Bir neçə şəhərdə aksiyaların keçirilməsinin qarşısı alınıb. Ondan artıq şəhərdə baş vermiş aksiyalara isə təhlükəsizlik qüvvələri müdaxilə edib, aksiyanı dağıdıb iştirakçılarını həbs ediblər. Aksiya iştirakçıları Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirərək, Ermənistana və İrana qarşı şüarlar səsləndiriblər. Saxlanılmış yüzlərlə vətəndaşın arasında qadınlar, qocalar və uşaqlar da olub. Onların bir çoxu həbs olunarkən zorakılıqla üzləşiblər. Bəziləri aksiyalar dağıdılan zaman, bəziləri isə həbsxanada işgəncələrə və döyülmələrə məruz qalıblar. Gözdən əlil olan Səccad Colani həbs olunarkən döyülüb və burnu qırılıb. Təbrizdə saxlanılmış Fatma İbrahimzadə 13 yaşlı qızı Kövsər Nemətinin gözləri qarşısında dindirilib və işgəncəyə məruz qalıb. Ərdəbildə həbs olunmuş 74 yaşlı Pərviz Siyabi həbsxanada döyülüb. Aksiya iştirakçılarının çoxuna şallaq cəzası da verilib. Hüquq müdafiəçiləri Jalə Təbrizli və Şahin Xiyavlıya görə məhkəmələrin bu cəzanı verməkdə məqsədləri milli fəalların şərəfini alçaltmaq olub.
Oktyabr ayında Amnesty International İranda müxtəlif şəhərlərdə azərbaycanlı milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib. Bir qrup cənubi azərbaycanlıfeminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayaraq, sülhün təmin edilməsi üçün BMT qərarlarının həyata keçirilməsini və işğala son verilməsini tələb ediblər. İranda yaşayan 100 azərbaycanlı kinematoqrafçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə Qarabağın azadlığına dəstək bəyanatı yayıblar. Güney Azərbaycan Şairlər və Yazıçılar Birliyinin təşkilatçılığı ilə İranda yaşayan 669 türk şair, yazıçı və alimlər Azərbaycanı dəstəkləyən bəyanat veriblər. Azərbaycan Tələbə Hərəkatı da Azərbaycana dəstək bəyanatı yayıb. Tələbə Hərəkatının bəyanatını Təbriz, Həmədan, Urmiya, Gilan, Zəncan, Ərdəbil və Tehran kimi şəhərlərdə yerləşən universitetlərdə fəaliyyət göstərən cənubi azərbaycanlılar tərəfindən yaradılmış müxtəlif tələbə təşkilatları, jurnalları və dərnəkləri imzalayıblar
2021-ci il oktyabr ayının 14-də Azərbaycan Respublikasında yaşayan hüquq müdafiəçiləri cənubi azərbaycanlı fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə, "Amnesty İnternational" təşkilatına və İrana müraciət ünvanlayıblar. Onlar aksiyalar zamanı milli fəallara təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranmalarını, onların həbs edilmələrinin insan hüquqlarının pozulması kimi pisləyərək ciddi narazılıqlarını bildirib, onların dərhal azadlığa buraxılmasını tələb ediblər.
Həm Birinci Qarabağ müharibəsi dövründə, həm də Qarabağ işğalda olduğu dövrdə illərlə İranın Ermənistana[1] eləcə də Qarabağdakı qondarma rejimə yardım etməsinə qarşı etiraz edilib.[2][3][4] Bu etirazlar müxtəlif vaxtlarda Azərbaycan vətəndaşları tərəfindən, dövlət səviyyəsində və ya dünya azərbaycanlıları eləcə də cənubi azərbaycanlılar tərəfindən edilib.[5] Bundan başqa Azərbaycanda müxtəlif vaxtlarda baş verən hadisələr cənubi azərbaycanlılar tərəfindən dəstəklənib. Çox vaxt bu dəstək aksiyaları dağıdılıb, orada iştirak edənlər isə ya həbs olunub işgəncələrə məruz qalıblar ya da təqib olunublar.[6][7]
Birinci Qarabağ müharibəsi dövründə Tehran Universitetinin türk tələbələri Ermənistana qarşı etiraz yürüşü keçiriblər. Onlar əvvəlcə universitetin həyətində toplaşıblar. Daha sonra isə universiteti tərk edərək Ermənistan səfirliyinin qarşısına qədər yürüş etmək istəyiblər. Universitet rəhbərliyi isə onları buraxmamaq üçün qapıları bağlatdırıb. Nəticədə tələbələr universitetin qapılarını qıraraq İnqilab küçəsi boyunca yürüş keçiriblər. Onlar üzərində "Azərbaycan tək deyilsən, biz də varıq" və "Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ" yazılmış plakatlar qaldırıblar. Daha sonra Ermənistan səfirliyinin qarşısına çatıb, burada onların işğalçı addımlarını pisləyib, buna etiraz ediblər.
