Susuzluq faciəsi — 4 iyun 2021-ci il tarixində, AzərbaycanınKəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur.[1] Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.[2][3] Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur.[4]
İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir.
Hadisənin baş verdiyi yerə yaxın olan Susuzluq kəndinin Azərbaycan xəritəsindəki yeri.
Kəlbəcər rayonu ərazisi 1993-cü ildə, Birinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayon ərazisində yaşayan 60,000 azərbaycanlı və kürd qaçqın düşmüş,[5] 150-dən çox azərbaycanlı girov götürülmüşdür.[6]
Azərbaycan Silahlı Qüvvələri 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonu ərazisində yerləşən strateji əhəmiyyətə sahib Murovdağ yüksəkliyini işğaldan azad etmişdir ki,[7][8] bu da Azərbaycanın 1992-ci ildən bəri əldə etdiyi ən böyük hərbi uğurlardan biri hesab edilmişdir.[9] Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində Qarabağda atəşkəsi təmin edən üçtərəfli bəyanatın bir hissəsi olaraq, Azərbaycanın nəzarətinə qaytarılmışdır.[10]
Qarabağ münaqişəsindən təsirlənən ərazilərin minalardan təmizlənməsi Azərbaycan ilə Ermənistan arasında İkinci Qarabağ müharibəsindən sonrakı əsas məsələlərdən biri olaraq qalır. Qarabağ dünyadakı ən çox minalanmış ərazilərdən biri olaraq qəbul edilir.[11] İkinci Qarabağ müharibəsi sona çatandan bəri Azərbaycanda hərbi və mülki şəxslərin minalara düşməsi haqqında dəfələrlə məlumat yayılmışdır. Rəsmi məlumatlara görə, üçtərəfli bəyanatın imzalanmasından bəri bu cür hadisələr nəticəsində Azərbaycan tərəfindən 120-dən çox insan həlak olmuş və ya yaralanmışdır.[12] Azərbaycan tərəfi Ermənistandan minaların xəritələrini tələb etmişdir,[13] lakin Ermənistan tərəfi bu tələbə müsbət cavab verməmişdir.[14][15] Azərbaycan Ermənistanın Qarabağdakı minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə iki dəfə şikayət təqdim etmişdir.[16] Azərbaycan tərəfi oxşar faciəvi hadisələrin baş vermə riskinin müvafiq sənədləşmələr olmadan hər zaman davam edəcəyini vurğulamışdır.[17] Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar ƏliyevBMT Təhlükəsizlik Şurasının iclasında qeyd etmişdir ki, münaqişə boyunca qəbiristanlıqlar, tarixi yerlər və digər mülki obyektlər daxil olmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin əksəriyyəti Ermənistan tərəfindən minalanmışdır.[18] Qarabağın minalardan təmizlənməsi prosesi təxmin edilir ki, daha 5–7 il davam edəcək.[19]
İnsidentdən əvvəl iki ölkə arasındakı sərhəd boyunca baş verən, Azərbaycan və Ermənistan əsgərlərinin iştirak etdiyi bir sıra hadisələr Ermənistandakı seçkilərdən əvvəl Rusiyanın vasitəçiliyi ilə atəşkəs üzərində təzyiq yaratmışdır.[20][21] May ayının axırlarında Azərbaycan Kəlbəcər ərazisini minalamağa çalışan 6 erməni hərbçisini saxlamışdır. Ermənistan rəhbərliyi qüvvələrinin yalnız öz ölkə ərazisindəki sərhəd bölgəsinin müdafiəsini gücləndirdiyini bildirmişdir.[22] Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan saxlanılan əsgərlərin mina basdırdığını təsdiqləmiş, lakin bunu Ermənistan ərazisində etdiklərini iddia etmişdir.[23]
Hadisənin baş verməsindən bir gün sonra avtomobilin tank əleyhinə minaya düşmə anı video kimi paylaşılmışdır. 2 dəqiqəlik videonun ilk 26-cı saniyəsində maşın minaya düşərək partlayır.[30]
