Muəmmər Qəzzafi

Muəmmər Qəddafi və ya Müəmmər əl-Qəddafiaudio ərəb. معمر القذافي[muˈʕamːar alqaðˈðaːfiː]; 1942, Qəsr Əbu-Hadi[d], İtaliya Liviyası[d]20 oktyabr 2011[2][3][…], Sirt[4][5][…]) — Liviya dövlət və hərbi xadimi. İnqilab lideri və faktiki olaraq Liviyanın dövlət başçısı (1969–2011), Ümumi Xalq Konqresinin Baş katibi (1977–1979), Liviya İnqilabi Komandanlıq Şurasının Sədri (1969–1977), Liviyanın Baş naziri və Müdafiə naziri (1970–1972).

Muəmmər Qəddafi
ərəb. معمر القذافي
Liviya İnqilabının Lideri
1 sentyabr 1969 – 23 avqust 2011
Əvvəlkiyox
Sonrakıyox
Ümumi Xalq Konqresinin Baş katibi
2 mart 1977 – 2 mart 1979
ƏvvəlkiVəzifə təsis olunub
SonrakıƏbdul Ati əl-Obeydi
Liviya İnqilabi Komandanlıq Şurasının 2-ci Sədri
8 sentyabr 1969 – 2 mart 1977
ƏvvəlkiI İdris
SonrakıVəzifə ləğv edilib
Liviyanın 13-cü Baş naziri
16 yanvar 1970 – 16 iyul 1972
ƏvvəlkiMahmud Süleyman əl-Məqribi
SonrakıƏbdül Salam Cəllud
Şəxsi məlumatlar
Doğum adı معمر محمد أبو منيار القذافي
Doğum tarixi
Doğum yeri Sirt, İtaliya Liviyası
Vəfat tarixi (69 yaşında)
Vəfat yeri Sirt, Liviya
Vəfat səbəbi güllə yarası[d][1]
Dəfn yeri
Fəaliyyəti siyasətçi, yazıçı, zabit
Atası Məhəmməd əbu Mənyar
Anası Ayşə bin Niran
Həyat yoldaşları 1) Fəthiyə Nuri Xalid
2) Səfiyə Farkaş
Uşaqları 1-ci evliliyindən
oğlu: Məhəmməd
2-ci evliliyindən
oğlanları: Seyf əl-İslam, Sədi, Mötəsim Billah, Hannibal, Seyf əl-ƏrəbXamis
qızı: Aişə
Dini Quranilik, sünni islam
Hərbi xidmət
Mənsubiyyəti Liviya Ərəb Respublikası[d], Cəmahiriyyə[d]
Döyüşlər
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1969-cu ildə monarxiya quruluşunu devirərək "Üçüncü dünya nəzəriyyəsini" (Cəmahiriyyə) irəli sürmüş və fikirlərini üç hissədən ibarət "Yaşıl kitab"da ifadə etmişdir. Onun hakimiyyəti dövründə Liviya bir neçə hərbi münaqişəyə cəlb olunmuşdur. 1977-ci ildə Misirlə sərhəd müharibəsi, 1980-ci illərdə Çadda hərbi münaqişə, həmçinin bir sıra terror təşkilatlarına, inqilabçılara və milli azadlıq hərəkatlarına dəstək verməsi səbəbindən 1986-cı ildə ABŞ tərəfindən ölkənin bombalanması və 1990-cı illərdə Liviyanın atom proqramı ilə əlaqədar yeridilən sanksiyalar Qəddafinin hakimiyyət illərinə təsadüf edir.

1965-ci ildə Muəmmər Qəddafi leytenant rütbəsində Benqazidəki hərbi kolleci bitirdi və 1966-cı ildə hazırlıq səviyyəsinin artırılması üçün Böyük Britaniyaya göndərildi. Burada olduğu dövrdə kapitan rütbəsi aldı. 1967-ci ildəki Altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurluq qazanmışdı.

Əl-Fateh İnqilabı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Liviya inqilabı (1969)

Zabitlərin dövlət çevrilişi planı olan "Əl-Qüds" planının icrası 1969-cu ilin yanvarında hazır olsa da, 3 dəfə — 12 və 24 mart, habelə 13 avqust tarixlərində təxirə salınmışdı.

