Dövlət teatrı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və ya qısaca AzDrama[1]Bakıda yerləşən akademik dram teatrı.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Teatrın Füzuli meydanına baxan əsas fasadı
Teatrın Füzuli meydanına baxan əsas fasadı
Xəritə
Ümumi məlumatlar
Əvvəlki adları Hökumət teatrosu;
Birləşmiş Dövlət Teatrosu;
Azərbaycan Türk Dram Teatrosu;
Dadaş Bünyadzadə adına Azərbaycan Dram Teatrı(1923–1933);
Məşədi Əzizbəyov adına Azərbaycan Dram Teatrı(1933–1991)
Teatrın tipi Dram
Əsası qoyulub 1873
Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
SSRİ Dövlət mükafatı Azərbaycan SSR Dövlət mükafatı
Teatr binası
Tikilib 1958
Açılıb 24 oktyabr 1919
Heyət
Direktor İlham Əsgərov
Bədii rəhbər Mehriban Ələkbərzadə
Baş rejissor Mehriban Ələkbərzadə
Baş rəssam Nazim Bəykişiyev
Yerləşməsi
40°22′30″ şm. e. 49°50′06″ ş. u.HGYO
Ölkə
Yerləşir Bakı, Azərbaycan
Metro M 2 Nizami metrostansiyası
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı xəritədə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
azdrama.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Görkəmli maarifçilər Həsən bəy Zərdabinın rəhbərliyi ilə Bakı realnı məktəbin şagirdləri 1873-cü il martın 10-da "Nəciblər klubu"nda M. F. Axundovun "Lənkəran xanının vəziri" komediyasını tamaşaya qoydular. Bununla peşəkar Milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram teatrının (AMDT) bünövrəsi qoyuldu.

Memarı Qəzənfər Əlizadə

Əvvəllər müxtəlif truppalar şəklində "Nicat", "Səfa" , "Həmiyyət" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr dəstələrində, həmçinin "Müsəlman Dram Artistləri İttifaqı", "Hacıbəyov qardaşları müdiriyyəti" şəklində tamaşalar verən teatr, 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir. 1918-ci il oktyabrın 18-də Cümhuriyyət Hökuməti xalq maarifi nazirinin Azərbaycan Dövlət Teatrının yaradılması haqqında məruzəsini dinləyərək, teatr üçün Mayılov Qardaşları Teatr binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binası) almaq barədə qərar qəbul etdi. Qərarda göstərilirdi ki, Bakıda Dövlət Teatrının yaradılmasının vacibliyini və bu məqsəd üçün daha çox Mayılov qardaşları Teatr binasının yararlı olduğunu nəzərə alaraq, xalq maarifi nazirinə tapşırılsın ki, Mayılov Qardaşları Teatrını məcburi surətdə, lakin ədalətli qiymətlə, dövlət teatrı üçün öz sərəncamına alsın, onun satınalma qiymətini müəyyənləşdirmək üçün xüsusi komissiya yaratsın və həmin teatr bundan sonra Dövlət Teatrı adlandırılsın.

Cümhuriyyət dövründə Dövlət Teatrı səhnəsində opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, onda mühüm dövlət tədbirləri üçün istifadə etmək nəzərdə tutulurdu. ZülfüqarÜzeyir Hacıbıyli qardaşları truppasının bütün tədbirləri Dövlət Teatrının səhnəsində keçirilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Teatrı öz pərdələrini ilk dəfə 1918-ci il noyabrın 4-də Hacıbəyli qardaşları truppasının hazırlağı, Nəriman Nərimanovun "Nadir Şah" faciəsinin tamaşası ilə açdı. 1919–1920-ci illərdə teatrın səhnəsində daha çox Üzeyir Hacıbəylinin opera və operattaları göstərilirdi. 1920-ci ilin aprelində Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra da bu teatr Sovet Azərbaycanının dövlət teatrı kimi fəaliyyət göstərmiş və uzun illər həmin binadan təkcə teatr-sənət ocağı kimi deyil, həm də ictimai-siyasi və dövlət əhəmiyyətli tədbirlərin keçirilməsi üçün istifadə edilmişdir.[2]

Teatrın adı müxtəlif illərdə Hökumət teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923–1933) və Məşədi Əzizbəyovun (1933–1991) adlarını daşımışdır.

Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır. Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilmişdir. Teatrın 125-illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov , Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov (rejissor), Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Möhsün Sənani, Rza Təhmasib (aktyor və rejissor) Əjdər Sultanov, Sona Hacıyeva, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Kazım Ziya, Məmmədəli Vəlixanlı, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova, Həsənağa Salayev, Məmmədrza Şeyxzamanov, Rza Əfqanlı.

