Zod/Sotk (erm. Սոթք) — Ermənistanın Geğarkunik mərzində, Məsrik düzənliyində kənd. Tarixi Qərbi Azərbaycanın Göyçə mahalında yerləşən kəndin adı 1995-ci ildən Sotk adlandırılmışdır.
Zod | |
---|---|
40°12′11″ şm. e. 45°51′53″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Geğarkunik mərzi |
Rayon | Vardenis |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.032 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzi açıqlamalara əsasən "Zod" qədim türk dillərində "sərt, keçilməz uca dağlıq yerdə məskunlaşmış el, oba yurd yeri" deməkdir. Bir digər açıqlamaya əsasən, Alban tarixçisi Musa Kalankatlı eranın birinci əsrinin ortalarından danışarkən Albaniyada yaşayan tayfalar içərisində ermənicə yazılışda Savdey / Tsavdey, V əsr erməni müəllifi Moisey Xorenasi Sod tayfasının adını çəkir və onun Alban çarı Ərənin nəslindən olduğunu qeyd edirlər. Bu etnonim/tayfa adı Göyçə mahalındakı Zod toponimində öz əksini tapmışdır. Yeri gəlmişkən, Kəlbəcər rayonu yaxınlığında, Dağlıq Qarabağın şimalından keçən silsilələrdən biri ermənicə Tsavdey silsiləsi adlanır.
Kənd 1921-ci ildə Sovet rəhbərliyi tərəfindən tarixən ancaq azərbaycanlıların məskunlaşdığı bütöv Göyçə mahalı ilə birlikdə Ermənistana verilib. Kəndin ilk adı yarandığı ilk gündən 1988-ci ilə qədər 3 dəfə dəyişdirilmişdir.
XX əsrin ortalarına kimi Zod kəndinin əhalisi əsasən Azərbaycan türklərindən ibarət olmuşdur. XX əsrin ortalarından 1988-ci ilə qədər SSRİ-nin və Ermənistanın apardıqları məqsədyönlü siyasət nəticəsində ərazidən bütün azərbaycanlılar məcburi köçürülmüşürlər. 1988-ci ildə beş minə yaxın azərbaycanlının yaşadığı kənddə bir ümumtəhsil, iki ibtidai məktəb, bir texniki peşə məktəbi, bir yüngül metallurgiya müəssisəsi, bir xəstəxana və digər sosial-iqtisadi müəssisələr fəaliyyət göstərirdi. Ümumittifaq əhəmyyətli Zod Dağ-Mədən Kombinatı burada yerləşirdi. Dəmir yolu və digər mühüm nəqliyyat və infrastruktura malik kənd ötən əsrin 80-ci illərində yüksək inkişaf səviyyəsinə çatmışdı. 1948-ci ildə kənd əhalisinin əsasən ziyalılardan ibarət olan əhəmiyyətli bir qisminin Azərbaycana deportasiya edilməsi kəndin inkişafına, təhsil və mədəniyyətinə ciddi zərbə vurmuşdur.
İlk adı III–V əsrlərdən — XIV əsrin sonları (1387–1388), XV əsrin əvvəlinə (1400) qədər Başkalafa olmuşdur. Vəliağa köçüb gələnə qədər həmin yerlərdə III–V əsrlərdə albanların yaşamasını təsdiq edən böyük kalafalıqlardan ibarət olduğuna görə kəndin adı Başkalafa adlandırılmışdır. Kəndin ikinci adı 1813–1814-cü illərə qədər Vəliağa olmuşdur. Bu adın mənası kəndin himini salan, Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Vəliağanın adı ilə bağlıdır. Kəndin üçüncü adı 1813–1814-cü illərdən 1988-ci ilin dekabrına qədər Zod olmuşdur. Bu adın mənası Söd sözündən götürülmüşdür. Vaxtı ilə orada alban dövründə şəhər tipli böyük yaşayış məskəni olmuşdur. Kəndin keçmiş yeri kənd yaxınlığındakı kiçik dağların ətəyində yerləşdiyinə görə Söt adlandırılmışdır.
Kənd əhalisinin 1988-ci ildə tam deportasiyasında Ermənistan SSR rəhbərliyi və Sovet Ordusunun birləşmələri yaxından iştirak etmişlər. Azərbaycan SSR-inin o vaxtkı rəhbərliyinin qətiyyətsizliyi də kənd əhalisinin kütləvi köçürülməsinə şərait yaratmışdır.
Ermənistanı 1988-ci ildə tərk edərək və Göygöl rayonuna pənah gətirmiş, milliyyətcə rus olan L. V. Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətinə yazdığı öz izahatında göstərmişdir: "1988-ci ilin noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) V. Movsesyan Vardenis rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək".
Zodlular hazırda əsasən Göygöl rayonunda, xüsusən həmin rayonun Yeni Zod kəndində və respublikanın bütün bölgələrində məskunlaşmışlar. Ermənistan hökumətinin səylərinə baxmayaraq strateji əhəmiyyətə malik Zod kəndini yalnız qismən məskunlaşdırmaq müyəssər olmuşdur.
