BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi — 1993-cü il oktyabrın 14-də 822 (1993) və 853 (1993) saylı qətnamələrinin bir daha təsdiq edilməsi ilə Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərdə davam etməkdə olan münaqişə barədə ciddi narahatlığın ifadə olunduğu, Moskvada keçirilən görüşlərin sülhə töhfə verəcəyinə dair ümidlərin əks edildiyi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qurumun 3292-ci iclasında yekdilliklə qəbul edilmiş qərar. 874 saylı qətnamə BMT Təhlükəsizlik Şurası tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qətnamələrin üçüncüsüdür. Münaqişənin sülh yolu ilə həlli istiqamətində növbəti illərdə həm BMT-nin qurumları, həm də digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlarda və verilmiş bəyanatlarda BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnamələrinə istinad edilmiş və onların icrasının zəruriliyi qeyd olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası | |
874 saylı qətnamə | |
---|---|
Tarixi | 14 oktyabr 1993 |
Sessiya | № 3292 |
Kod | S/RES/874 |
Səsvermə |
|
Mövzu | Qarabağ münaqişəsi |
Nəticə | Qəbul edildi |
Təhlükəsizlik Şurasının tərkibi 1993-cü ildə | |
Daimi üzvlər | |
Qeyri-daimi üzvlər | |
Sənəd |
Qətnamədə işğal edilmiş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilsə də, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı digər qətnamələri kimi 874 saylı qətnamə də Ermənistan tərəfindən icra edilmədiyinə görə Azərbaycan torpaqları təxminən 30 il ərzində işğal altında qalmışdır.[1][2] Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ikili standartlar tətbiq etdiyini, bəzi ölkələrlə bağlı qərarların bir neçə gün ərzində həyata keçirildiyi halda Azərbaycana qarşı eyni münasibətin göstərilmədiyini dəfələrlə vurğulamışdır.[1]
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə 1993-cü ildə özünün ən sərt dövrünə qədəm qoyur. Münaqişə tərəfləri arasında zaman-zaman qısamüddətli danışıqlar aparılmasına baxmayaraq, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli və Qubadlı rayonları bir-birinin ardınca erməni silahlı qüvvələri tərəfindən işğal edilir.
28 sentyabr 1993-cü il tarixində ATƏM-in Minsk qrupunun Parisdə keçirilən iclasında "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" hazırlanır və tərəflərə təqdim edilir. Cədvəlin əleyhinə olan Azərbaycan sənədin BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə zidd olduğunu bildirir. Belə ki, qətnamədə işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılması qeyd edilsə də, cədvəldə həmin qüvvələrin çıxarılması üçün şərtlər müəyyən olunur və torpaqların necə boşaldılacağı göstərilmirdi.[3]
Dağlıq Qarabağ münaqişəsinin genişlənməsi və Azərbaycanın, eləcə də ATƏM-in Minsk qrupunun sədrinin BMT Təhlükəsizlik Şurasına 1 oktyabr tarixli müraciətini nəzərə alaraq, Təhlükəsizlik Şurası vəziyyəti qiymətləndirir və oktyabrın 14-də 874 saylı qətnamə qəbul edir. Azərbaycanın müraciətində Minsk qrupu tərəfindən hazırlanmış "Təxirəsalınmaz addımların yenilənmiş cədvəli" ilə Azərbaycanın razı olmadığı öz əksini tapmışdı. Qətnamədə isə bunun əksinə olaraq, cədvəl təqdir olunur və bu plan əsasında münaqişənin nizamlanmasının mümkünlüyü bildirilirdi.
Qətnamə 13 bənddən ibarətdir. I bənddə maraqlı tərəflər Rusiya Federasiyası hökumətinin vasitəsilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etməyə çağırılır. II–VI bəndlərdə ATƏM çərçivəsində sülh prosesinin həyata keçirilməsi və Minsk qrupunun yorulmaz səyləri tam dəstəklənir, "Təhlükəsizlik Şurasının 822 (1993) və 853 (1993) saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz addımların yenilənmiş cədvəli" alqışlanır və tərəflər bu cədvəli qəbul etməyə çağırılır. Sözügedən bəndlərdə həmçinin yaxınlarda işğal edilmiş ərazilərdən silahlı qüvvələrin çıxarılması, rabitə və nəqliyyatın bərpa olunması ilə bağlı məsələlər qeyd olunur.