Sonrakı illərdə də cənubi azərbaycanlıların yaşadıqları bölgələrdə daim Qarabağ mövzusu gündəmdə saxlanılıb. 2004-cü ilin iyun ayında Ermənistanın dövlət nümayəndələri iqtisadi əməkdaşlıq məqsədilə Ərdəbilə gəliblər.[8] Ermənistandan gələn heyətin tərkibində Qondarma Dağlıq Qarabağ Respublikasından da nümayəndələrin olması aşkar edildikdən sonra yerli əhali buna etiraz edib.[8] Bu nəticə vermədikdə isə onlar Ərdəbilin Sərçeşmə məscidində bəstə oturublar.[8] Məscidə hücum edən təhlükəsizlik qüvvələri bəstə oturan insanları döyərək həbs ediblər.[9] Milli mədəni fəal Abbas Lisanini döyərək, huşunu itirənə qədər ağzını adyalla örtüblər.[9][10][11] Bu döyülmə nəticəsində onun bir neçə qabırğası və burnu sınıb, ağ ciyəri və böyrəyi zədələnib.[10][11] Daha sonra həbs olunaraq 2 gün naməlum yerdə tək nəfərlik kamerada saxlanılıb.[12][13][14][15] Ərdəbil İnqilab Məhkəməsinin 7-ci şöbəsinə aparıldıqdan sonra daha 1 ay saxlanılması haqqında qərar verilib. Bundan sonra Lisani Ərdəbil həbsxanasında tək nəfərlik kamerada saxlanılıb.[9] Burada dəfələrlə tibbi yardım üçün müraciət etsə də, bunun üçün aclıq aksiyası keçirsə də onun istəyi təmin edilməyib.[9] 2004-cü il iyulun 22-də 200 milyon rial girov qoyulması müqabilində azadlığa buraxılıb.[10] Sonradan 800 min rial dəyərində cərimə olunub və "ictimai asayişi pozduğuna görə" 15 şallaq cəzasına məhkum edilib.[9][10][11][16]
2019-cu il fevralın 27-də Ermənistanın baş naziri Nikol PaşinyanTehranda Ararat idman kompleksində erməni icması ilə görüşüb.[17][18] Bu görüşündə o, üstündə "Qarabağ Ermənistandır və son" şüarı yazılmış banerlə şəkil çəkdirib.[19][20][21] Daha sonra həm Azərbaycan Respublikasında həm də cənubi azərbaycanlılar arasına buna qarşı etirazlar oldu.[22][23] 2019-cu il martın 1-də fəallar tərəfindən Tehranda yerləşən həmin kompleksin divarına "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" şüarı yazılıb.[24][23][25]
2019-cu il martın 1-də "Traktor" və "Sepahan" futbol klubları arasında Təbrizdə keçiriləcək qarşılaşmanı izləmək üçün gələn Ehsan İsmayıldoxt, Mehdi Həmzei və Babək Siyami adlı 3 Sulduz sakini həbs olunublar.[26][27] Buna səbəb onların Azərbaycana dəstək məqsədilə üzlərinə "Qarabağ" yazmaqları olub.[26][27] 1 ay 10 günlük həbsdən sonra azadlığa çıxan Ehsan İsmayıldoxt ölkəni tərk edib və daha sonra belindəki işgəncə izlərinin şəklini çəkərək paylaşıb.[23] Oyun davam etdiyi müddətdə stadionda olan azarkeşlər "Qarabağ bizimdir, bizim olacaq!" şüarını səsləndiriblər.[28][29][30] Bundan başqa üzərində ingiliscə "Qarabağ Azərbaycan torpağıdır",[31][32] "Qarabağ bizimdir, bizim olacaq!"[33] yazılmış 2 baner və Azərbaycan bayrağı qaldırıblar.[34][35][36][37] Oyun bitdikdən sonra banerləri və bayrağı qaldırmaqda təqsirləndirilən 29 nəfər cənubi azərbaycanlı stadiondan çıxarkən həbs olunublar.[30][35]
2019-cu il martın 2-də Ermənistanın Tehrandakı konsulluğunun binasının divarlarına güney azərbaycanlı fəallar tərəfindən üstündə "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" yazılmış vərəqlər yapışdırılıb.[38][39]
2019-cu il martın 9-da Urmiyada "90" futbol klubu ilə "Şahin" futbol klubları arasında baş tutmuş qarşılaşmada[40][41] eləcə də 2019-cu il martın 14-də və aprelin 5-də Təbrizdə baş tutmuş "Traktor" futbol klubunun oyunlarında azarkeşlər qadağalara və təqiblərə baxmayaraq "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarından istifadə ediblər.[42][43][44]
2020-ci il sentyabrın 3-də Tehranda İran kubokunun final oyunu keçirilib.[45] Təbrizin "Traktor" futbol klubu Tehranın "İstiqlal" futbol klubunu məğlub etdikdən sonra qələbəni qeyd edən azarkeşlər Tehran küçələrində "Qarabağ bizimdir, bizim olacaq" şüarını səsləndiriblər.[46]
2020-ci ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında olan Xankəndidə çəkilmiş video kadrlar Azərbaycanda etirazlara səbəb olub.[47] Bu görüntülərdə erməni fəallar İrana aid yanacaq daşıyan avtomobilləri videoya çəkərək onların Xankəndinə gəlməsinə etiraz ediblər.[48] Onlar bildiriblər ki qondarma rejim İrandan ucuz və keyfiyyətsiz yanacaq alır. Bundan sonra Azərbaycan İrandan rəsmi araşdırma tələb edib, İran isə bu iddiaları rədd edib.[49]