1988-ci ilə qədər Zod kəndinin əsas iqtisadi fəaliyyət sahələri mədən sənayesi, metallurgiya, əkinçilik və maldarlıqdan ibarət olmuşdur. Kənd əhalisinin 1988-ci ildə deportasiyasından sonra kənddə iqtisadi fəaliyyət tamamilə tənəzzül etmişdir.
1960–1970-ci illərdə əsası qoyulmuş Zod qızıl mədəni Sovet İttifaqının dağılmasından sonra tam gücü ilə istifadə edilmir. Azərbaycanla cəmi 5 km sərhəddə yerləşən qızıl mədəni əksər hissəsi Kəlbəcər rayonunun Söyüdlü zonasında yerləşən qızıl yataqlarının işlənməsi ilə məşğuldur.
Qızıl mədəninə xidmət məqsədilə 1960–1970-ci illərdə çəkilmiş Ağstafa-İcevan, İcevan-Razdan, Sevan-Şorca, Şorca-Zod elektrikləşdirilimiş dəmiryol xətti ümumilikdə Ermənistanın iqtisadiyyatının dirçəlməsinə xeyli təkan vermişdir.
Zodda 1919-cu ildə 2000 nəfər yaşamışdır. Kənd dagıdılıb yandırılmış, 270 nəfər dinc əhali böyük işgəncələrlə qətlə yetirilmişdir.[3]
Zod kəndi Azərbaycan elmi, iqtisadiyyatı və ictimaiyyəti üçün görkəmli xadimlər bəxş etmişdir. Zodlular Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə yaxından iştirak etmiş və 50 nəfərə yaxın şəhid vermişdir. 1992-ci ildə keçmiş Şaumyan kənd rayonunun azad olunmasında qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Etibar Hacıyev Zod kəndinin şəhidləri sırasındadır. Şəhid Cavid Qasımov, Fəxrəddin Qocayev da bu kənddə doğulub.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Kənd rayon mərkəzindən 9 km şərq tərəfdə yerləşmişdir. Kənd şimal tərəfdən 3 km Zərzibil və 2 km Ağkilsə kəndləri ilə, Basarkeçər yolunun şimal tərəfindən 3 km İnəkdağı kəndi ilə, eləcə də Azərbaycan Kəlbəcər rayonu ilə şərq tərəfdən 25–30 km həmsərhəddir. Kəndin eni 2 km, uzunluğu isə 5 km-dir. Kəndin 6000 hektar torpağı olmuşdur. Ondan 3000 hektarı otaraq və biçənək, 3000 hektarı isə əkinə yararlı torpaq sahələridir. Kəndin mərkəzində III–V əsrlərə aid olan, üzərində "Qrabar" əlifbası ilə yazılan albanların tarixindən bəhs edən xaç daşlarını tarixi abidələr, kəndin və eləcə də mahalın tanınmış ziyarətgah yeri olan, Seyidlər tayfasının banisi Qara seyidin ocağını da dini abidələrə misal göstərmək olar.
Kəndin çoxlu mənzərəli və gəzməli yerləri vardır. Onlardan Hənifə bulağı, Murtuz bulağı, Turş su, Gödək bulaq, Qoşa bulaq, Dənizin bulağı, mənbəsi qızıl mədənindən başlayan və kəndin mərkəzindən keçən Böyük çay, Ellərin komu, Calalların komu, Sarının dərəsinin komu, Qatarın komu, Raza oğlu örüşü, Qararın örüşü, Sarının dərəsi, Şahqulunun dərəsi, Ardıclı dərəsi, Aşırımın dərəsi, Aşırrımın komu, və başqa yerləri göstərmək olardı. Kəndin 8 un dəyirmanı olmuşdur. Onlardan 6-sı su ilə işləyən ,2-si isə xod, yəndi elektrik enerjisi ilə işləyən dəyirmanlardır.
Su dəyirmanları 1973–1974 illərə, 1983–1984-cü illərdə tikilən xod dəyirmanları isə 1988-ci ilin dekabrına qədər fəaliyyətdə olmuşdur. Həmin dəyirmanlardan qonşu kəndlərin də əhalisi istifadə edərdi.
1905–1907-ci illərdəki I qaçqınlıq zamanı kənd əhalisi erməni daşnaqları tərəfindən çıxarılaraq doğma yurdlarından qaçqın düşmüşlər. Kənd əhalisi Kəlbəcər, Goranboy, Tərtər, Qazax və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi 1907-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdıqları yerdə qalmışdır. Kəndin təxminən 100 evi, 300–350-ə yaxın əhalisi olmuşdur. 1918–1920-ci illərdəki II qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından qaçqın düşmüş, Goranboy, Qazax, Tovuz və başqa yerlərdə məskunlaşmışdılar. Kənd əhalisi 1921-ci ilin yazında yenidən doğma yurdlarına qayıtmışlar. Az bir hissəsi məskunlaşdıqları yerlərdə qalmışlar. Kəndin təxminən 200–230 evi, 800–1000 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki deportasiya, III qaçqınlıq zamanı kəndin 125 evi, 500 nəfərə yaxın əhalisi Azərbaycanın Xanlar rayonunda məskunlaşmışdır. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları yerdə yaşayırlar. Kəndin 400–450 evi, 1600–2000 nəfərə yaxın əhalisi olmuşdur. 1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı kənd əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq, qaçqın düşmüşlər. Kənd əhalisi Bakı, Gəncə, Xanlar, Samux və başqa yerlərdə məskunlaşmışlar. Kənd əhalisi bu günə qədər məskunlaşdıqları ərazilərdə yaşayırlar. Kəndin 650–700 evi, 4700 nəfərə yaxın əhalisi olmuşdur.
