BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi — 1993-cü il noyabrın 12-də 822 (1993), 853 (1993) və 874 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə narahatlığın ifadə olunduğu, tərəflər arasında atəşkəsin pozulmasının, xüsusilə də Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsinin pislənildiyi, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3313-cü iclasında yekdilliklə qəbul edilmiş qərar. 884 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin dördüncüsü və sonuncusudur. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
884 saylı qətnamə | |
---|---|
| |
Tarixi | 12 noyabr 1993 |
Sessiya | № 3313 |
Kod | S/RES/884 |
Səsvermə |
|
Mövzu | Qarabağ münaqişəsi |
Nəticə | Qəbul edildi |
Sənəd |
Qətnamədə hərbi əməliyyatların dayandırılması tələb edilsə də, bu səylərin nəticəsi az oldu və vaxtaşırı bütün cəbhə boyu döyüşlər və top atəşləri davam etdi.[1] BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 884 saylı qətnamə də Ermənistan tərəfindən növbəti illərdə də icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır.[2][3] Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.[2]
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Belə ki, bir-birinin ardınca Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonları erməni silahlı qüvvələri tərəfindən işğal edilir. Sahəsi 707 km², əhalisi 33,890 nəfər olan Zəngilan Azərbaycanın işğal olunmuş sonuncu rayonu olur.[4] Təsadüfi deyil ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı bütün qətnamələri də məhz 1993-cü ildə qəbul edilir.
Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı Azərbaycan dövlətinin, eləcə də ATƏM-in Minsk qrupunun fəaliyyətdə olan sədrinin[5] BMT Təhlükəsizlik Şurasına müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və noyabrın 12-də 884 saylı qətnamə qəbul edir.[6]
Qətnamə 9 bənddən ibarətdir. I bənddə atəşkəsin pozulması, hərbi əməliyyatların yenidən başlanması, xüsusilə də Zəngilan rayonunun və Horadiz şəhərinin işğal edilməsi, dinc əhaliyə qarşı hücumlar, Azərbaycan Respublikasının ərazisinin bombardman edilməsi pislənilir. II bənddə Təhlükəsizlik Şurası Ermənistan hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun ermənilərinin 1993-cü ildə qəbul edilmiş qətnamələrə riayət etməsinə nail olmaq məqsədilə öz təsir gücündən istifadə etməyə və hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsini təmin etməyə çağırır.
III-VI bəndlərdə ATƏM-in Minsk qrupunun 9 üzvünün 1993-cü il 4 noyabr tarixli atəşkəs barədə bəyanatı qiymətləndirilir. Maraqlı tərəflərdən ATƏM-in Minsk qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilən iclasında edilən düzəlişlərlə "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yenilənmiş cədvəli"nə uyğun olaraq hərbi əməliyyatların və düşmənçilik hərəkətlərinin dərhal dayandırılması, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılması və Azərbaycan Respublikasının yaxın vaxtlarda işğal edilmiş başqa rayonlarından işğalçı qüvvələrin çıxarılması tələb olunur. Həmçinin, şura tərəfləri Rusiya Federasiyasının vasitəçiliyi, Minsk qrupunun dəstəyi ilə effektli və daimi atəşkəsə nail olmaq üçün danışıqları davam etdirməyə çağırır. VI bənddə isə region dövlətlərindən tələb edilir ki, münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən və müdaxilədən çəkinsinlər.
VII-IX bəndlərdə Baş katibdən və müvafiq beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərmələri, qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etmələri xahiş olunur. Baş katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk Konfransının sədrindən Minsk prosesinin gedişi, xüsusilə şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsi xahiş edilir.
Qətnamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir. Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır.[7] Belə ki, istənilən hərbi işğal müvəqqəti hesab olunur və işğal olunmuş ərazi üzərində suverenliyin verilməsinə səbəb ola bilməz.[8] Bu da onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda hər hansı dövlət yaradıla bilməz.[9]
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr problemin həlli üçün açar kimi istifadə oluna biləcək qətnamələr idi.[10] Digər üç qətnamədə olduğu kimi, bu sənəddə də Azərbaycan torpaqlarının işğalına dərhal son verilməli olduğu qərara alınıb və Dağlıq Qarabağ münaqişəsinin "regionda sülh və təhlükəsizliyə" təhlükə yaratdığı faktı Təhlükəsizlik Şurası tərəfindən etiraf edilib.[11]
Sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğu təsdiq edilir. Məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.[10]
Qətnamə münaqişənin təkcə Dağlıq Qarabağda deyil, həm də onun ətrafında davam etdiyini qeyd edir.
Sənəddə Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədinin əhalisi də daxil olmaqla zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərilməsi və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik edilməsi kimi məsələlər qeyd olunub.
884 saylı qətnamənin də digər əlaqəli qətnamələr kimi zəif cəhətləri qismində bu sənədin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi göstərilir.
Abxaziya ilə əlaqədar BMT səviyyəsində qəbul edilmiş qətnamələrdə Abxaziyanın demoqrafik tərkibini dəyişdirmək cəhdləri, o cümlədən ərazini əvvəllər burada yaşamayan insanlarla məskunlaşdırmaq cəhdləri də pislənsə də, oxşar mövqe Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamələrdə qeyd olunmamış,[9] sadəcə məcburi köçkün faktı təsdiq edilmişdi.