İkinci Qarabağ müharibəsi başladıqdan sonra sosial şəbəkələrdə cənubi azərbaycanlılar tərəfindən çəkilmiş video kadrlar və şəkillər yayılıb.[52][53][54] Bu kadrlarda Rusiyadan alınmış silah-sursat və hərbi texnikanın İran ərazisində yerləşən Nordüz sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana daşındığını göstərilib.[55] Bu isə cənubi azərbaycanlıların etirazlarına səbəb olub.[56] 29 sentyabrda İran Xarici İşlər Nazirliyi bu iddiaları rədd edib.[57] Daha sonra Azərbaycanda fəaliyyət göstərən KİV-lər hərbi texnikanın İran ərazisindən Ermənistana aparıldığını göstərən videogörüntüləri paylaşıblar.[58][59][60]Azərbaycanlı millət vəkili Sabir Rüstəmxanlıİranın müxtəlif ölkələrdən Ermənistana silah daşınması ilə məşğul olduğunu bildirib.[61]İran Prezidentinin İşlər İdarəsinin rəisi Mahmud Vaezi, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında iddiaları rədd edib və bu şayiələrin iki ölkə arasındaki münasibətləri pozmağa yönəldiyini bildirib.[62][63][64] Oktyabrın 5-də isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranda keçirilən mətbuat konfransında İranın öz sərhəddindən Ermənistana silah və hərbi maşınların keçirilməsinə yol vermədiyini qeyd edib.[65] Sonradan İran dövlətinə bağlı KİV-lər bu məsələ ilə bağlı ayrıca reportajlar hazırlayaraq kadrlarda əks olunan yük maşınlarının Ermənistan hökumətinin əvvəllər Rusiyadan aldığı Kamaz markalı yük maşınları olduğunu bildirdilər.[66][67][68][69] Halbuki kadrlarda göstərilən Kamaz markalı maşınların mülki yox hərbi təyinatlı maşın olduğu da göstərilib.[70] Reportajlarda həmin yük maşınlarının 670 ədəd olduğu qeyd olunub.[70][71][72][73]
2020-ci il 12 iyul tarixində başlamış Tovuz döyüşlərindən sonra İranda yaşayan azərbaycanlılarTəbriz, Urmiya, Ərdəbil, Zəncan, Sulduz və Tehran şəhərlərində Azərbaycana dəstək aksiyaları keçirilməsi haqqında çağırış etdilər.[74][75][76] Aksiya təyin olunduğu gündən əvvəl İran təhlükəsizlik qüvvələri bu şəhərlərdəki bəzi milli fəallara zəng edərək, bəzilərini isə çağıraraq hədələyib və mitinqdə iştirak etməkdən imtina etmələrini tələb edib.[77] Mitinqdə iştirak edən və öncədən müəyyən edilmiş məkanlarda toplaşan vətəndaşlar çox sərt reaksiyaya məruz qalaraq döyülüblər, yürüşə isə icazə verilməyib.[77][78] Buna baxmayaraq bir neçə şəhərdə aksiyalar baş tutub.[79]
16 iyulda Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında yerli əhali tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib.[77][80][81] Aksiya iştirakçıları Ermənistanın işğalçı siyasəti qınayıb, "Azərbaycan var olsun, istəməyən kor olsun!", "Qarabağ bizimdir, bizim olacaq!" şüarları səsləndiriblər.[82] Aksiyada saxlanılmış Həkimə Əhmədi[83], Yasəmən Zəfəri[84], Sədullah Sasaniyan,[85] Rəhim Sasaniyan və Mehdi Purəli 2021-ci ilin yanvar ayında Təbriz İkinci cəza Məhkəməsinin 112 saylı şöbəsi tərəfindən "ictimai asayişi pozmaq", "qanunsuz toplanışlarda iştirak edərək ictimai asayişi pozmaq" və " zabitlərə qarşı üsyan etmək" ittihamı ilə hər biri bir il həbs və 60 şallaq cəzasına məhkum ediliblər.[86]
16 iyulda Urmiyada Fərid Xorşidi polis idarəsinə çağırılıb. İlk gün buraxılsa da, bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən yenidən saxlanılıb və Urmiya Mərkəzi həbsxanasına aparılıb.[87] Salar Tahir Əfşar isə mitinq günü Urmiya təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb, ancaq polis idarəsinin təhlükəsizlik hissəsi tərəfindən saxlanılaraq həbs olunub.[87] 21 iyul tarixində isə onların hər biri 50 milyon tümənlik zəmanət qarşılığında məhkəmə olan günə qədər müvəqqəti olaraq sərbəst buraxılıblar.[80] Hər iki milli fəal "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "milli təhlükəsizliyi və ictimai asayişi pozmaq" ittihamları ilə təqsirləndiriliblər.[88] Avqust ayında milli fəal Fərid Xorşidi ona qarşı olan iddiaların sübuta yetirilməməsinə görə bəraət alıb.[89] Salar Tahir Əfşar 2021-ci ildə 3 illik həbsə məhkum edilib.[90]
