is. [
ər. ]
1. Dolanma, hərlənmə, fırlanma; bir şeyin öz oxu ətrafında hərəkəti.
□ Dövr etmək –
1) bir şeyin ətrafında hərlənmək, fırlanmaq, dövrəvi hərəkət etmək.
Hələ dan ulduzu batmayıb, ərşi-fələkdə öz dövrünü edirdi. A.Divanbəyoğlu.
Hərlənib dövr edən yerlər, fələklər; Bu səsi hər zaman eşidəcəklər. M.Rahim.
// Dolaşmaq, dolanmaq, gəzmək.
Bazarı dövr edib mənzilə qayıdan zaman övrətə rast gəldim… N.Vəzirov;
2) dövrə vurmaq.
Humay kimi dövr edərəm havada; Babam öldü, yetim qaldım yuvada. Qurbani.
…Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim.
Qorxurdum ki, dövr edib havaya qalxsın, tuta bilməyim. S.S.Axundov;
3) dövran etmək, dövrəvi şəkildə hərəkət etmək.
Dərya və qeyri yerlərdə mövcud olan sular daima buxar olaraq dövr edən havaya qarışır, yuxarı qalxır, bulud və duman olur. H.Zərdabi;
4) yaşamaq, dövran sürmək. Zimistanda dövr edərdin; Yaz, bahara boyan, könül! “Koroğlu”;
5) məc. düz gəlmək, müvafiqət etmək.
Dövr qılmaq klas. – bax
dövr etmək 5-ci mənada.
Fələk, muradım ilə dövr qılmadın bir gün. S.Ə.Şirvani.
Dövr vurmaq – bax
dövrə vurmaq (“dövrə”də).
[Ağca xanım] bir-iki dövr vurandan sonra, Qaraca qızı çağırdı, o da dərhal sıçrayıb ortalığa girdi. S.S.Axundov.
Dövrə çıxmaq – gəzmək, gəzişmək, dolanmaq, gəzməyə çıxmaq.
Bir xəbər də budur ki, pəncşənbə günü dövrə çıxmışdım, Quba meydanında dörd nəfər dərvişin mərəkə qurduğunu gördüm… N.Vəzirov.
// Bir şeyin ətrafında, yaxud öz oxu ətrafında olan hərəkətin hər dövrəsi; bir dəfə dolanması. Təkərin dövrü.
2. Zamanın hər hansı bir cəhətdən səciyyəvi olan böyük, ya kiçik qismi. İntibah dövrü. Feodalizm dövrü. İnqilabi dövr. Müharibədən sonrakı dövr. İnkişaf dövrü.
– Gənc dostum, bütün millətlər öz tarixində cəhalət dövrünü sürmüşdür. S.S.Axundov.
Məmmədquluzadənin 40 ilə yaxın ədəbi və 20 ildən artıq davam edən jurnalistlik fəaliyyəti “imperializm inqilabları” dövrünə təsadüf edir. M.İbrahimov.
// Çağ, zaman, vaxt. Uşaqlıq dövrü. Cavanlıq dövrü. Tələbəlik dövrü.
– Həsən bəy Zərdabi, dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.
□ Dövri-fələk klas. – bax
dövr(i)-zaman 2-ci mənada.
…Bu keçən gün elədim dövrifələkdən ahü-zar. Aciz.
Dövri-gərdun klas. – bax
dövr(i)-zaman 2-ci mənada.
Dövri-qədim – qədim dövr.
Vətən zindan olub dövrü-qədimdən, Vətənin ən böyük oğullarına. B.Vahabzadə.
Dövr(i)-zaman klas. –
1) dövr, zəmanə, vaxt.
Bu dövr-zamanda beş gün kişinin; Bir yaxşı vəfalı yarı gərəkdir. Q.Zakir.
…Bu necə dövr-zamandır ki, işim ahü-fəğandır… M.Ə.Sabir;
2) məc. bəxt, tale, qədər.
Kibrü qürurdən, – dedi, – en, enmədim; Endirdi indi dövri-zəmanə yavaşyavaş. Q.Zakir.
3. Bir şeyin, xüsusən, xəstəliyin inkişafında mərhələ, pillə. Vərəmin ikinci dövrü. Xəstəliyin birinci dövrü qorxuludur.
4. məc. klas. Çevrə, dairə, dövrə, ətraf.
Nə xoşdur arizin dövründə zülfi-ənbərəfşanın. Füzuli.
Bu ümid ilə ki, qəmzəndən alam kamidilim; Düzülüb gözlərivin dövrünə mərdüm səf-səf. S.Ə.Şirvani.
Şəm tək göz yaşım axmazdı qəmindən gecələr; Dövri-ruyindəki pərvanələr ağlatdı məni. Ə.Vahid.