Məhərrəm İbrahimov — Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri. O, 16 aprel 1982-ci il tarixində SSRİ respublikalarından olan Ermənistan SSR-nin Krasnoselo rayonununArdanış kəndində anadan olmuşdur. İbrahimov 1989-cu ildə Azərbaycan SSR-nin Binəqədi rayonuRəsulzadə qəsəbəsində 100 saylı orta məktəbin birinci sinfinə getmiş, 1999-cu ildə orta məktəbi bitirərək Ali İctimai-Siyasi Kollecin jurnalistika fakültəsinə daxil olmuş, 2003-cü ildə oradan məzun olmuşdur. O, 15 iyul 2004-cü il tarixinə qədər Azərbaycan Respublikası Daxili İşlər NazirliyininDaxili Qoşunlarında hərbi xidmətdə olmuşdur. Həmin ilin sentyabrında AZƏRTAC-da müxbir işləyən İbrahimov 2007-ci ildən orada aparıcı müxbir vəzifəsində çalışmışdır. O, İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgəsində yenilikləri işıqlandırırdı. İki övladı olan İbrahimov hadisə nəticəsində həlak olmuşdur.[36] Onun nəşi "Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya" Birliyinin Gəncə şəhər Şöbəsində müayinə edildikdən sonra Bakı şəhərinə aparılmışdır.[34] İbrahimov 5 iyunda Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilmişdir.[37]
Arif Ağalar oğlu Əliyev — Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini. 1983-cü ildə Susuzluq kəndində anadan olan Əliyev Birinci Qarabağ müharibəsi zamanı qaçqın düşmüş, Göygöl rayonununXasabağ kəndində məskunlaşmışdır. O, 2012-ci ildən bu vəzifədə çalışmışdır. Üç övladı olan Əliyev hadisə nəticəsində həlak olmuşdur. 5 iyun 2021-ci il tarixində onun nəşi Göygöl rayonundakı evinə aparılmış[38][39] və orada yerləşən Kəlbəcər Şəhidlər Xiyabanında dəfn edilmişdir.[40]Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Əliyev Arif Ağalar oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[41]
Emin Məmmədov — Azərbaycan Televiziyasının rejissoru. Hadisə nəticəsində yaralanmışdır.[42] AzTV-nin "Əsas məsələ" verilişinə bağlanan Emin Məmmədov vəziyyətinin stabil olduğunu bildirmişdir.[43] Səhərisi gün o xəstəxanadan evə buraxılmışdır.[44]
Şöhrət Cəfərov — Kəlbəcər Rayon İcra hakimiyyətinin Yanşaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşı. Əslən kəlbəcərli olan Cəfərov 13 yaşında evindən didərgin olmuşdur. Hadisə nəticəsində yaralanmışdır.[25]
Kamil Abdullayev — Susuzluq kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi. Hadisə nəticəsində yaralanmışdır.[45]
Yaralanan digər şəxsin adı açıqlanmamış, lakin avtobus sürücüsü olduğu bildirilmişdir.[46]
Mediada yayılan xəbərlərdən dərhal sonra Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəni təsdiqləmişdir. Onlar əlavə etmişdir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılmışdır.[47] Hadisə ilə bağlı hal-hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.[48]
Hadisədən sonra "Tigran Mets" xüsusi hərbi təlim mərkəzinin qurucu direktoru, Ermənistan Silahlı Qüvvələrinin podpolkovniki Koryun Qumaşyan erməni mediasına verdiyi bir müsahibədə Laçın və Kəlbəcər ərazilərində 17 yük maşını dolu mina yerləşdirdiyini demişdir. O, "Azərbaycandakı erməni əsirləri" qarşılığında Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməyə hazır olduğunu əlavə etmişdir.[49][50][51]Azərbaycan Müdafiə Nazirliyi 8 iyunda açıqlama yaymışdır ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu Laçın rayonu sahəsi mina yerləşdirmək üçün sərhədi keçərək ora daxil olmuş, nəticədə qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış, qrupun digər üzvləri isə geri çəkilərək ərazini tərk etmişdir.