16 iyulda Ermənistanın Tehrandakı səfirliyinin qarşısında keçirilmiş Azərbaycana dəstək aksiyasında Həmid Cabbarlı,[77] Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi həbs olunub Evin həbsxanasına aparılıblar.[80][91] İyulun 20-ə qədər onların harada saxlanılmaları haqqında yaxınlarına bir söz deyilməyib.[92] Hüseyn Şəhidi, Hadi Əlişi, Yaqub Məcidi iyulun 20-də[93] zəmanət qarşılığında buraxılsalar da Həmid Cabbarlını buraxmayıblar.[91] Həmid Cabbarlı həmin gün ailəsinə zəng edib Evin həbsxanasında olduğunu deyib.[92][94]Azərbaycan dilində danışdığı üçün ona həbsxana gözətçiləri tərəfindən farsca danışmalı olduğu deyilib və zəng kəsilib.[87][92][95] Daha sonra isə onu iki İŞİD üzvü ilə eyni kamerada saxlayıblar.[80][96] O, 7 gün saxlanıldıqdan sonra iyulun 27-də zəmanət qarşılığında məhkəmə olan günə qədər müvəqqəti azadlığa buraxılıb.[97]
II Qarabağ Müharibəsi başladıqdan sonra Təbrizdəki Azərbaycan konsulluğuna İranda yaşayan azərbaycanlılar müraciət ediblər.[98] Onlar bu müharibədə Azərbaycan tərəfindən könüllü olaraq döyüşmək istədiklərini bildiriblər.[98] Konsul Əliyənnağı Hüseynov isə onlara dəstəkləri üçün təşəkkür edib.[98]
İranda yaşayan azərbaycanlılar müxtəlif tarixlərdə bir neçə şəhərdə o cümlədən də paytaxt Tehranda[52]Azərbaycan Ordusuna dəstək aksiyaları və İranın Ermənistana etdiyi yardımlara qarşı etiraz aksiyaları keçiriblər.[99][100][101][102] Bir neçə şəhərdə Azərbaycan bayrağı qaldırılıb.[103] Aksiya iştirakçıları "Qarabağ bizimdir, bizim olacaq!",[104][105] "Erməniyə himayət cinayətdir, cinayət" şüarlarını səsləndiriblər.[52][99][106] Bundan başqa aksiya iştirakçıları Rusiyanın Ermənistana göndərdiyi hərbi yüklərin İran vasitəsilə Ermənistana çatdırılmasına qarşı çıxaraq, Nordüz sərhəd keçid məntəqəsinin bağlanmasını tələb ediblər.[107][108][109][110]Ərdəbil, Təbriz, Urmiya, Zəncan, Culfa, Ələmdar, Xiyav, Kəleybər, Makı, Marağa, Mərənd, Sulduz, Parsabad və Tehran şəhərlərində yüzlərlə azərbaycanlı aksiya iştirakçısı həbs edilib,[104][111][112][113] döyülüb və işgəncələrə məruz qalıblar.[114][115][116] Polis və təhlükəsizlik qüvvələri aksiyaya sərt müdaxilə ediblər, gözyaşardıcı qazdan, rezin güllələrdən və dəyənəkdən istifadə ediblər.[117] Saxlanılanların hamısı aksiyalarda tutulmayıblar.[117] Onlarla türk milli mədəni fəal ya aksiyalardan əvvəl[117] ya da aksiyalardan sonra evlərində və ya iş yerlərində həbs olunublar.[111][118]
2020-ci ilin oktyabr ayında bir qrup cənubi azərbaycanlı feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar.[119] Onlar bu bəyanatda müharibəni qınadıqlarını və sülhün təmin edilməsi üçün BMT qərarlarının həyata keçirilməsi ilə bərabər işğala son verilməsini tələb etdiklərini" ifadə ediblər.[120][121]
2020-ci il sentyabrın 29-da Ərdəbil şəhərinin Ciral parkında fəallar Azərbaycan Ordusuna dəstək[122] və İranın Ermənistana yardımlarına etiraz olaraq aksiya keçiriblər.[123][124][125] Onlar üzərində "Sizin zəfəriniz bizim zəfərimizdir, Azərbaycan əsgəri" yazılmış plakat qaldırıblar.[126] Aksiya iştirakçıları İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs ediliblər.[127][128][129] Döyüldükdən sonra onları bir otağa yığıblar. İçəri bibər qazı vurub onlara daha da çox əziyyət veriblər. Qazın təsirində bəzilərinin üzünün dərisi soyulub.[130] Həbs olunanlardan biri gözdən əlil olan Səccad Colani döyülüb və burnu qırılıb.[131][132][133]
İkinci Qarabağ müharibəsi başlayandan sonra böyük kütləyə xitab edən azərbaycanlı milli mədəni fəal və həmin dövrdə həbsdə olan vicdan məhbusu Abbas Lisaniyə yaxınları ilə görüşmək və telefonla danışmaq qadağan edilib.[134][135] Noyabr ayının 13-də bu qadağa yenidən qoyulub.[136][137] 2020-ci il noyabrın 20-də Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan Abbas Lisani ona qoyulmuş qadağalara etiraz olaraq, həbsxananın gözətçi zabitinin ofisində 5 saat müddətində oturaq etiraz aksiyası keçirib.[138][139] Tətbiq edilən bu qadağaların Ərdəbil vilayətinin kəşfiyyat idarəsinin rəisi, vilayət ədliyyəsinin baş direktoru Nasir Ətəbati və Ərdəbil prokuroru Seyid Əbdullah Təbatəbayinin təşəbbüsü ilə həyata keçirildiyi bildirilir.[140] Aksiyadan sonra Abbas Lisaniyə qohumları tərəfindən ziyarət edilməsinə icazə veriblər. Lakin telefonla danışmaq qadağasını aradan götürməyiblər.[138]
