Vəli Xuluflu
Xuluflu Vəli Məmmədhüseyn oğlu (26 may 1894 və ya 1894, Xuluf, Yelizavetpol qəzası – 13 oktyabr 1937, Bakı) — ədəbiyyatşünas, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), professor (1931).
Vəli Xuluflu 26 may 1894-cü ildə Yelizavetpol quberniyasının (indiki Şəmkir rayonunun) Xuluflu qəsəbəsində anadan olub..
O, ibtidai təhsilini 1905–1907-ci illərdə mollaxanada alıb. Repressiya qurbanı Vəli Xuluflu 1912-ci ildə Gəncədə Şah Abbas məscidi nəzdindəki "Mədrəseyi-ruhaniyyə"ni bitirmiş, istiqlal şairi Əhməd Cavadla birlikdə dövrün tanınmış şəxsiyyətləri, məşhur din xadimi Yelizavetpol (Gəncə) Müsəlman Ruhani Seminariyasının müdiri Axund Hüseyn Pişnamazzadədən, ədəbiyyatşünas Abdulla Surdan, dilçi-folklorşünüs Mirzə Abbas Abbaszadədən, filosof şair-dramaturq Hüseyn Caviddən, M. Müşfiqin həyat yoldaşının əmisi, tanınmış pedaqoq İdris Axundzadədən, şair və ictimai xadim Əli Razidən, vətənpərvər şair Əli Nəzmidən dərs almışdır. 1913-cü ildən "Mədrəseyi-Ruhaniyyə" müəllim kimi fəaliyyət göstərib. Həmin vaxtdan gizli inqilabi işə qoşulub və 1919-cu ildə RSDFP sıralarına daxil olub. Xuluflu təhsilini davam etdirərək 1917-ci ildə Gəncədə Müəllimlər İnstitutunu bitirib və müəllim kimi fəaliyyətini davam etdirib.
1921–1922-ci illərdə Gəncə quberniyasında qəza partiya komitəsinin katibi vəzifəsində çalışıb. 1921-ci ildə partiya sıralarında "təmizləmə işləri" ilə əlaqədar Sov.İKP üzvlüyündən çıxarılıb. O, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1922–1927-ci illərdə Yeni Türk(Azərbaycan) Əlifbası Komitəsində təlimatçı kimi işləyib.