M. F. Axundovun, N. B. Vəzirovun, Ə. B. Haqverdiyevin, N. . Nərimanovun, C. Cabbarlının, H. Cavidin, S. Rəhmanın, İ. Əfəndiyevin pyesləri ilə pərvəriş tapan AMDT müxtəlif illərdə dünya klassiklərindən Şekspirin, Şillerin, Molyerin, Lope de Veqanın, Karlo Haldoninin, A. Dümanın, V. Hüqonun, H. Hauptmanın, Moris Meterlinkin, Balzakın, Yucin O Nilin, B. Nuşiçin, M. Sebastianın, H. Heynenin, Volterin, A. Ostrovskinin, A. Puşkinin, M. Lermontovun, L. Tolstoyun, N. Qoqolun, A. Çexovun və onlarca bu kimi dramaturqların əsərlərinin repertuarına daxil edib. Əsrimizin əvvəllərində dəstələr halında Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada qastrol səfərlərində olmuş teatr, Dövlət Statusu aldıqdan sonra, Moskvada (1930, 1948, 1959, 1974, 1996), Sankt-Peterburqda (1930), Kazanda (1930), İrəvanda (1926, 1927, 1954, 1957), Tiflisdə (1960, 1984), Daşkənddə (1934, 1951), Aşqabadda (1934), Türkiyədə (1990,1992), Kiprdə (1992), Almaniyada (1992) qastrollarda olub. AMDT-nin 50 (1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilib. "Şərqin səhəri" (Ə. Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, "Antoni və Kleopatra" (Şekspir), "Mahnı dağlarda qaldı" (İ. Əfəndiyev), "Şəhərin yay günləri"(Anar) və "İblis" (Cavid) tamaşaları Respublika Dövlət mükafatlarına layiq görülüb.[3]

Akademik Milli Dram Teatrı "Covid19" pandemiyası ilə bağlı karantin qaydalarına əsasən, tamaşa nümayişlərini 13 mart 2020-ci il tarixindən etibarən dayandırmışdır. Bu müddət ərzində teatr öz tamaşaçıları ilə sosial şəbəkələr və rəsmi internet səhifəsi vasitəsilə görüşmüşdür. Teatrın onlayn formatda təşkil etdiyi tamaşa nümayişləri baş tutmuşdur.[4]

Nazirlər Kabineti yanında Operativ Qərərgahın 2021-ci il 24 sentyabr tarixli qərarı ilə 1 oktyabr 2021-ci il tarixindən vaxt və adam sayı(maksimum tutum:zalın 50%-i) nəzərə alınaraq Teatr qapılarını yenidən açdı.[5]

Nazirlər Kabineti yanında Operativ Qərərgahın 2022-ci il 5 mart tarixli qərarı ilə 6 mart tarixindən etibarən Teatr vaxt və say məhdudiyyəti olmadan fəaliyyətini tam bərpa etdi.[6]

Akademik teatrda aktyor məktəbləri

[redaktə | mənbəni redaktə et]
Teatrın aktyorları Nurəddin MehdixanlıMətanət Atakişiyeva "Əmir Teymur" tamaşasında. Quruluşçu rejissor: Mehriban Ələkbərzadə

Akademik teatrda üç aktyor məktəbi var:

  • Romantik aktyor məktəbi;
  • Realist aktyor məktəbi;
  • Lirik-psixoloji üslublu aktyor məktəbi.[7]

Romantik aktyor məktəbi

[redaktə | mənbəni redaktə et]

Romantik aktyor məktəbinin ən nümayəndəsi və yaradıcısı Hüseyn Ərəblinski sayılır. Abbasmirzə Şərifzadə, Sidqi Ruhulla, Ülvi Rəcəb, Rza Təhmasib, Rza Əfqanlı, Kazım Ziya, Ələsgər Ələkbərov, Mərziyyə Davudova, Hökümə Qurbanova, Ağadadaş Qurbanov, Əjdər Sultanov, Rza Darablı, Fatma Qədri, Leyla Bədirbəyli, Əli Zeynalov, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov həmin məktəbin layiqli davamçılarıdır.

Realist aktyor məktəbi

[redaktə | mənbəni redaktə et]

Realist aktyor məktəbinin banisi Cahangir Zeynalov, təmsilçiləri Mirzağa Əliyev, Əbülhəsən Anaplı, Möhsün Sənani, Mustafa Mərdanov, Əzizə Məmmədova, Barat Şəkinskaya, Əliağa Ağayev, Məmmədəli Vəlixanlı, İsmayıl Osmanlı, Ağasadıq Gəraybəyli, Səyavuş Aslan və bu səpkili aktyorlar sayılırlar.

Lirika aktyor məktəbi

[redaktə | mənbəni redaktə et]

Lirik-psixoloji üslubun dramaturgiyamızda banisi İlyas Əfəndiyev, rejissorluqda Tofiq Kazımov, aktyor yaradıcılığında Həsən Turabov sayılırlar. Şəfiqə Məmmədova, Bürcəli Əsgərov, Səməndər Rzayev, Hamlet Xanızadə, Vəfa Fətullayeva, Fuad Poladov, Kamal Xudaverdiyev, Yaşar Nuriyev, həmçinin Akademik teatrın çağdaş truppasının aparıcı aktyorlarının əksəriyyəti həmin üslubun inkişafında müstəsna xidmətlər göstəriblər.

  1. ""Azdrama" dekabrda — AFİŞA". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-24.
  2. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 312–313
  3. "Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – tarixi". 2011-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-16.
  4. "Arxivlənmiş surət". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  5. "Arxivlənmiş surət". 2022-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  6. "Arxivlənmiş surət". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-08.
  7. "Üç əsrin yüz otuz ili. (Akademik Milli Dram Teatrı bu gün). Bakı, "QAPP-POLİQRAF" Korporasiyasi, 2003, 264 s." (PDF). 2018-12-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]