2020-ci il sentyabrın 30-da Ərdəbildə bir neçə milli fəal Şeyx Səfi türbəsinin qarşısında Azərbaycana dəstək məqsədilə bir pankartla şəkil çəkdiriblər.[141][142] Onların tutduqları pankartda latın əlifbası ilə "Bir millət sizin Arxanızdadır, Azərbaycan ordusu" yazılıb.[141][143][144] Bundan sonra 2020-ci il oktyabrın 1-də Meysəm Colani və Əli Xeyrcunun evinə polis və təhlükəsizlik qüvvələri tərəfindən basqın edilib və onlar həbs ediliblər.[145] Təhlükəsizlik qüvvələri Əli Xeyrcunun həyətin divarından aşaraq evinə basqın ediblər.[146] Daha sonra onu, ailə üzvlərini və onların həbsinə mane olmaq istəyən qonşularını döyərək təhqir ediblər.[147][148] Baş verən hadisə videoya çəkilib və bu görüntülər insanlar arasında etirazlara səbəb olub.[146] Daha sonra Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə yoldaşının vəziyyətini öyrənmək üçün Ərdəbil prokurorluğunun 10-cu şöbəsinə müraciət edib.[146] O, burada Nonəhal soyadlı hakim tərəfindən təhqir olunub və həbs edilib.[149][141][150] Bir gün nəzarətdə saxlanıldıqdan sonra isə azadlığa buraxılıb.[151][152] Ərdəbil təhlükəsizlik qüvvələri həmin gecə Mohsen İsmaili Əqdəm və Səməd Nəzminin evlərinə də basqın edərək onları həbs etməyə cəhd ediblər.[113] Amma fəalların qonşuları təhlükəsizlik qüvvələrinə müqavimət göstərdikləri üçün onları həbs etmək mümkün olmayıb.[113]
2020-ci il oktyabrın 3-də Amnesty International aksiyaların ilk günündə Ərdəbildə tutulan 20 türk fəal, o cümlədən Əsgər Əkbərzadə, Murtaza Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Meysəm Colani və Əli Xeyrcunun vəziyyəti ilə bağlı narahat olduğunu bildirib.[111][114][153][154][155] Ərdəbildə baş tutmuş aksiyada həbs edilən 74 yaşlı Pərviz Siyabi[156] oktyabr ayının 5-də girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb.[157] Azadlığa çıxdıqdan sonra o, döyüldüyünü göstərmək üçün bədəninin şəkillərini paylaşıb.[158] Şəkillərdə onun qolundakı qırıqlar, kürək və qollarındakı göyərən yerlər ağır şəkildə döyüldüyünü göstərir.[131][159]
2020-ci il dekabr ayında Ərdəbil İkinci Cinayət Məhkəməsinin 110 saylı şöbəsi, Meysəm Colani və Əli Xeyrcunu "Qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək" ittihamı ilə hər birini dörd ay həbs və 20 şallaq cəzasına məhkum edib.[141][160]
2021-ci il 9 oktyabr tarixində Ərdəbil şəhəri məhkəməsi tərəfindən bir neçə milli mədəni fəala hökm oxunub.[161] Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Möctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Sübhan Bəxşi, Mehdi Hüşmənd, Bəhmən Xeyircu və Səccad Colani İran İslam Respublikası Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən təqsirli bilinərək hər biri 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.[162][163]
Oktyabrın 1-də aksiyalardan ən genişmiqyaslısı Təbrizdə keçirildiyi üçün ən çox həbs olunan da Təbrizdə olub.[164] Aksiya iştirakçıları "Yaşasın Azərbaycan", "Qarabağ bizimdir, bizim olacaq", "Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq" şüarları səsləndiriblər.[165][166][167] Təbrizin Rastaküçə küçəsində isə bir qrup vətəndaş saxlanılan bəzi mitinq iştirakçılarını çevik polis qüvvələrinin əlindən alıblar.[164] Buna baxmayaraq iştirakçılardan çoxu döyülüb 40 nəfər isə həbs olunub.[113]
2020-ci ilin oktyabr ayında Təbrizdə milli fəallar oktyabrın 18-də "Qarabağa dəstək" mitinqi keçirəcəkləri haqda çağırış ediblər. Bundan sonra İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları bir çox fəala zəng edərək, onları həbs etməklə hədələyib, bir neçəsini isə ETTELAAT İdarəsinə çağırıblar.[168] Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədiya kimi fəalları 17 oktyabrda aksiya baş tutmamışdan qabaq həbs ediblər.[169] Bütün bunlara baxmayaraq oktyabrın 18-də Təbrizdə Azərbaycana dəstək aksiyası baş tutub.[170] Polisin sərt müdaxiləsinə baxmayaraq aksiya gecə saatlarına qədər davam edib. Aksiya iştirakçıları "Gəl qardaşım meydana, silah gedir İrəvana", "Qarabağ bizimdir, bizim olacaq", "Ermənistana himayət, cinayətdir, cinayət", "Təbriz, Bakı, Ankara, Salam olsun Turana!" kimi şüarlar səsləndiriblər.[168][171] Onlar həm də İran və Ermənistan arasındakı Nordüz sərhəd-keçid məntəqəsinin qapadılmasını tələb edərək "Nurdüz gərək bağlana" şüarından istifadə ediblər.[171][172] Aksiyada kişilərlə yanaşı bir neçə qadın da həbs edilib.[172] Onların bəziləri öz övladları ilə birlikdə saxlanılıblar.[173] Şima Əlmasi, Məhtab Əsgərinejad və qızı Aylin Şirzadi, Həbibə Bərqi, Mina Vəlipur, Sara Turi,[174] Fatimə İbrahimzadə və qızı Kövsər Neməti həbs olunanlar arasında olublar. 13 yaşlı qızı Kövsərlə birlikdə həbs olunmuş Fatimə İbrahimzadə 24 saat saxlanıldıqdan sonra azadlığa buraxılıb.[175]
