AHƏNG

is. [ fars. ]
1. Səslər, rənglər və s. arasında uyğunluq, müvafiqət. Ahəngi pozmaq. Səslərin xoş ahəngi. Boyalarda ahəng yoxdur.
– Səslərin ahəngi cırcıramanın oxumasına elə bənzəyirdi ki, sanki, doğrudan da, cırcırama o sözləri deyirdi. S.S.Axundov.

// Məc. mənada.
Sabunçudan şəhərə gələn qatar küçənin ahəngini birdən-birə dəyişdirdi. M.S.Ordubadi.
…Hər şey əbədi və pozulmaz bir ahənglə qəlbini oxşayır, hər şey füsunkar bir gözəlliklə ona [Firiduna] baxıb gülümsəyirdi. M.İbrahimov.

2. məc. Gözəl səs, avaz.
Bu səs Jenyanın qulağında başqa bir ahənglə cingildədi. M.S.Ordubadi.
[Mirzə Valeh] bülbüllərin min bir nəğməsini dinləyir, … axırda bir neçə beyt söyləyir, bu ahəngə qoşulurdu. S.Rəhimov.

// Ton.
Balacayev acıqlı bir ahəng ilə: – Bəs bu gün haranız ağrıyır? – deyə soruşdu. S.Rəhimov.
Gəldiyev həmişə səsinə, hərəkətinə sirli bir ahəng verməyi sevərdi. Mir Cəlal.

3. Nəğmə, mahnı, hava.
Səhər bülbüllər əfğanı deyil bihudə gülşəndə; Füzuli, naleyidilsuzinə ahəng tutmuşlar. Füzuli.
Oxu şiddətlə bir ahəngi-hicaz; Ucadan başla, oxu bir avaz. S.Ə.Şirvani.
Bizi ahənglərin şad eylər; Qəlbi yatmışları irşad eylər. A.Səhhət.

◊ Ahəng qanunu dilç. – əsasən türk dillərində: sözlərdə, həmçinin kök və şəkilçilərdə qalın saitlərin qalınları, incələrin incələri izləyib, bir-birinə uyğunlaşması hadisəsi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AHƏNG 1. AHƏNG, UYĞUNLUQ 2. ahəng bax səs 3. ahəng bax 1. mahnı; melodiya 1
  • AHƏNG uyğunluq
  • AHƏNG avaz
  • AHƏNG nəğmə — hava — mahnı
AHƏN
AHƏNGDAR

Digər lüğətlərdə