Başlıbel qətliamı

Başlıbel faciəsi və ya Başlıbel qırğınıKəlbəcər rayonunun işğalı zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğın.[1][2]

Başlıbel faciəsi
Hücum yeri Başlıbel kəndi, Kəlbəcər rayonu
39°58′33″ şm. e. 46°07′48″ ş. u.HGYO
Hücum hədəfi azərbaycanlılar
Vaxt 2 aprelavqust 1993
Hücum üsulu kütləvi qətllər
Həlak olanlar 27
Təşkilatçılar Ermənistan Silahlı Qüvvələri
Girov sayı 19

1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olundu. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.[1][3] Həmin təbii mağaralar fərdi yaşayış evlərindən 3 km məsafədə yerləşirdi.[4]

Başlıbelə hücum

[redaktə | mənbəni redaktə et]

Amma onlar cəmi 18 gün gizli yaşaya bildilər. Aprelin 18-də erməni silahlı birləşmələri dinc sakinlərin sığındığı kahaların yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücuma keçdilər[5]. Həmin gecə kənddən bir qədər yuxarıda yerləşən “Portda” kahalarına sığınmış sakinlərin üzərinə amansız hücum zamanı dinc sakinlərdən 14 nəfər girov götürülüb, 18 nəfər qətlə yetirilib,[1] 1 nəfər itkin düşüb.[6] Sağ qalan 30 nəfər isə sığınacaq yerlərini kəndin ərazisindəki digər kahalara dəyişərək mühasirə həyatını davam etdirib. Onlar 113 gündən sonra – iyulun 17-də sığınacağı tərk edərək yalnız gecələr hərəkət etməklə gizli dağ yolları vasitəsilə Ermənistan ordusunun mühasirəsindən çıxa biliblər. 93 yaşlı Ələsgər Kazımov isə doğma kəndini tərk etməyərək sığınacaqda mühasirə həyatını davam etdirib.[2]

Şahid ifadələri

[redaktə | mənbəni redaktə et]

Başlıbel faciəsinin şahidlərindən olan İsmət Əzizov 113 günlük mühasirə həyatı barədə xatirələrini bölüşüb:[1]

" Aprelin 4-də saat 15-16 radələrində ermənilərin kəşfiyyat qrupu “UAZ” markalı maşınla Başlıbel kəndini yoxlayıb geri qayıtdılar. Ertəsi gün ermənilər daha böyük qüvvə ilə Başlıbelə soxulmuşdular. Turbinlə baxıb ermənilərin kəndə gələn maşınların bir-bir nəzərdən keçirirdik - 1 ədəd ZİL-131, 1 ədəd QAZ-66, 1 ədəd UAZ vardı. Kənddən tüstü qalxanda əmin olduq ki, evləri yandırırlar. Bir az yuxarı qalxanda gördük ki, kəndi tüstü bürüdü. Qərara gəldik ki, gedib camaatla məsləhətləşək, ermənilər kənddən çıxandan sonra axşam qaranlıq vaxtı hamımız “Portda” kahalarına yığışaq. Əslində hələ aprelin 3-də kənddə olarkən “Portda” kahalarına sığınmaq barədə qərar verilmişdi. Ağsaqqallar uzaq olduğuna görə “Nəbinin kahası”na getmək təşəbbüsümüzü bəyənməmişdilər, demişdilər ki, “Portda”ya getmək lazımdır. Aprelin 5-də silahlı erməni quldurları 3 maşınla kəndə daxil olarkən əvvəlcə Kamal Əzimovun evini qarət edib yandırdılar, bir qədər sonra Muxtarov Qocanın evinə od vurdular. Bundan sonra onlar evlərə girərək xalçaları yığışdırmağa başladılar. "

113 gün Başlıbel kəndində Ermənistan ordusunun mühasirəsində qalmış 62 nəfərdən ibarət dəstənin daha bir üzvü Elşad Əzizov isə deyib ki, aprelin 18-dən 19-na keçən gecə ermənilər kahalara sığınmış adamlardan 14 nəfəri girov aparmış, 18 nəfəri qətlə yetirmişdi:[1]

" Qəfil çovğun başlayandan sonra, gecə saat 1-in yarısında silahlı erməni quldurlarının əsas hissəsi “Portda” kahalarının ətrafından geri çəkilib kəndə tərəf qayıtmağa başladılar. Amma köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən doymamışdılar. Girov götürdüklərini qabaqlarına qatıb aparan quldur dəstələri həmin gecə Başlıbel kənd orta məktəbinin binasını yandırdılar. “Portda”da isə atışma davam edirdi. Hələ sağ qalanların kahalarda gizləndiyindən şübhələnən 4 quldur PK pulemyotu ilə atəş açaraq irəliləyirdi. Kahada sağ qalan əliyalın sakinləri qorumağa çalışan zərdablı Vüqar əsil qəhrəmanlıq göstərirdi. O, son nəfəsinə qədər döyüşərək ermənilərin kahada gizlənənlərin yerini müəyyənləşdirməyə imkan vermirdi. Bir an içərisində cəsarətlə kahanın ağzına çıxan Vüqar Abdullayev quldurların dördünü də yerə sərdi. Yenidən əvvəlki mövqeyinə doğru qaçarkən quldurlardan birinin atdığı qumbara onu kahanın 3-4 metrliyində haqladı. Vüqar da həmin gecə şəhid oldu. "

Qarabağ döyüşlərində tankçı olan Ağdam sakini Məzahir Abbasquliyev hadisəni belə xatırlayır:[7]

" İki ayağı olmayan, iki çəliklə yeriyən Hüseyn kişini Mədəniyyət evində yandırmışdılar. Körpə uşaqların və qadınların əzabları gözümüzün qarşısında olub. Görən olmasın deyıə, gecə yol gəlirdik. Körpülərin hamısında erməni postları olduğu üçün məcburən çaydan keçməli idik. 4-5 nəfər qol-qola tutaraq çaydan keçdik. Özümüzlə kəndir götürmüşdük. Hər iki tərəfdən ağaca bağladıq və qadınları, uşaqları çiynimizdə keçirdik. "

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2017-ci ilin aprelindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə layihəsinin icrasına başlanılmışdır.[2] Layihə çərçivəsində Azərbaycaningilis dillərində Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə kitabı nəşr edilmişdir. Kitabda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapmışdır. Nəşrdə Başlıbel kəndində törədilmiş qırğının canlı şahidlərinin fikirləri yer almış, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri qeyd edilmişdir.[2]

  1. 1 2 3 4 5 "Başlıbel faciəsindən 25 il ötdü - Şahidlər danışır...". 2018-04-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
  2. 1 2 3 4 ""Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə" kitabının təqdimatı keçirilmişdir". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-19.
  3. CBC TV. "Башлыбельская трагедия" (rus). Youtube.com. 18.04.2022. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
  4. Real TV. "Başlıbel qətliamından 31 il ötür" (az.). Youtube.com. 18.04.2024. 2024-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-18.
  5. Xəzər TV. ""Başlıbel" faciəsi"... O gün necə xatırlanır?" (rus). Youtube.com. 18.04.2023. 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  6. Məktəblilərə Başlıbel faciəsi haqqında məlumat verilib //Mədəniyyət.- 2023.- 22 sentyabr
  7. ATV. "Başlıbel kəndində ermənilərin törətdiyi qətliamdan 28 il ötür" (az.). Youtube.com. 18.04.2021. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]