Oktyabrın 17-də həbs olunan Əkbər Mühaciri, Rəsul Rəzəvi, Hüseyn Məhəmmədiyan həbslərinin qanunsuz olduğunu qeyd edərək aclıq aksiyası ediblər.[176]
Tutulanlardan biri olan Siyamək Kuşi müvəqqəti azadlığa buraxılıb.[177] O qeyd edib ki saxlanıldığı ETTELAAT bölməsinin təcridxanasında onları sorğu-sual edən müstəntiqlər məhbusları döyüb ailələrini təhqir ediblər.[178] Saxlanıldığı 2 gün ərzində onlara içməyə su verməyib, yemək istəyənləri də otaqdan çıxarıb döyüblər.[177][179] Təcridxanada həbs olunanlar arasında 30-dan çox kişi və 10-dan çox qadın görüb.[177][178]
Sentyabrın 30-da Zəncanda bir qrup azərbaycanlı gənc Olcaytu Xudabəndə türbəsinin yanında üzərində "Vətən xəritələrdəki sərhədlərin irəlisindədir" yazılmış plakat açıblar.[180][181] Oktyabrın 1-də Zəncanda yaşayan azərbaycanlılar Azərbaycana dəstək məqsədilə Səbze Meydana toplaşıblar.[113][182] Lakin aksiya başlamamışdan əvvəl həmin meydana təhlükəsizlik orqanlarının əməkdaşları gəliblər.[182] Azərbaycanın Qarabağdakı əməliyyatlarını dəstəkləyən plakat və pankartları qaldıran insanlar mülki geyimli polislər tərəfindən zorakılığa məruz qalıb döyülüblər. Təhlükəsizlik orqanları tərəfindən həbs olunan bir neçə aksiyaçı digər aksiya iştirakçılarının köməyi ilə azad olunublar. Aksiya dağıdıldıqdan 1 saat sonra təkrar başlayıb. İştirakçılar "Qarabağ bizimdi bizim olacaq" şüarı səsləndiriblər. Lakin aksiya təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə təkrar dağıdılıb və bir neçə nəfər o cümlədən Əkbər Qarabaği və Məcid Kərimi saxlanılıblar.[112][113][164]
Oktyabrın 1-də Urmiyanın İmam və Atayi küçələrində Azərbaycana dəstək mitinqləri təşkil edilib.[112] Huşəng Nağızadə, Əmir Gövhəri, Səhənd Behnəmun, Rza Xəlili, Cavad Rzayi, Əşkan Səadətmehr, Əbulfəzl Əsgəri həbs edilib.[164] Sonradan onların bir qismi müvəqqəti azadlığa buraxılıblar. Noyabrın 22-də Yunus Şirzad Cavan, Ramin Xuda Bəxş, Salar Tahir Əfşar, Səhənd Behnamun, Hüsniyə İntixabi Hənsənluyi, Ramin Dehqan, Erfan Mehdi Xanlı Saatlu, Əmir İzzəti Heydərlu, Fərhad Məhəmmədi, Cavad Rizayi və digər fəallar Urmiya Ümumi və İnqilab Prokurorluğunun 8-ci şöbəsinə çağırılıblar.[183][184]
Salar Tahir Afşar 2020-ci ildə Urmiyada həbs edilib. "sistemə qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamları ilə mühakimə edilərək 4 il həbs cəzasına məhkum edilib.[185][186] Daha sonra Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi tərəfindən onun cəzası 1 ilə endirilib. 2021-ci ilin iyunun 19-da elektronik qandalla həbsxanadan buraxılıb.[187]
2020-ci il oktyabrın 18-də Xudafərin qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən tərəfindən azad edildikdə[188]Araz çayının cənub tayında yaşayan azərbaycanlılarının çayın Azərbaycan Respublikasına məxsus sahillərinə daxil olan Azərbaycan əsgərlərini alqışladıqlarını göstərən videolar yayılıb.[189][190][191] Ora toplaşan insanlar əsgərləri alqışlayıb "Azərbaycan bir olsun istəməyən kor olsun", "Yaşasın Azərbaycan" şüarlarını səsləndiriblər.[192][193][194][195] Sonrakı günlərdə insanlara çayın qırağına getməyə icazə verməyiblər.[196]
Azərbaycan İranla həmsərhəd bölgələrini işğalçılardan təmizlədikdən sonra İran Xudafərin şəhristanına "İmam Zaman" mexaniki briqadasını yerləşdirilib.[197][198][199][200] Daha sonra 24 oktyabrda bölgəni ziyarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur birqadanın burada Xudafərin şəhristanının sakinlərini və sərhədləri qorumaq üçün yerləşdirildiyini deyib.[201][202][203][204][205] Lakin ordunun müharibə dövründə Azərbaycanla sərhəddə təlimlər keçməsi və buraya yerləşdirilməsi yerli sakinlər tərəfindən etirazla qarşılanıb.[206]
Qaradağda yaşayan milli fəal Vüqar Nemət Azadlıq Radiosunun Azərbaycan xidmətinə müsahibə verdikdən sonra oktyabrın 30-da Kəleybər şəhərinin ETTELAAT qüvvələri tərəfindən həbs edilib.[207] Bu müsahibəsində o, Araz çayının cənubunda xalqın sevinclə döyüşləri və Azərbaycan ordusunun irəliləyişini izlədiyini deyib.[208] O, bundan əvvəl də oktyabrın 1-də Kəleybər şəhərinin ETTELAAT İdarəsinə çağırılıb bir neçə saat sorğu sual edilmişdi.[209]