Nəhayət, kral I İdrisin Türkiyədə müalicədə olmasından istifadə edərək, 1 sentyabr 1969-cu il tarixində "Azad vahid-sosialist zabitlər təşkilatı" üzvlərinin tabeliyində olan hərbi birləşmələr çevrilişə hazırlıq dövründə yaradılmış və kapitan Qəzzafinin başçılıq etdiyi 12 zabitdən ibarət İnqilabi Komandanlıq Şurasının rəhbərliyi altında Benqazi, Tripoli və ölkənin digər şəhərlərində hərəkətə keçdilər. Onlar qısa müddət ərzində əsas hərbi və dövlət obyektləri üzərində nəzarəti ələ keçirdilər, ölkədəki Amerika hərbi bazalarına gedən yolları bağladılar və gecə saat 02:30-da başlayan əməliyyat cəmi 2 saat ərzində uğurla başa çatdırıldı. Gecə saat 04:00-da radiostansiya ələ keçirildi və buradan məşhur "1 №-li Kommünike" efirdə səsləndirildi.

Verilən ilk qərarlardan birinə görə monarxiya ləğv edildi, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edildi və ölkə Liviya Ərəb Respublikası adlandırıldı.

Xarici siyasəti

[redaktə | mənbəni redaktə et]
Müəmmər Qəddafi və Camal Əbdül Nasir (1969)

Hakimiyyəti ələ keçirdikdən dərhal sonra panərəbizm ideyaları ilə hərəkət edən Müəmmər Qəzzafi Liviyanı qonşu ərəb ölkələri ilə birləşdirmək istiqamətində fəaliyyətə başladı. 27 dekabr 1969-cu ildə Tripolidə Qəzzafi, Misir prezidenti Camal Əbdül NasirSudanın baş naziri Cəfər Nimeyrinin iştirakı ilə görüş keçirildi və onun nəticələrinə görə bu 3 dövlətin birləşməsi ideyasını özündə əks etdirən "Tripoli xartiyası" imzalandı. Sonradan Suriya da bu birləşmiş dövlətdə yer almaq istəyini bildirdi. Sudan isə əksinə sonrakı dövrdə qoşulacağını elan etdi. 17 aprel 1971-ci ildə Benqazidə Misir, Suriya və Liviya rəhbərlərinin iştirakı ilə Ərəb Respublikaları Federasiyasının yaradılmasına dair müqavilə imzalandı, lakin onun yaradılması haqqında yalnız 2 avqust 1971-ci ildə elan edildi. Növbəti il müqavilə hər üç ölkədə referendumla qəbul edildi, vahid dövlətin bayrağı və gerbi təsdiq edildi, lakin rəhbərlər arasındakı fikir ayrılıqları səbəbindən 11 noyabr 1977-ci ildə Ərəb Respublikaları Federasiyası ləğv edildi. 1970-ci ildə Qəzzafi Tunis prezidenti Həbib Burgibaya iki ölkəni birləşdirməyi təklif etsə də o bundan imtina etmişdi.

11 iyun 1972-ci ildə Qəzzafi müsəlmanları ABŞBöyük Britaniya ilə mübarizəyə çağırdı, həmçinin ABŞ-dəki qaradərili inqilabçıları, İrlandiya inqilabçılarını və Fələstinin azadlığı uğrunda döyüşmək istəyənləri dəstəklədiyini bildirdi. 2 avqustda Benqazidə Misir prezidenti Ənvər Sadatla keçirilən görüşdə iki ölkənin mərhələli birləşmə planı qəbul edildi və son tarix kimi 1 sentyabr 1973-cü il müəyyənləşdirildi. Qəzzafi bu ideyanı gerçəkləşdirmək üçün Misir hakimiyyətinə təzyiq göstərmək məqsədilə 1973-cü ilin iyulunda Qahirəyə 40 min nəfərlik yürüş təşkil etdi. Yürüşün qarşısı şəhərin 300 km-liyində alındı. İki ölkənin birləşməsi ideyası baş tutmadı və ölkələr arasındakı münasibətlər gərginləşməyə başladı. 1974-cü ilin yanvarında Liviya və Tunis iki ölkənin birləşərək Ərəb İslam Respublikasını yaradacaqlarını elan etdilər, lakin birləşmə barədə referendum keçirilmədiyi üçün bu ideya da gerçəkləşmədi.

Ənvər Sadat, Müəmmər Qəzzafi və Hafiz Əsəd Ərəb Respublikaları Federasiyasının yaradılması haqqında müqaviləni imzalayarkən (1971)

1978-ci ilin avqustunda Liviya rəhbərliyinin rəsmi dəvətinə əsasən iki tərəfdaşının müşayiəti ilə bu ölkəyə gələn Livan şiələrinin rəhbəri, "Amal" hərəkatının banisi İmam Musa əl-Sədr müəmmalı şəkildə yoxa çıxdı. 27 avqust 2008-ci ildə Livan məhkəməsi adam qaçırma məqsədilə əlbir olma və qanunsuz azadlıqdan məhrum etmə ittihamları ilə Qəzzafinin həbsinə dair qərar çıxardı, lakin Liviya tərəfi bütün ittihamları rədd edərək həmin üç nəfərin İtaliyaya getmək məqsədilə Liviyadan ayrıldıqlarını iddia edir.

