Jeleznovodsk Kommünikesi

Jeleznovodsk Kommünikesi, Jeleznovodsk Bəyannaməsi və ya Jeleznovodsk RazılaşmasıRusiya Prezidenti Boris YeltsinQazaxıstan Prezidenti Nursultan Nazarbayevin vasitəçiliyi ilə 1991-ci il sentyabrın 23-də Rusiyanın Jeleznovodsk şəhərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı üç illik hərbi əməliyyatları dayandırmaq niyyəti ilə müvafiq dövlətlərin arasında keçirilmiş görüşdə qəbul edilmiş birgə sülh razılaşması.[1] Razılıq əldə edilsə də, saziş heç vaxt təsdiq olunmamışdır.

Jeleznovodsk Kommünikesi
İmzalanma tarixi 23 sentyabr 1991
İmzalanma yeri Jeleznovodsk, Rusiya Federasiyası
İmzalayanlar Boris Yeltsin, Ayaz Mütəllibov, Nursultan Nazarbayev, Levon Ter-Petrosyan
Məqsədi ErmənistanAzərbaycan arasında sülh razılaşması

1988-ci ilin əvvəllərindən başlayan, Azərbaycan SSR-ə məxsus Dağlıq Qarabağ Muxtar Vilayəti ilə əlaqədar olan Qarabağ münaqişəsi bir sıra mülki şəxslərin ölümünə səbəb olmuşdu.[2]

Mediasiya prosesi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan və Ermənistan hakimiyyət orqanlarının razılığı ilə Boris Yeltsin və Nursultan Nazarbayev 1991-ci il sentyabrın 20-23-də Bakı, Gəncə, Xankəndiİrəvan şəhərlərinə səfər ediblər. Ərazi bütövlüyü, suveren dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi, insan hüquqlarına başlanğıc nöqtə kimi riayət edilməsi kimi prinsipləri rəhbər tutaraq, sentyabrın 22-də Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından imtina etməsindən sonra irəliləyiş əldə olundu.[3] Bu, tərəflərin növbəti gün birgə razılığına imkan verərək, hər iki tərəfin silahsızlaşdırılması və silahlı qüvvələrin bölgədən çıxarılması, qaçqınməcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağda Sovet dövründəki inzibati qaydanın yenidən qurulması və münaqişənin sülh yolu ilə həllini nəzərdə tuturdu. Vəziyyəti nizama salmaq məqsədilə “müvəqqəti işçi qrupu yaradılır”.[4] Razılığa görə Sovet Ordusu və daxili qoşunlar hələ də münaqişə zonasında qalacaq və proses Rusiya və Qazaxıstan rəsmiləri tərəfindən idarə olunacaqdı. Sülh bəyannaməsi Y.Şapoşnikov, V.Barannikov, S.Voskanyan, M.Gözəlov, V.Cəfərov, R.Köçəryan, L.Petrosyan, M.Radayevin iştirakı ilə müzakirə olunmuş və Boris Yeltsin (Rusiya Federasiyası), Ayaz Mütəllibov (Azərbaycan), Nursultan Nazarbayev (Qazaxıstan) və Levon Ter-Petrosyan (Ermənistan) tərəfindən imzalanmışdı.[5] Görüşdə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri də iştirak etmişdir.[6]

Danışıqların ikinci mərhələsi hər iki tərəfin rəsmilərinin iştirakı ilə Azərbaycan-Ermənistan sərhədindəki İcevan rayonundakı bir kənddə baş tutmuşdu.[7] Görüşdən sonra açıqlanan məlumatda, "cinayət və intiqama söykənən bu prosesin dayandırılmasının zəruri olduğu" vurğulanmışdı. Lakin, bu vaxt belə silahlar susmamışdır. Azərbaycan tərəfi, atəşkəsə riayət edilmədiyini göstərmək üçün bölgəyə Rusiya və Qazaxıstandan müşahidəçilər də gətirmişdi.[8]

Buna baxmayaraq, erməni tərəfi bu anlaşmaya əməl etməyib, Jeleznovodsk görüşündən cəmi bir neçə gün sonra Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı yeni hücumlara başlamışdır.[6] 26 sentyabr 1991-ci ildə erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunda avtomaşın partladılır; nəticədə 2 nəfər həlak olur, 14 nəfər yaralanır. Həmin il 19 oktyabrda isə Dağlıq Qarabağın Ağdərə rayonu Sırxavənd kəndi yaxınlığında ermənilər tərəfindən avtomaşın partladılır; 3 nəfər həlak olur, 2 nəfər yaralanır. 20 noyabr 1991-ci ildə isə ermənilər tərəfindən Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotu vurulur. Vertolyotda olan bütün şəxslər: Azərbaycan Respublikasının Dövlət Katibi T.İsmayılov, Baş nazirin müavini Z.Hacıyev, Prezidentin müşaviri M.Əsədov, Baş Prokuror İ.Qayıbov, deputatlar: V.Cəfərov, V.Məmmədov, Prezident aparatının şöbə müdiri O.Mirzəyev, Meliorasiya və su təsərrüfatı nazirinin 1-ci müavini Q.Namazəliyev, Dağlıq Qarabağın prokuroru İ.Plavski, Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri S.İvanov, Dağlıq Qarabağın milis rəisi, general-mayor V.Kovalyov, komendant N.Jinkin, Dövlət katibinin köməkçisi R.Məmmədov, Azərbaycan televiziya və radiosunun əməkdaşları: A.Mustafayev, A.Hüseynzadə, F.Şahbazov, müşahidəçilər: general-mayor M.Lukaşov və podpolkovnik O.Koçerev, Qazaxıstan Daxili İşlər nazirinin 1-ci müavini S.Serikov və ekipaj bu terror aktı nəticəsində həlak olurlar.

Bu hadisələr Azərbaycan tərəfini bəzi qərarlar almağa məcbur etdi. Bu çərçivədə Ermənistana gedən dəmir yolu bağlandı, Azərbaycan Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli iclasında isə DQMV-nin statusu ləğv edilərək bu tarixə qədər muxtar vilayətin tərkibində olan rayonlar birbaşa Azərbaycan rəhbərliyinin tabeçiliyinə verildi.[9] Qərar gözlənildiyi kimi ermənilər tərəfindən mənfi reaksiyayla qarşılanmışdır. Bu son hadisələr eyni zamanda Yeltsin və Nazarbayev tərəfindən başladılan bir sülh cəhdinin nəticəsiz qalması mənası daşıyırdı.[7]

  1. "The Transitional Justice Peace Agreements Database. Record 617". 25 fevral 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2010.
  2. Карабах: хронология конфликта [Karabakh: Chronology of the conflict] (rus). BBC News. 2005-08-29. 2012-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-14.
  3. Bill Keller. "ARMENIA YIELDING CLAIM ON ENCLAVE". The New York Times. 1991-09-23. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-14.
  4. "Qarabağ problemi - Xronologiya". 2015-04-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
  5. "Zheleznovodsk Declaration". 23 sentyabr 1991. 5 iyul 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2010.
  6. 1 2 "1991-ci ildəki danışıqlar". 2018-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
  7. 1 2 "Araz ASLANLI. Qarabağ problemi: tarixi, mahiyyəti, həll prosesi. Bakı - 2009" (PDF). 2018-12-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
  8. Çiloğlu, Rusya Federasyonu'nda ve Transkafkasya'da Etnik Catışmalar, s. 152.
  9. ""Azərbaycan Respublıkasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının qanunu"". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]