Sentyabrın 27-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan ordusunun işğal olunmuş ərazilərini antiterror əməliyyatı ilə azad etməsini düzgün və beynəlxalq hüququn normalarına uyğun addım kimi dəstəklədiklərini və bu işdə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun yanında olduqlarını bəyan ediblər.[210]
Sentyabrın 30-da Təbriz, Urmiya, Ərdəbil, Zəncan kimi şəhərlərdə Azərbaycana dəstək məqsədilə divarlara dəstək şüarları yazılıb. Onlar əsasən "Qarabağ bizimdir bizim qalacaq", "Ya Qarabağ ya ölüm", "Azərbaycan milləti çəkəməz bu zilləti" şüarlarından istifadə ediblər.[211]
Oktyabrın 1-də Tehranda İmam Hüseyn meydanı və 17 Şəhrivər küçəsində Azərbaycana dəstək aksiyası başlayıb.[113] Aksiya iştirakçıları Azərbaycan bayrağı qaldırıb, "Ermənistana dəstək cinayətdir", "Norduz bağlanmalıdır", "Yaşasın Azərbaycan", "Qarabağ can Qarabağ mən sənə qurban Qarabağ" və "Qarabağ bizimdir, bizim olacaq", şüarları səsləndiriblər.[113][164][212]
Sulduzda insanlar Azərbaycana dəstək aksiyası keçirmək üçün bələdiyyəyə müraciət etsələr belə yox cavabı alıblar. Aksiyanın təyin olunduğu gündən bir gün qabaq isə bir neçə milli fəal saxlanılıblar. Xiyav və Muğan bölgələrində keçirilmiş dəstək aksiyalarında Vəhid Xavəndi, Siyamək Seyfi, Kazım Səfabəxş, Mehdi İbadullahi, Şəhruz Himmətoğlu və Peyman Ağayi saxlanılıblar.[112][113][164]
Oktyabrın 1-də İranda yaşayan 100 azərbaycanlı kinematoqrafçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə Qarabağın azadlığına dəstək bəyanatı yayıblar.[213][214]
Oktyabrın 1-də qaşqay türklərinin milli-mədəni, siyasi və ictimai fəalları Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə yanaşı, işğal altında olan digər rayonlarını Ermənistan işğalından azad etmək üçün hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusuna dəstək verən birgə bəyanat yayıblar.[215] Onlar bu bəyanatda Azərbaycan torpağının işğaldan azad olunması uğrunda döyüşməyə hazır olduqlarını da bildiriblər.[215]
Oktyabrın 1-də İranda yaşayan Azərbaycan türkləri tərəfindən Azərbaycan Respublikası və ordusuna dəstək eləcə də İran hökumətinə etiraz məqsədilə "Biz Azərbaycanın özüyük!" adlı kampaniyaya start veriblər.[216][217][218] Kampaniyaya qatılanlar üzərində "Biz Azərbaycanının yandaşı deyilik, Biz Azərbaycanın özüyük" cümləsi yazılmış plakatları əllərində tutaraq öz fotolarını çəkdirib sosial şəbəkələrdə paylaşıblar.[219][220][221]
Oktyabrın 3-də Güney Azərbaycan Şairlər və Yazıçılar Birliyinin təşkilatçılığı ilə İranda yaşayan 669 türk şair, yazıçı və alimlər Azərbaycanı dəstəkləyən bəyanat veriblər.[220][222]
Oktyabrın 4-də Culfa şəhərində Səid Sultani və Babək Kiyumərsi həbs olunublar.[131][223] Onlar 2 aydan çox TəbrizdəETTELAAT təcridxanasında daha sonra isə Təbriz həbsxanasında saxlanılıblar.[223] Hər ikisi 2021-ci ilin dekabr ayında Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən İran Cinayət Məcəlləsinin 499-cu maddəsinə görə, "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qruplara üzv olmaq" ittihamı ilə 2 il həbs cəzasına məhkum olunublar.[224][225]
Oktyabr ayında Nadarlı qəsəbəsində Aydın Hilali öz dükanının üzərinə "Qarabağ bizimdir, bizim olacaq!" şüarı yazılmış plakat asıb.[226][227] Bundan sonra onun dükanı İran polisinin ümumi məkanlara nəzarət bölməsi tərəfindən bağlanıb.[228][131] Murtuz Nurməhəmmədi və Hüseyn Əmani isə həmin plakatla əlaqədar İran polisinin kəşfiyyat şöbəsinə çağırılıblar.[226]
Oktyabr ayının 6-da Cənubi Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Tələbə Hərəkatı Azərbaycana dəstək bəyanatı yayıb. Tələbə Hərəkatının bəyanatını Təbriz, Həmədan, Urmiya, Rəşt, Zəncan, Ərdəbil və Tehran kimi şəhərlərdə yerləşən universitetlərdə fəaliyyət göstərən müxtəlif tələbə təşkilatları, jurnalları və dərnəkləri imzalayıblar.[229]
İlk etiraz aksiyaları baş tutduqdan sonra fəallar, oktyabrın 18-də baş tutacaq "Erməni terrorçularına dəstəyi dayandırın!" adlı aksiyaya çağırış verilib.[230] Bu çağırışda aksiyanın baş tutacağı yerlər və saatlar qeyd olunub. Təşkilatçılar yaydıqları posterdə tələb kimi Nordüz sərhəd keçid məntəqəsinin bağlanmasını və İranın Ermənistana dəstəyini dayandırmasını qeyd ediblər.[230] Nəticədə oktyabrın 18-də Təbriz, Urmiya, Zəncan, Ərdəbil və Tehran kimi şəhərlərdə etiraz aksiyası baş tutub.