1978–1979-cu illərin Uqanda-Tanzaniya müharibəsi zamanı Müəmmər Qəzzafi 2500 Liviya hərbçisini Uqanda diktatoru İdi Aminə yardım üçün göndərmişdi.

22 dekabr 1979-cu ildə ABŞ Liviyanı terrorizmə sponsorluq edən ölkələr siyahısına daxil etdi, 1980-ci illərin əvvəlində isə Liviya rejimini ən az 45 ölkənin daxili işlərinə qarışmaqda ittiham etdi.

1 sentyabr 1980-ci ildə Liviya və Suriya arasındakı gizli danışıqlar zamanı Qəzzafi Suriya prezidenti Hafiz Əsədə İsraillə daha effektiv mübarizə aparmaq üçün birləşməyi təklif etdi və 10 sentyabrda iki ölkənin birləşməsi haqqında müqavilə imzalandı.

13 avqust 1983-cü ildə Mərakeşə səfəri zamanı Müəmmər Qəzzafi Ucda şəhərində Mərakeş kralı II Həsənlə Ərəb-Afrika federativ müqaviləsini imzaladı. Bu müqavilə Böyük Ərəb Məqribi yaradılması yolundakı ilk addım kimi Liviya və Mərakeşin birləşməsini nəzərdə tuturdu. 31 avqustda Mərakeşdə bu məsələ ilə bağlı keçirilən referendumda səs verənlərin 99,97% bu müqaviləni dəstəklədi. Liviya Ümumi Xalq Konqresi də müqaviləni yekdilliklə təsdiqlədi. Bundan əlavə, Liviya Mərakeş ordusu ilə mübarizə aparan Polisario cəbhəsinə verdiyi dəstəyi dayandırdı, lakin 1985-ci ildə Liviyanın İranla ittifaq müqaviləsi imzalaması və İsrail baş naziri Şimon Pereslə görüşən Mərakeş kralı II Həsənin Qəzzafi tərəfindən kəskin tənqid edilməsi 1986-cı ilin avqustunda birləşmə haqqında müqavilənin Mərakeş tərəfindən ləğv olunması ilə nəticələndi.

Qəzzafi 1 sentyabr 1984-cü ildə Nikaraquaya ABŞ-yə qarşı döyüşmək üçün Sandini hökumətinə dəstək məqsədilə hərbçilər və silah göndərdiyini elan etdi. 1986-cı ilin martında İmperializm və sionizmə qarşı mübarizə üzrə Ümumdünya mərkəzinin Konqresini Liviyada təşkil edən Qəzzafinin qonaqları arasında İrlandiya respublika ordusunun və bask separatçı təşkilatı ETA-nın nümayəndələri də var idi. Liviya həmçinin Yaponiyada fəaliyyət göstərən "Qırmızı ordu" terrorçularını dəstəkləməkdə də şübhəli bilinirdi.

1984-cü ildə 18 gəminin zədələnməsi ilə nəticələnən Qırmızı dənizin minalanması hadisəsində də Liviyadan şübhələnilir.

2003-cü ildə The Washington Post qəzetinə verdiyi müsahibədə Qəzzafi terrorçuları deyil, milli azadlıq hərəkatlarını dəstəklədiyini bildirmişdi. Həmin müsahibədə o, Nelson Mandelanı və sonradan Namibiya prezidenti olmuş Sem Nuyomanı, həmçinin Fələstin Azadlıq Təşkilatını dəstəklədiyini qeyd edərək indi həmin şəxslərin Ağ Evdə rəsmi qəbul edilməsinə baxmayaraq, özünün hələ də terrorçu hesab edilməsindən gileylənmişdir.