[52]Ermənistan Müdafiə Nazirliyi mina yerləşdirmək iddialarını təkzib etmiş, ələ keçirilən əsgərin sisli hava şəraitinə görə yolunu azdığını bildirmişdir.[53] Azərbaycan tərəfi növbəti gün Kartanyanı sərbəst buraxmışdır. Azərbaycan Müdafiə Nazirliyi ehtimal olunan təxribat cəhdinin təsdiqlənmədiyini və əsgərin duman içində yolunu azaraq təsadüfən sərhədi keçdiyini bildirmişdir.[54] 12 iyunda Azərbaycan tərəfi Ağdam rayonu ərazisində basdırılan 97 min tank əleyhinə və şəxsi heyət əleyhinə minaların yerini göstərən bir xəritə qarşılığında 15 erməni əsirini Ermənistan tərəfinə qaytarmışdır.[55][56] Ermənistan Baş naziri Nikol Paşinyan sonradan verilən xəritənin Ermənistanda olan "xəritələrin çox kiçik hissəsi" olduğunu bildirmişdir.[57]
Hadisə nəticəsində həlak olanların xatirəsi Azərbaycan Televiziyasının binasının yaxınlığında yad edilmişdir.[58] İbrahimov və Abışovun adları 9 iyunda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin ərazisində onların xatirəsinə yaradılmış memorial abidə kompleksinin anım lövhəsinə həkk olunmuşdur.[59] 7 avqustda şəhid jurnalistlər in ailə üzvləri Quba rayonunda Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan media nümayəndələrinin xatirəsinə salınan "Media şəhidləri" parkını ziyarət etmişdir.[60]
Hadisəni ilk təsdiqləyənlərdən olan AzTV sədri Rövşən Məmmədov öz "Facebook" səhifəsində hadisəni "erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi" adlandırmış, həlak olan hər iki jurnalistlərin ailəsinə başsağlığı vermişdir.[66] Azərbaycan Prezidenti İlham Əliyev zərərçəkənlərin ailəsinə başsağlığı vermiş,[67]Azərbaycan Respublikasının Birinci vitse-prezidentiMehriban Əliyeva hadisə səbəbilə dərin kədər hissi yaşadığını bildirmiş, "günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin" düşdüyünü qeyd etmişdir.[68] Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq təşkilatları həmrəyliyə və bu hadisəni pisləməyə çağırmış, jurnalistlərin "Ermənistan qoşunlarını Kəlbəcərdən çıxarkən qəsdən yerləşdirdiyi minanın qurbanı" olduğunu əlavə etmişdir.[69]
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaydığı bəyanatda hadisə nəticəsində 3 ailənin azyaşlı uşaqlarının yetim qaldığını qeyd etmiş, Ermənistan Silahlı Qüvvələrinin "amansız və aqressiv davranışlarının bu günə kimi hələ də davam etməsi, insanların həyat və sağlamlıqlarının ciddi təhlükə altında qalması, ümumilikdə insan hüquqlarına zidd" olduğunu əlavə etmişdir.[80]
Fransanın Azərbaycandakı səfiri Zakari Qros,[81] İtaliyanın Azərbaycandakı səfirliyi,[82] İsrailin Azərbaycandakı səfiri Corc Dik,[83] Rusiyanın Azərbaycandakı səfirliyi,[84] İranın Azərbaycandakı səfirliyi,[85] Gürcüstanın Azərbaycandakı səfirliyi,[86] Türkiyənin Azərbaycandakı səfirliyi[87] və Ukraynanın Azərbaycandakı səfirliyi[88] iki jurnalistin hadisə nəticəsində həlak olması ilə bağlı başsağlığı vermişdir. Türkiyənin "Haber Global" kanalı hadisəyə görə Ermənistanı qınamışdır.[89]