Oktyabrın 18-də Rəşt şəhərində Gilan əyalətinin İslami Mədəniyyəti və İrşad İdarəsinin qarşısında şəhərin azərbaycanlı əhalisi tərəfindən Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.[231] Aksiya iştirakçıları üzərində "Biz Azərbaycanın tərəfdarı deyilik, biz Azərbaycanlıyıq" yazılmış plakat qaldırıblar.[231] Bundan sonra Vədud Əsədi, Məhəmməd Eyni, İbrahim Gənci həbs olunublar.[232] Məhəmməd Eyni "sistemə qarşı təbliğat fəaliyyəti aparmaq", "milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək" ittihamları ilə mühakimə edilərək, ümumilikdə 2 il 7 ay həbs cəzasına məhkum olunub. Rəşt həbsxanasında cəzasının 8 ayını çəkdikdən sonra avqustun 14-də elektron qandalla həbsdən azad edilib. 2023-cü ilin fevral ayında elektron qandalı açılıraq, sərbəst buraxılıb.[233]
2020-ci ilin avqust ayında ABŞ-dəki azərbaycanlı diaspora üzvləri Vaşinqtondaİran İslam Respublikasının maraqlarını təmsil edən ofis binasının qarşısında etiraz aksiyası keçiriblər.[234] Onlar bəyanat yayaraq İranda hökumət tərəfindən azərbaycanlıların hüququnu müdafiə edən milli fəallara qarşı artan təzyiqləri pisləyiblər. Bundan başqa milli fəallar Dr. Lətif Həsənli, Abbas Lisani, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlının və 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasına dəstək üçün müxtəlif şəhərlərdə baş tutmuş mitinqlərdə iştirak edib tutulan Yasəmən Zəfəri, Həkimə Əhmədi, Sədullah və Rəhim Sasaniyan, Həmid Cabbarlı, Məqsud Fəzli və digərlərinin sərbəst buraxılmasını tələb ediblər.[234]
2020-ci il oktyabrın 26-da Qarabağa dəstək mitinqlərində insanların həbs olunmalarına qarşı Ərdəbildə küçədə divarlara şüarlar yazılıb. Divarlarda "Azərbaycanlı sənətçilər və siyasi fəalları azad buraxın", "Qarabağa dəstək olan fəalları azad buraxın" kimi şüarlar yazılıb.[235]
2021-ci il oktyabr ayının 14-də Azərbaycan Respublikasında yaşayan hüquq müdafiəçiləri cənubi azərbaycanlı fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə, "Amnesty İnternational" təşkilatına və İrana müraciət ünvanlayıblar.[161][236] Onlar fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranmalarını, onların həbs edilmələrinin insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılıqlarını bildirib, onların dərhal azadlığa buraxılmasını tələb ediblər.[161][237]
Müharibə bitdikdən sonra İranda yaşayan azərbaycanlılar müxtəlif şəhərlərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibətilə qələbə yürüşləri keçirib, şirniyyatlar paylayıb, qurbanlar kəsiblər.[238] Bu tədbirlərin bəziləri musiqi və rəqslərlə müşayiət olunub. Lakin İran təhlükəsizlik qüvvələri insanların bu tədbirlərinə mane olub, bəzilərini həbs edib, bəzilərini isə həbs etməklə təhdid ediblər. Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərin mərkəzi meydanlarına giriş məhdudlaşdırıblar. Şəhər mərkəzlərinə xüsusi təyinatlı polislər cəmləşdiriliblər.[239]Şuşanın azad olunması xəbərindən sonra Urmiyanın mərkəzi küçələri olan Xəyyam və İmam küçələrində insanlara şirniyyat paylanıb. Dükanların qarşısında üzərində şirniyyatlar və içkilər olan masalar qoyulub. Axşam saatlarında Urmiyada yerləşən "Parke-cəngəli" parkında, Qoşaçayda və bir neçə şəhərdə Azərbaycanın qələbəsi münasibətilə fişənglər atılıb.[238] Makı şəhərində qələbəni qeyd edən azərbaycanlılar şəhərin küçələrində avtoyürüş ediblər.[238] 2020-ci ildə Sərab şəhərində Qarabağın azad olunmasını qeyd etmək üçün qurban kəsdiklərinə görə Firuz Əqili, Babək Delxuni həbs edilərək naməlum yerə aparılıblar.[240][241] Makı sakini Əli Hüseynnəjad Əsli yaşadığı şəhərdə Şuşanın azad olunması münasibətilə insanlara şirniyyat paylayıb. Noyabrın 12-də ETTELAAT məmurları onun geyim satışı mağazasına hücum edərək onu həbs ediblər.[242]
2020-ci ilin noyabr ayında Abbas Lisaninin oğlu Oqtay Lisani 9 noyabrda Şuşanın azad edilməsi münasibətilə şirniyyat payladığı üçün Ərdəbil İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsi tərəfindən "ictimai fikri narahat etməkdə" ittiham edilib və ona Ərdəbil bazarında işini davam etməsi qadağan olunub.[243]
Tikantəpə şəhərində azərbaycanlıların bayram tədbirinə İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsinin nəzarətçiləri tərəfindən hücum edilib və 16 yaşlı Əmir Riza Moradi Pəhləvan, 16 yaşlı Hüseyin Sadri və 15 yaşlı Əli Sədri adlı 3 yeniyetmə həbs olunublar. Daha sonra təhlükəsizlik qüvvələri tədbirdə iştirak edən Məcid Zahedpur, Saeb Nəhavəndi Tikantəpə və Abdullah Qulami adlı üç milli mədəni fəalı da həbs ediblər. Buna səbəb onların Azərbaycanın müharibədə qələbə qazanması ilə bağlı fişəng atmaları və milli şüarlar səsləndirmələri olub.[244] Həbs olunanlar bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıblar. Onları Qarabağın azadlığını qeyd etmələri ilə bağlı çəkdikləri videoçarxı yenidən paylaşacaqları təqdirdə, həbs olunacaqları ilə bağlı hədələyiblər.[243][244]
Jurnalist Pərviz Yari aksiyalar dövründə və ondan sonrakı 1 il ərzində 242 türk fəalın həbs olunduğunu qeyd edib.[245] Bundan başqa həbs olunanlar arasında 24 qadın da olub.[245] Bəzi qadınlar uşaqları ilə birlikdə saxlanılıblar. Təbrizdə saxlanılmış Fatma İbrahimzadə 13 yaşlı qızı Kövsər Nemətinin gözləri qarşısında dindirilib və işgəncəyə məruz qalıb.[245]
Aksiya iştirakçılarının çoxuna şallaq cəzası da verilib. Hüquq müdafiəçiləri Jalə Təbrizli və Şahin Xiyavlıya görə məhkəmələrin bu cəzanı verməkdə məqsədləri milli fəalların şərəfini alçaltmaqdır.[236][246]