1. say. Təkcə, bircə, bir, ancaq bir, yeganə. İki bacının tək qardaşı. Tək övlad.
– Bütün evin lampaları kimi, bu axşam həyətin bu tək fənəri də yandırılmamışdı. Ə.Əbülhəsən.
□ Tək ədəd riyaz. – qalıqsız ikiyə bölünməyən ədəd (cüt əksi).
2. sif. Qoşa bədən üzvlərindən hər biri (əsasən o biri üzv şikəst olduqda işlənilir).
Xosrovun tək gözü təlaş içində parıldayır, o, qardaşı Sultanı arzulayırdı. S.Rəhimov.
Xanmuradov məmnun halda tək əlini [Rəhimin] çiyninə qoydu. Ə.Sadıq.
3. sif. və
zərf Köməksiz, arxasız, yalnız, yalqız.
[Hüseyn:] O məni qoymadı döyüşlərdə tək; Dalımca yönəldi o böyük ürək. M.Rahim.
[Səməndər] Nərgizi selə-suya tək buraxmaq istəmirdi. B.Bayramov.
4. zərf və
sif. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. Tək qalmaq.
– Gülpəri yaxşı bilirdi ki, … Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. S.S.Axundov.
Poladzadə kabinetində tək oturmuşdu. Ə.Vəliyev.
5. “Ancaq”, “yalnız”, “təkcə” mənasında.
Ölən-qalanın dərdinə qalan həkimin nəinki tək bu kənd üçün, hətta bütün Qubadlı nahiyəsi üçün bir sehr olduğu da təəccüblü deyildi. S.Rəhimov.
[Müəllim] tək uşaqlara savad öyrətməklə kifayətlənmirdi. S.Qədirzadə.
6. Bənzərlik, oxşarlıq bildirir: …kimi. Onuntək. Sənintək.
– Qəm-qüssəm başımdan aşıb; Məntək dərdə qalan yoxdu. “Koroğlu”.
[Xurşid:] Könlümdəki yaram da; Qızılgültək açıldı. Ü.Hacıbəyov.
◊ Tək əldən səs çıxmaz – bir adam işin öhdəsindən gələ bilməz, tək adam heç bir şey edə bilməz.
[Məcid əfəndi Musaya:] İş çox deyil, fəqət tək əldən səs çıxmaz. H.Cavid.
Tək günü – salı, çərşənbə axşamı.
Çərşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz. C.Məmmədquluzadə.
Üç cüt bir tək – çox az şey haqqında.