Qətnamədə Azərbaycanın ərazilərinin işğal edilməsi qeyd edilsə də və işğalçı qüvvələrin bu ərazilərdən çıxarılması açıq-aşkar tələb olunsa da, yalnız erməni tərəfinin hərəkətlərinin pislənməsi ilə bağlı müddəaya rast gəlinmir: Təhlükəsizlik Şurası bu hissədə "atəşkəsin pozulması", "hərbi əməliyyatların başlanması", "maraqlı tərəflər" kimi məchul növdə ifadələrdən istifadə etməklə vəziyyətdən narahat olduğunu çatdırır. Bu da çox güman ki, Təhlükəsizlik Şurasında siyasi konsensusun (ing. consensus) olmamasından irəli gəlir. Halbuki, Abxaziya məsələsində eyni şura yalnız abxaz tərəfini hərəkətlərinə görə aşkar surətdə tənqid edir.[9] Buna görədir ki, 884 saylı qətnamədə yenə məchul növdə ifadə edilmiş "işğalçı qüvvələrin çıxarılması" qeydində məhz hansı işğalçı qüvvələrin kim tərəfindən çıxarılmalı olduğu aydın əks olunmur. Hətta bununla bağlı aşkar surətdə məhz Ermənistan dövlətinin üzərinə adi bir tələb belə qoyulmur. Bütün bunlar yalnız qətnamənin məntiqli təhlili nəticəsində fərz oluna bilər. Bunun əksinə olaraq, xorvatlarla boşnaklar arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar sözügedən qətnamədən bir il əvvəl — 1992-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 752 saylı qətnaməsində münaqişədə işğalçı qüvvələri dəstəkləyən və bu mənada Ermənistanı xatırladan Xorvatiyanın üzərinə belə tələblər qoyulmuşdur.[9][12]
Qətnamədə Azərbaycanın daha əvvəl işğal edilmiş ərazilərinin adları çəkilmir, əvəzində "yaxın zamanlarda işğal edilmiş başqa rayonlar" ifadəsindən istifadə olunur. Bəzi müəlliflərə görə, işğal olunmuş ərazilərdən hərbi qüvvələrinin çıxarılmasının dəqiq tarixinin qeyd olunmaması sənədin digər zəif cəhəti hesab edilir. Həmçinin işğal edilmiş ərazilərdən işğalçı qüvvələr çıxarılmadığı təqdirdə onların hansı cəza tədbirlərinə və ya sanksiyalara məruz qalacağı göstərilmir. Eləcə də, sənədin məzmunundan tam olaraq aydın deyil ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dərhal tərk etmələrinin, yoxsa münaqişənin atəşkəs və danışıqlar yolu ilə həllinin daha çox tərəfdarıdırlar.[10]
Təhlükəsizlik Şurasının silahlanmaya ümumi qadağa və ya embarqo qoyulması ilə bağlı mövqeyi də birmənalı deyil. "Hərbi kampaniyanı genişləndirmək üçün lazımi vasitələrin münaqişəyə cəlb olunan qüvvələrə verilməməsi" Ermənistana tələb kimi deyil, çağırış kimi ifadə olunur.
Sənəddə əks olunmuş "ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsin təcili bərpa edilməsi" ilə bağlı qeyd sanki BMT-nin münaqişənin həllini Rusiyanın öhdəsinə qoyması kimi başa düşülür.[10]
Qətnamə Azərbaycan ərazilərinin işğalını təsdiq etsə də, münaqişənin Azərbaycanın lehinə həll edilməsi istiqamətində BMT tərəfindən əməli addımlar atılmamışdır. Nəticədə, tərəflər arasında İkinci Qarabağ müharibəsinin baş verməsi qaçınılmaz olmuş və bunun ardınca 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulmuş, sülh sazişinin imzalanması ilə bağlı tərəflər arasında görüşlər keçirilmişdir. Bununla da üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.[13]
14 fevral 1994-cü ildə Azərbaycanın BMT yanındakı daimi missiyası həmin ilin yanvarında əldə etdiyi, Ermənistan Respublikası silahlı qüvvələrinin nizami hissələrinin Azərbaycan ərazisində hərbi əməliyyatlarda iştirakını təsdiq edən təkzibedilməz sübutları BMT-nin Baş katibinə təqdim edib. 884 saylı qətnamədə Ermənistana hərbi kampaniyanı genişləndirməməsi ilə bağlı çağırış edilsə də, təqdim edilən sübutlarda Ermənistan Respublikası silahlı qüvvələrinin 555-ci motoatıcı alayının 1994-cü il yanvarın 21-dən 22-nə keçən gecə Ermənistanın Vardenis rayonundan irəliləyərək Azərbaycanın Kəlbəcər rayonuna daxil olması əks olunub. Bununla bağlı Azərbaycan tərəfi Ermənistan Respublikası silahlı qüvvələrinə məxsus əməliyyat xəritələrini, əsir götürülən şəxsi heyətin imzalı ifadələrini, o cümlədən erməni hərbçilərinin hərbi biletini katibliyə göndərməklə Ermənistanın Azərbaycana birbaşa təcavüz etdiyini katibliyin diqqətinə çatdırıb.[14]
884 saylı qətnamədə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı qeyd edilsə də, müxtəlif illərdə müxtəlif dövlətlər tərəfindən buna zidd addımlar atılmışdır.
İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət sonra 2020-ci il noyabrın 25-də Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair" 145 nömrəli qətnamə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hadisəni "BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobud pozuntusu" adlandıraraq "Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurduğunu" qeyd etmişdir.[15] Fransa Senatının bu addımını tənqid edən Türkiyənin Ədalət və İnkişaf Partiyası, CHP, MHP və İYİ Partiyasının qəbul etdiyi ortaq bəyanatda BMT Təhlükəsizlik Şurasının qətnamələrində Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı xatırlanmış və Senatın qəbul etdiyi qərarın beynəlxalq hüquq baxımından heç bir hüquqi qüvvəsinin olmadığı diqqətə çatdırılmışdır.[16]