Qəddafiyə qarşı üsyan

[redaktə | mənbəni redaktə et]

Liviya Vətəndaş Müharibəsi 2011-ci ildə Müəmmər Qəddafiyə sadiq qüvvələr və onun hökumətini devirmək istəyən üsyançı qruplar arasında gedən silahlı münaqişə idi.[6] 17 fevral 2011-ci il tarixində Benqazi şəhərində bir qrup insanın başladığı etiraz aksiyası tezliklə vətəndaş müharibəsinə çevrildi.[7] Ona görə bu hadisəyə 17 Fevral İnqilabı da deyilir.[8] Hökumət qüvvələri güc tətbiq etməyə başladılar. Qərb Qəzzafini "dinc" aksiyaçıları təyyarələrdən bombalanmasında ittiham etsə də,[9] Rusiya kəşfiyyatı bunun tamamilə yalan olduğunu ifşa etmişdir.[10] Münaqişə boyu üsyançılar hökumətin atəşkəs təkliflərini və Afrika İttifaqının döyüşləri bitirmək səylərini rədd etdilər, çünki irəli sürülən planlara Qəddafinin devrilməsi daxil deyildi.[11]

Martın 19-da saat 16:45-də NATO təyyarələri Liviyaya ilk avia zərbələr endirmişdir. Vladimir Putin, Fidel Kastro, Seyyid Əli Xameneyi, Uqo Çaves, Evo Morales, Ceykob Zuma, Robert Muqabe, Daniel Orteqa və Yoveri Kaquta Musaveni kimi tanınmış dövlət başçıları NATO-nun bu addımını kəskin pislədilər. Seyyid Əli Xameneyi, Qərbin əsl məqsədlərini ifşa edərək, belə demişdir:

"Amerika və Qərb Liviya xalqını müdafiə etmək niyyətində deyil. Onlar yalnız Liviya nefti barədə düşünürlər".

İyulun 10-da Qəzzafi Yaşıl meydana onu müdafiə üçün gələn toplaşanlara müraciət edərək, belə demişdir:

"Mən heç vaxt Liviya torpağını tərk etməyəcəm, qanımın son damlasına qədər vuruşacam və lazım gəlsə şəhid olacam. Biz şəhid olmağı arzulayırıq. Cihadımızla atalarımızın qəhrəmanlığını təkrar edəcəyik!"

Avqust ayında üsyançı qüvvələr NATO-nun genişmiqyaslı bombardman kampaniyasının dəstəyi ilə hökumətə qarşı hücumlarını genişləndirdilər və nəticədə paytaxt Tripolini ələ keçirdilər, Qəddafi isə öncə ələ keçməkdən yayındı.[12] Lakin ​​16 sentyabr 2011-ci ildə Milli Keçid Şurası Qəddafi hökumətini əvəz edərək Liviyanın qanuni hökuməti kimi tanındı. Müəmmər Qəddafi 20 oktyabr 2011-ci il Sirtdə əsir götürülərək sonda öldürüldü.[13] Milli Keçid Şurası 23 oktyabr 2011-ci ildə "Liviyanın azad edilməsini" və müharibənin rəsmi başa çatdığını elan etdi.[14]

Liviya xalqının güclü müqavimətinə baxmayaraq, üsyançılar NATO-nun köməyilə bir-birinin ardınca Bəni-Vəlid, Bab əl-Əziziyə, paytaxt Tripoli və s. Liviya şəhərlərini ələ keçirmişdilər. Nəhayət oktyabrın 20-də üsyançılar Sirt şəhərinə soxuldular və Qəddafini öldürdülər.

Qəddafinin ən yaxın mühafizəçilərindən biri Mənsur İdha öldürülmüş Liviya rəhbərinin faciəli sonu haqqında bunları deyib:

"Tripolidən Sirtə gedərkən şəhəri tərk etməyimizin lazım gəldiyini, buranın ərazisinin çox kiçik olduğunu və asanlıqla mühasirəyə alına biləcəyimizi söylədik. Qaçacaq yeri olmayan kiçik bir otaq kimi idi. Sirtdə qalmaq intihar etmək anlamı daşıyırdı. Ancaq Qəzzafi bizi dinləmədi. İnsanların tərk etdiyi evlərdə yemək axtarırdıq. Bir neçə gün də yerimizi dəyişdirmək məcburiyyətində qaldıq. Bombardman hər ötən gün daha da intensivləşirdi və itkilərimiz artırdı. Qəzzafi qorxanların gedə biləcəyini söylədi. Davamlı olaraq ölümdən bəhs edirdi və doğulduğu şəhər Sirtdə ölmək istədiyini deyirdi".

Qəzzafinin son anlarını "qiyamət" adlandıran İdha "Əl-Cəzirə" kanalına bunları da söyləyib:

"Ölüm və dağıntılar, yağış kimi yağan güllələr, quruda müxaliflərdən qorxu, havadan NATO hücumları qiyaməti xatırladırdı. Alınan qərara görə səhər saat 4 radələrində qaçacaqdılar. Ancaq Qəzzafinin yanında qalan könüllülər çox təcrübəsiz idi. Bir qisimi yatıb qaldı, bir qismi isə rahatlıqla əyləşib çay içməyə başladılar. Hər kəs toplanana kimi səhər saat 8 oldu. Qaçmazdan əvvəl yolların güvənliyini yoxlamaq üçün kəşfiyyat dəstəsi göndərilmədi. 50 maşından ibarət konvoy misratalı üsyançıların sıx olduğu bölgəyə girdi".

