Bərabər etmək –
1) bax
bərabərləşdirmək;
2) bax
bərabər tutmaq (aşağıda, 4-cü mənada).
2. sif. Başqası ilə bir hüquqda, bir vəziyyətdə olan. Bərabər hüquq. Deputat seçkiləri bərabərdir; hər bir vətəndaş bir səsə malikdir; bütün vətəndaşlar seçkilərdə bərabər əsaslar üzrə iştirak edirlər.
– [Cahan:] İndi bizim hüququmuz kişilərlə bərabərdir. Ə.Haqverdiyev.
3. Zərf mənasında. Bir yerdə, birlikdə, birgə, yanaşı, bahəm. Bərabər işləmək (çalışmaq). Bərabər oxumaq.
– Nəbiqulu yeşiklə bərabər ağacdan uçub düşüb Qasımın otağının üstünə. Ə.Haqverdiyev.
Bu qaranlıqla bərabər mavi boşluqlardan yerə xoş bir sərinlik də enirdi. M.İbrahimov.
Burada meyvə ilə bərabər … nisbətən ucuz qiymətə şərab da tapmaq olurdu. Ə.Əbülhəsən.
4. İs. mənasında. Tay, bənzər, misl. Onun bərabəri yoxdur.
– Qaşı ay, çeşmi şux, müjganları ox; Cümlə kəsdən artıq, bərabəri yox. M.P.Vaqif.
Hikmətdə sənə heç kəs bərabər ola bilməz. M.F.Axundzadə.
□ Bərabər tutmaq – bir tutmaq, tay tutmaq, başqası ilə bir tutmaq, bərabərləşdirmək.
5. İs. mənasında. Ön, qarşı, tuş, qabaq.
[Şeyx Nəsrulla:] Bəlkə sizin də içinizdə belə münkirlər var? Əgər var, gəlsin bərabərimə. C.Məmmədquluzadə.
Görcək anasın bərabərində; Yaş oynadı qəmli gözlərində. A.Səhhət.
6. Xəbər mənasında. Birdir, eyni şeydir deməkdir.
Neftçinin borandan qorxub geri çəkilməyi, əsgərin silahı atıb səngərdən qaçmasına bərabərdir. M.Hüseyn.