Kənddə 1912–1913-cü illərdən 1917-ci ilə qədər dövlət tərəfindən açılmış dini məktəb 3 il fəaliyyət göstərmişdir. Məktəbi açan Molla Tağılar olmuşdur. Məktəbin təxminən 2 buraxılışı olmuşdur.
Göyçədə də ictimai-mədəni irsimizin inkişafında İslam dininin mütərəqqi əhəmiyyəti olmuşdur. Kənd ziyalıları arasında ərəb, fars və rus dillərini kamil bilən Zod kəndindən Mirzə Bəylər, Hacı Əliş Ağa, Molla Tağı oğlu Məhəmməd, Məşədi Molla Həşim, Mirzə Əsgər, Hüseynquluağalı kəndindən Molla Nəcəf, Molla Əli, Molla Nəbi, Qaraqoyunludan Kalavayı Cəfər və bir çox başqaları islam dininin mütərəqqiliyini, elimliyini camaata çatdırır və onu xurafatdan, mövhumatdan uzaq olduğunu tutarlı dəlillərlə sübuta yetirirdilər və adamları halallığa, ədalətə dəvət edirdilər. Zod kəndində Seyid Əli, Seyid Oruc və Qara Seyid Həsənin sınaqlı ocaqlarının möcüzələri göyçəlilərin çoxlarına məlumdur.
Bu sınaqlı ocaqlara düz niyyətlə gələnlərin hamısı diləklərinə çatıblar. Bu ocaqlara şəkk edənlər isə öz cəzalarını alıblar.
Bundan əlavə Zod kəndinin ərazisində qədim müsəlman qəbiristanlıqları, sərdabələri, tarixi abidələrdən bir çoxu, müqəddəs sayılan bulaqaları və toponimləri var. Məsələn: Söyüdlüdə Seyid Əsədullah qəbri, Zod kəndindən səkkiz kilometr aralı Məçidyeri, Böyük Taxta deyilən yerdə XIII–XIV əsrlərə aid oğuz qəbiristanlığı var idi. Burada olan, üstündə "Həsən İbn Şirin" yazılmış gözəl memarlıq nümunəsi baş daşını camaat ziyarət edər, kəndin 3 km-də Ocaq Təpə deyilən bina qalığı da ziyarətgah idi.
Ermənilər torpaqlarımızı mərhələ-mərhələ işğal etdikləri kimi, mədəniyyətimizi, incəsənətimizi, tarixi abidələrimiz və müqəddəs ziyarətgahlarımızı da qarət etməkdən çəkinmədilər. Həyasızlığa bir baxın, erməni musiqişünası N. Təhməzyan qədim musiqi qaynaqlarımıza da sahib çıxır, ozan varsaq varlıqlarımızı da özününküləşdirməyə çalışırdı. Ermənilər minlərlə sənət incilərimizi, tarixi abidələrinimizi özününküləşdiriblər, özününküləşdirə bilmədiklərini isə məhv ediblər.
Zod kəndinin sənət adamlarının qoyub getdikləri kitabələr, oymalar və sair memarlıq nümunələri dövrümüzə qədər gəlib çatmışdı.
Belə sənət əsərlərindən Vəli ağanın və Məşədi Ağakişinin qranitdən işlənmiş iki metr hündürlüyündə olan baş daşındakı oymalar, yazılar və naxışlar incəsənət nümunələri idi.
Zod ustad şairlərin, sözü keçən ağır ləngərli adlı-sanlı adamların doğulub boya-başa çatdığı bir kənddir. XIX əsrin sonu XX əsrin əvvəllərində el şairlərindən Molla Tağı oğlu Məhəmməd (1830–1910), Qasım, Ağayar, Hacı Əliş ağa (1872–1922), nəhayət, Usta Abdulla kimi söz sərraflarının göz açdığı qədim ənənələrimizi yaşadan tarixi bir diyarıdır. Lirik şerləri elin dillər əzbəri olan XX əsr aşıq poeziyasının ecazkar nümunələrini yaradan şair Əbülfət də məhz bu kənddə göz açıb, yazıb-yaradıbdır.
Göyçə mahalında ozan-aşıqlarımızın və ümumiyyətlə, şifahi xalq ədəbiyyatı qaynaqlarımızın keçdiyi tarixi zəngin yolun başında Ələsgər məktəbinin ən parlaq səhifələri Ağkilsə, Daşkənd və Zod kəndləri ilə bağlıdır.
1884-cü ildə Zod kəndində birinci olaraq real məktəb açılmışdır.