Özünun Qəzzafi ilə eyni avtomobildə olduğunu söyləyən İdha deyib ki, maşınların hamısı ağ və eyni tipli olub, lakin avtomobilləri bir-birinə yaxın saxlayıblar:

"Böyük təcrübəsizlik etdilər. Bir anda NATO qırıcılarının bombardmanına məruz qaldıq. 5 metr önümüzdəki avtomobil havaya uçdu. Avia zərbələrin gücündən bizim əyləşdiyimiz maşının təkərləri zərər gördü və qoruyucu yastıqlar avtomatik olaraq açıldı".

Həmin anları "tam bir xaos" şəklində ifadə edən Mənsur İdha NATO qırıcılarının ard-arda zərbələr endirdiyini, Qəzzafini də özüylə götürüb yolun altındakı arxdan keçərək yaxınlıqdakı binaya doğru qaçdığını bildirib. Bu zaman mərmi qəlpələrindən yaralandığını söyləyən İdha Qəzzafini son dəfə keçmiş müdafiə naziri Yunus Cəbr və oğlu Mötəsimlə danışarkən gördüyünü deyib. Cangüdən ölümün artıq yüz faiz olduğu anda belə, Qəzzafinin zarafatlar etdiyini də əlavə edib.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Qəddafinin vaxtında Liviyada iri vergi və rüsumlar sadəcə qadağan idi. İşsizliyə görə müavinət ayda 730 $ olub, hər bir yeni doğulmuş körpəyə isə dövlət 7000 $ verirdi.
  • Qəddafi BMT-də çıxış edərkən Qərb rəhbərlərinə xitabən belə demişdir:

"Somali piratları pirat deyillər. Piratlar sizsiz. Siz Somali sularında qanunsuz balıq ovu aparırsız. Somali "piratları" isə öz uşaqları üçün ölkənin sərvətlərini qoruyurlar. Mən onlarla görüşmüşəm və söhbət etmişəm".

  • İnsan haqlarının qorunması üzrə Qərbin ən nüfuzlu təşkilatlarından olan Amnesty International bildirib ki, Müəmmər Qəzzafinin əsgərləri tərəfindən dinc insanlara qarşı isgəncə və zorlama faktlarına rast gəlməyiblər. Təşkilatın rəsmi nümayəndəsi Donatella Rovera deyib:

"Biz Qəddafi əsgərləri tərəfindən isgəncə və zorlama hallarına rastlaşmadıq".

Bununla belə, o, BBC-yə verdiyi müsahibədə oradakı iddiaları araşdırmaq üçün ölkənin qərb bölgələrinə girişdən məhrum edildiyini qeyd etmişdir:

"Biz nəinki işgəncə və zorlama qurbanlarına, heç bu "qurbanları" görmüş insanlara belə rastlaşmadıq".

"Bizim dəlil tapmamağımız, bunun baş vermədiyini söyləməyə imkan vermir".

  1. https://www.theguardian.com/world/2011/oct/23/gaddafi-last-words-begged-mercy.
  2. http://www.guardian.co.uk/world/middle-east-live/2011/oct/20/syria-libya-middle-east-unrest-live.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1468-5965.2012.02278.x/full.
  5. http://link.springer.com/content/pdf/10.1007%2F978-3-319-10687-8_11.pdf.
  6. "A vision of a democratic Libya". The Guardian (ingilis). 2011-03-29. 2013-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  7. "PBS NewsHour". PBS NewsHour (ingilis). 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  8. Zaptia, Sami. "Opinion: On the second anniversary of the 17th February 2011 Revolution – reflections and considerations". LibyaHerald (ingilis). 2013-02-17. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  9. "Amnesty questions claim that Gaddafi ordered rape as weapon of war". Independent (UK). 2011-06-23. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  10. "Бомбить Ливию ради людей". Интерфакс (rus). 2011-03-21. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  11. "Rebels reject AU road map". www.aljazeera.com (ingilis). 2011-04-12. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  12. "Who is Saif al-Islam Gadhafi?". www.cnn.com (ingilis). 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  13. "Gaddafi killed as Libya's revolt claims hometown | Top News | Reuters". web.archive.org. 2011-10-22. Archived from the original on 2011-10-22. İstifadə tarixi: 2023-08-17.
  14. "NTC declares war 'over'". www.aljazeera.com (ingilis). 2011-10-24. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]