VII bənddə Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərmək, konfrans açıldıqdan sonra danışıqların keçirilməsi üçün yardım etmək xahiş edilir. VIII bənddə ATƏM-in müşahidəçilik üzrə missiya yaratması dəstəklənir. IX bənddə bütün tərəflər beynəlxalq humanitar hüququ pozmaqdan çəkinməyə çağırılır və münaqişəyə məruz qalmış bütün rayonlarda humanitar yardımın göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsinə dair 822 (1993) və 853 (1993) saylı qətnamələrindəki çağırışlar təkrar edilir. X bənddə isə region dövlətlərinə təkidlə çağırış edilir ki, münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən və müdaxilədən çəkinsinlər.
XI-XII bəndlərdə Baş katibdən və müvafiq beynəlxalq qurumlardan zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərmələri, qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik etmələri xahiş olunur. Baş katibdən, ATƏM-in fəaliyyətdə olan sədrindən və ATƏM-in Minsk qrupunun sədrindən Minsk prosesinin gedişi, xüsusilə şuranın müvafiq qətnamələrinin həyata keçirilməsi və şuraya məruzələrin təqdim olunmasının davam etdirilməsi xahiş edilir. XIII bənddə məsələ ilə fəal məşğul olmaq qərara alınır.
Qətnamə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi çərçivəsini müəyyən edir. Burada beynəlxalq hüququn bir sıra prinsipləri qeyd olunur. Belə ki, Azərbaycanın suverenlik hüquqlarını və ərazi bütövlüyünü təhdid edən Dağlıq Qarabağ münaqişəsi çərçivəsində problemin sülh yolu ilə həllinə çağırışdan başqa, Azərbaycanın ərazi bütövlüyü bir daha təsdiq edilir; həmçinin, sərhədlərin toxunulmazlığı prinsipi ilə yanaşı, ərazi əldə etmək məqsədilə "güc tətbiqinin yolverilməzliyi" prinsipi də bir daha xatırladılır.[4] Belə ki, istənilən hərbi işğal müvəqqəti hesab olunur və işğal olunmuş ərazi üzərində suverenliyin verilməsinə səbəb ola bilməz.[5] Bu da onu göstərir ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağda hər hansı dövlət yaradıla bilməz.[6]
BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr problemin həlli üçün açar kimi istifadə oluna biləcək qətnamələr idi.[3] Digər üç qətnamədə olduğu kimi, bu sənəddə də Azərbaycan torpaqlarının işğalına dərhal son verilməli olduğu qərara alınıb və Dağlıq Qarabağ münaqişəsinin "regionda sülh və təhlükəsizliyə" təhlükə yaratdığı faktı Təhlükəsizlik Şurası tərəfindən etiraf edilib.[7]
Sənəddə Dağlıq Qarabağ regionunun Azərbaycan ərazisi olduğu təsdiq edilir. Qətnamə isə münaqişənin təkcə Dağlıq Qarabağda deyil, həm də onun ətrafında da davam etdiyini diqqətə çatdırır.
Vəziyyətin ciddiliyi nəhayət Təhlükəsizlik Şurasını vadar edir ki, bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə ilk dəfə olaraq rəsmi İrəvanın da münaqişədə iştirakçı olduğunu təsdiq etsin.[8] Belə ki, məhz Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında gərginliyin olmasının vurğulanması Ermənistanın işğal prosesində iştirak etdiyini sübut edir.[3]
Sənəddə zərər çəkmiş əhaliyə təcili humanitar yardım göstərilməsi və qaçqın və məcburi köçkünlərə təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtmaqda köməklik edilməsi kimi məsələlər də qeyd olunub. Həmçinin, tərəflər beynəlxalq humanitar hüququ pozmamağa çağırılır.
874 saylı qətnamənin də digər əlaqəli qətnamələr kimi zəif cəhətləri qismində bu sənədin çağırış xarakterli olması, mövcud vəziyyəti pisləməklə kifayətlənməsi göstərilir.