"Human Rights Watch" təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya hadisənin narahatedici olduğunu qeyd etmişdir, xüsusilə də minaların "yeni basdırıldığı və ya birbaşa mülki əhalini hədəf aldığı" halda.[90]Avropa Şurasının insan haqları üzrə komissarı Dunya Miyatoviç "münaqişənin təsirinə məruz qalmış ərazilərin minalardan təcili təmizlənməsinə ehtiyac" olduğunu bildirmişdir.[91]ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeiro hadisə ilə bağlı öz dərin narahatlığını bildirmişdir.[92]YUNESKO-nun baş direktoru Odri Azule Abışov və İbrahimovun ölümünü qınamış və əlavə etmişdir ki, "jurnalistlər şəxsi təhlükəsizliklərinə risk olmadan öz vəzifə borclarını yerinə yetirə bilməlidirlər".[93]Beynəlxalq Jurnalistlər Federasiyası baş katibi Entoni Bellancer və Avropa Jurnalistlər Federasiyası baş katibi Rikardo Quterres zərərçəkənlərə və ailələrinə başsağlığı vermiş, Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırmışdır.[94]Beynəlxalq Mətbuat İnstitutu iki jurnalistin ölümünə görə "ağır kədər hissi" yaşadıqlarını bildirmişdir.[95]Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnuzə Səid İbrahimov və Abışovun ölümünü "lüzumsuz bir faciə" adlandırmışdır. Səid erməni rəsmilərini "digər jurnalistlərin münaqişədə qurban olmamalarını təmin etmək üçün mina xəritələrini mətbuat mənsubları" paylaşmağa çağırmışdır.[96] Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Kampaniya hadisə haqqında öz "Tvitter" hesabında paylaşım etmiş,[97]Sərhədsiz reportyorlar isə hər iki ölkəni jurnalistləri qorumağa çağırmışdır.[98] Qlobal Jurnalistika Şurası hadisə ilə bağlı yayımladığı bəyanatda bunu "dünyadakı bütün jurnalistlərə qarşı terror" adlandırmışdır.[99] Rusiya Jurnalistlər İttifaqı iki jurnalistin həlak olması ilə əlaqədar başsağlığı vermişdir.[100]
Ukrayna Ali Radasının deputatları Lyudmila Marçenko və Marian Zablotskiy Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etmişdir.[101]Fransa senatoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Natali Qule İbrahimov və Abışovun ailələrinə başsağlığı vermiş, Ermənistandan mina xəritələrinin təhvil verilməsini tələb etmişdir.[102]
Fransa Milli Assambleyasının deputatı Frederik Düma Fransa və beynəlxalq ictimaiyyəti "Ermənistandan minaladığı ərazilərin xəritəsini verməyi tələb etməyə" çağırmışdır.[103]Moldovanın eyni zamanda parlamentinin Milli təhlükəsizlik və müdafiə komissiyasının rəhbəri Sergey Sırbu, parlamentdə Demokratik Fraksiyanın rəhbəri Dumtsi Diacov Ermənistandan mina xəritələrini tələb etmişdir.[104]Rusiya jurnalisti və hərbi eksperti, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sabiq sədri İqor Korotçenko da hadisəyə reaksiyasını göstərmiş və hər yerə, o cümlədən Avropa təşkilatlarına, beynəlxalq jurnalist strukturlarına müraciət edilməsinin vacib olduğunu bildirmişdir.[105]
9 iyunda BraziliyanınSan-Paulu şəhərində Ermənistanın bu şəhərdəki fəxri konsulluğu qarşısında etiraz aksiyası keçirilmişdir. Aksiyanın məqsədi Kəlbəcərdə baş vermiş hadisəyə diqqəti cəlb etmək olmuşdur.[106] Həmçinin, növbəti gün GürcüstanınMarneuli şəhərindəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Abışov və İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilmişdir.[107]
Ermənistan tərəfi hadisə haqqında heç bir fikir bildirməmişdir.[108]
↑Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. Nyu-York: Human Rights Watch. 1994. 14. ISBN1-56432-142-8. An estimated 60,000 individuals — equally divided among Kurds and Azeris — lived in Kelbajar province before the offensive." In the space of a week, 60,000 people were forced to flee their homes. Today all are displaced, and Kelbajar stands empty and looted.