Lələtəpə əməliyyatı və ya Cəbrayıl əməliyyatı — İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşən Lələtəpə istiqamətində baş verdiyi iddia edilən hərbi əməliyyat.[1] Bir sıra iddialara görə, bu əməliyyat müharibə zamanı Ermənistan tərəfinin ən çox itki verdiyi hərbi əməliyyatdır. Müxtəlif mənbələrə görə, erməni tərəfdən 700-dən çox itki olmuş, 44 tankdan 42-si döyüş meydanında qalmışdır.[2] Hərbi ekspertlərin fikrinə görə, Lələtəpə əməliyyatının uğursuzluğu Dağlıq Qarabağ Müdafiə Ordusu üçün dağıdıcı olmuş, erməni müdafiə qüvvələrinin onurğasını qırmışdır.[3]
General-leytenant Samvel Babayanın sözlərinə görə, ümumiyyətlə, "Lələtəpə əməliyyat" baş tutmamışdır. O qeyd etmişdir ki, bu istiqamətdə Horadiz kəndinə uğursuz hücum keçirilmiş, bu zaman Ermənistan tərəfindən 2 nəfər həlak olmuşdur.[4]
Lələtəpə Azərbaycanın Cəbrayıl rayonu ərazisində yerləşir. Bu təpə 12 fevral 1994-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalı altında düşmüşdü.[5] 2016-cı ilin aprelində baş tutan Dördgünlük müharibə zamanı təpə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.[6]
27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün İkinci Qarabağ müharibəsinə başlamışdır. Bu zaman ilk döyüş əməliyyatlarından biri Arazboyu əməliyyatlar olmuşdu.
Müharibənin ilk günlərində, 3 oktyabrdan başlayaraq Azərbaycan qoşunları Lələtəpə istiqamətində Ermənistan tərəfinin müdafiəsini 6–8 kilometrlik hissədə yarmış və Cəbrayıl istiqamətində irəliləmişdilər. Müzakirə nəticəsində general-leytenant Samvel Babayan fəaliyyət planı təklif etmişdi. Bu planın məqsədi Lələtəpəni tutmaq və Azərbaycan ordusunun Cəbrayıl şəhərinə olan yolunu kəsmək məqsədilə hücuma keçmək idi. Ermənistan Silahlı Qüvvələri 7 oktyabrda hücuma keçmiş və əməliyyatlara general-leytenant Cəlal Arutyunyan rəhbərlik etmişdir.[7]
Əməliyyatın başlanmasından bir neçə saat sonra Ermənistan tərəfi 44 tankdan 42-ni döyüş meydanında qoyub getmiş və bir neçə yüz nəfər itki vermişdir. Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, əməliyyat adı çəkilməyən bir general tərəfindən təklif edilmişdi. O, qeyd etmişdir ki, sadəcə moderatorluq etmiş və qərara görə heç bir məsuliyyət daşımır. Həmin generalın Samvel Babayan olması ehtimal edilir.[7]
Nikol Paşinyan Rusiyanın "RBK" kanalına verdiyi müsahibədə qeyd etmişdir ki, o, Ermənistan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları barədə əməliyyatlardan əvvəl və ya ehtimal ki, əməliyyatlar zamanı məlumatlandırılmışdır. Paşinyan əlavə etmişdir ki, DQR hərbi komandirləri cənubda əməliyyat həyata keçirmiş, nəticədə müəyyən edilmiş ərazilərdən çıxaraq Azərbaycan hərbi korpusunu orada tələyə salmışdılar. Əməliyyatlar zamanı Nikol Paşinyan bəyan etmişdi ki, sözün əsl mənasında həmin saniyələrdə Azərbaycan korpusu sarsıdıcı zərbələr almış və onun sözlərinə görə, həmin anda Dağlıq Qarabağ ordusunun yekun qələbəsi üçün əsl təməl qoyulmuşdu.[8][9]
Müdafiə Nazirliyinin nümayəndəsi Arçrun Ovannisyan öz "Facebook" səhifəsində aksiyalar barədə yazıb.
Bu gün erməni tarixinin şanlı qələbələrindən birinin günüdür. Yaşasın erməni ordusu![10]։ |
2 sentyabr 2022-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş müdafiə naziri Cəlal Arutyunyana qarşı ittiham irəli sürülmüşdür. General-leytenant ağır nəticələrə səbəb olan xidməti vəzifələrə etinasızlıqda ittiham olunmuşdur. İki ittihamdan birincisinə görə, Arutyunyan 7 oktyabr 2020-ci ildə Ermənistan tərəfinin həyata keçirdiyi əks-hücum əməliyyatına Cəlal Arutyunyan rəhbərlik etmişdir. Burada Ermənistan tərəfi 1:5 nibsətdə sayca az idi, lakin belə bir hücum əməliyyatı üçün qarşı tərəfdən 1:3 nisbətdə sayca çox olmaq lazım idi. Həmçinin, əks-hücum bölmələri arasında əməkdaşlıq olmamışdır. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Cəlal Arutyunyanın hərəkətləri nəticəsində Ermənistan birləşmələri külli miqdarda canlı qüvvə və hərbi texnika itkisi vermiş, ehtiyat hissələri yararsız hala düşmüş, atəş mövqeləri Azərbaycanın nəzarəti altında düşmüşdür.[11][12]
Bundan sonra Arutyunyan yeni zirehli dəstə yaratmış və onların qarşısına eyni döyüş tapşırığı qoymuşdur. Yeni zirehli dəstə 7 oktyabrda əks-hücum əməliyyatına daxil olmuş, xeyli sayda canlı qüvvə və vasitələr itirmişdir. 8 oktyabrda baş tutan döyüş tapşırığı da uğursuzluqla nəticələnərək Ermənistan tərəfi üçün ağır itkilərə səbəb olmuşdur.[11][12]
Əməliyyatın həyata keçirilməsinə bir səbəb kimi Nikol Paşinyanın Serj Sarkisyan administrasiyası zamanı DQR-də itirilən Lələtəpəni geri qaytararaq siyasi qazanc əldə etmək istəməsi verilmişdir.[13] Nikol Paşinyan Ermənistan Milli Məclisində bu iddiaya cavab verərək onu təkzib etmişdir.[14] .
Nikol Paşinyan Milli Məclisdə demişdir:
... O əməliyyatla bağlı təklifin müəllifi general idi, general təklifi məqbul saydı, general təklifin həyata keçirilməsi imkanının reallaşmasını qiymətləndirdi və qərarı general verdi. Üstəlik, elə generallar ki, həmin anda həmin qərarı həyata keçirmək imkanı var idi. Bəli, o müzakirənin söhbətlərinin bir hissəsində mən də iştirak edirdim, söhbətə moderatorluq edirdim və yaxşı variantdır, ya pis variantdır, ümumiyyətlə, öz fikrimi bildirməmişəm. Dedim – fikriniz nədir, fikriniz nədir? Mən sonra ən yüksək rütbəli şəxsdən soruşdum – fikriniz nədir? Dedi – "yaxşı fikirdir", sonra tövsiyə verdi. Məsləhət kimi mənə dedi ki, vəziyyəti qiymətləndirib, hesab verməyə və vəziyyəti bildirməyə getdi. Sonra dedi ki, bəli, bu, edilməlidir və bunu etmək olar. |
Ermənistan Silahlı Qüvvələrinin general-polkovniki Seyran Ohanyanın sözlərinə görə, hərbi sahədə "mötədillik" anlayışı yoxdur. O, əlavə etmişdir ki, "qərar üçün tövsiyə irəli sürən komanda qərargahı var, son qərarı isə baş komandan verir".[15][16]