Abxaziya ilə əlaqədar BMT səviyyəsində qəbul edilmiş qətnamələrdə Abxaziyanın demoqrafik tərkibini dəyişdirmək cəhdləri, o cümlədən ərazini əvvəllər burada yaşamayan insanlarla məskunlaşdırmaq cəhdləri də pislənsə də, oxşar mövqe Dağlıq Qarabağla bağlı qəbul edilmiş qətnamələrdə qeyd olunmamış,[6] sadəcə məcburi köçkün faktı təsdiq edilmişdi.
Qətnamədə Azərbaycanın ərazilərinin işğal edilməsi qeyd edilsə də, yalnız erməni tərəfinin hərəkətlərinin pislənməsi ilə bağlı müddəaya rast gəlinmir: Təhlükəsizlik Şurası bu hissədə "maraqlı tərəflər" kimi məchul növdə ifadələrdən istifadə etməklə vəziyyətdən narahat olduğunu çatdırır. Bu da çox güman ki, Təhlükəsizlik Şurasında siyasi konsensusun (ing. consensus) olmamasından irəli gəlir. Halbuki, Abxaziya məsələsində eyni şura yalnız abxaz tərəfini hərəkətlərinə görə aşkar surətdə tənqid edir.[6] Buna görədir ki, 874 saylı qətnamədə yenə məchul növdə ifadə edilmiş "işğal edilmiş ərazilərdən qoşunların çıxarılması" qeydində məhz hansı qoşunların kim tərəfindən çıxarılmalı olduğu aydın əks olunmur. Hətta bununla bağlı aşkar surətdə məhz Ermənistan dövlətinə adi bir çağırış da edilmir. Bunun əksinə olaraq, xorvatlarla boşnaklar arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar sözügedən qətnamədən bir il əvvəl — 1992-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 752 saylı qətnaməsində münaqişədə işğalçı qüvvələri dəstəkləyən və bu mənada Ermənistanı xatırladan Xorvatiyanın üzərinə belə tələblər qoyulmuşdur.[6][9]
Sənəddə digər qətnamələrdə olduğu kimi işğalçı tərəfin kimliyi qeyri-müəyyən olaraq qalır və yalnız "işğalçı qüvvələr" ifadəsindən istifadə olunur. Təhlükəsizlik Şurası 874 saylı qətnamədə də region dövlətlərini sülh və təhlükəsizliyi pozan düşmənçilik hərəkətlərindən və hər cür müdaxilədən çəkinməyə təkidlə çağırmaqla kifayətlənir. Beləliklə, işğal prosesində həlledici rolu olan Ermənistan və Rusiyaya üstüörtülü çağırış edilir.[10]
Qətnamədə Azərbaycanın daha əvvəl işğal edilmiş ərazilərinin adları çəkilmir, əvəzində "bu yaxınlarda işğal edilmiş ərazilər" ifadəsindən istifadə olunur. Bəzi müəlliflərə görə, işğal olunmuş ərazilərdən hərbi qüvvələrinin çıxarılmasının dəqiq tarixinin qeyd olunmaması sənədin digər zəif cəhəti hesab edilir. Həmçinin işğal edilmiş ərazilərdən işğalçı qüvvələr çıxarılmadığı təqdirdə onların hansı cəza tədbirlərinə və ya sanksiyalara məruz qalacağı göstərilmir. Eləcə də, sənədin məzmunundan tam olaraq aydın deyil ki, Təhlükəsizlik Şurasının daimi üzvləri ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini dərhal tərk etmələrinin, yoxsa münaqişənin atəşkəs və danışıqlar yolu ilə həllinin daha çox tərəfdarıdırlar.[3]
Sənəddə əks olunmuş "ATƏM-in Minsk qrupuna kömək məqsədilə Rusiya Federasiyası hökumətinin yardımı ilə həyata keçirilən birbaşa əlaqələr nəticəsində əldə edilən atəşkəsi effektiv və daimi etmək" ilə bağlı qeyd sanki BMT-nin münaqişənin həllini Rusiyanın öhdəsinə qoyması kimi başa düşülür.[3]
Qətnamə Azərbaycan ərazilərinin işğalını təsdiq etsə də, münaqişənin həll edilməsi istiqamətində BMT tərəfindən əməli addımlar atılmamışdır. Azərbaycanın dəfələrlə etdiyi müraciətləri və Ermənistanın regionda sülhü ciddi şəkildə təhdid etdiyinə dair kifayət qədər sübutları nəzərə almayan Təhlükəsizlik Şurası heç bir məcburiyyət tədbiri görməyə ehtiyac duymamışdır.[11] Nəticədə, tərəflər arasında İkinci Qarabağ müharibəsinin baş verməsi qaçınılmaz olmuş və bunun ardınca 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanatla 30 ildən artıq davam edən Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına son qoyulmuş, sülh sazişinin imzalanması ilə bağlı tərəflər arasında görüşlər keçirilmişdir. Bununla da üçtərəfli bəyanat BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icrasını təmin etmişdir.[12]
Qətnamənin qəbul edilməsindən bir neçə gün sonra, oktyabrın 16-da Azərbaycanın xarici işlər naziri Həsən Həsənov Minsk qrupunun sədrinə məktub göndərərək ölkələri Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulmasının qarşısının alınması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün daha səmərəli səylər göstərməyə çağırdı.[13] Yaranmış vəziyyəti öyrənmək üçün ATƏM sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqlas[ing.] oktyabr ayının sonlarında regiona səfər etdi. Səfər çərçivəsində o, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə görüşərək atəşin dayandırılması və münaqişənin həlli yolları barədə müzakirələr apardı. Görüş başa çatdıqdan sonra keçirilən birgə mətbuat konfransında Heydər Əliyev ATƏM-in fəal köməyinə ümid etdiklərini bildirdi:
İndi respublikamızda böhranlı vəziyyət yaranmışdır. Mən bilmirəm, bu, sadəcə təsadüfdür, yoxsa sizin gəlişinizlə əlaqədar xüsusi olaraq yaradılmış şəraitdir, lakin hər bir halda, bizdən ötrü nə qədər böhranlı və faciəli olursa-olsun, indiki vəziyyət – real faktdır. Sizin Azərbaycan üçün məhz belə ağır dövrdə buraya səfərinizi respublikamızın bütün vətəndaşları diqqətlə izləyirlər. Buna görə də biz çox istəyirik ki, sizin buraya səfəriniz ATƏM-lə bağlı olduğumuz problemlərin həllində konkret əməli nəticələrlə başa çatsın...
Zəngilan rayonu mühasirədədir. Dünən çox çətinliklə nail olduq ki, bu rayon işğal edilməsin. Ermənistan işğalçı qoşunları artıq İranla sərhədə çıxmış, Azərbaycan–İran sərhədinin əksər hissəsinə nəzarət edirlər. Əslində münaqişə beynəlmiləlləşdirilmişdir. Bayaq dedim ki, on minlərlə adamımız İran ərazisindədir. Heydər Əliyev, 26 oktyabr 1993-cü il[14]
|
Növbəti gün Marqareta af Uqlas İrəvanda səfərdə oldu. Çağırışlara məhəl qoymayan Ermənistan silahlı qüvvələri isə Marqareta af Uqlasın səfəri zamanı oktyabrın 29-da Zəngilan rayonunu işğal etdi.
Sonrakı illərdə qətnamələrə zidd olaraq Dağlıq Qarabağda formalaşdırılan qondarma rejim BMT-nin üzvü olan heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmadı. 2015-ci ildə Çıraqov və başqaları Ermənistana qarşı işi üzrə AİHM belə qənaətə gəlmişdir ki, Ermənistan işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda "effektiv nəzarətə" malikdir.[15] Rejimin Ermənistanla çox sıx əlaqələrinin olması bölgənin de-fakto Ermənistana ilhaq edildiyini göstərir. Bu səbəbdən bəzi müəlliflər qondarma rejimi "de-fakto rejim"dən çox "peyk oyuncaq dövlət" və ya sadəcə Ermənistana ilhaq edilmiş ərazi kimi səciyyələndirmişlər.[16] Ermənistan isə münaqişə dövründə Dağlıq Qarabağa inzibati, iqtisadi və hərbi yardım göstərməklə başqa dövlətin ərazilərinin qanunsuz işğalı nəticəsində yaranmış vəziyyətin saxlanmasına dəstək vermiş, bununla beynəlxalq hüquqi öhdəliklərini pozmuşdur.[17]
para. 10