Cavad Abdinov
Cavad Şahvələd oğlu Abdinov (5 yanvar 1940, Behrud, Ordubad rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), həqiqi üzvü (akademik) (2014).
== Həyatı ==
Cavad Abdinov 1940-cı il yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Behrud kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib və AMEA Fizika İnstitutunda yarımkeçiricilər fizikası üzrə aspiranturaya daxil olub. Burada görkəmli alim akademik H. Abdullayevin elmi rəhbərliyi altında texnikada geniş tətbiq olunan selen yarımkeçiricisinin fiziki xassələrinin tədqiqi üzrə elmi-tədqiqat işləri aparıb və 1966-cı ildə "Oksigenin yüksək təmizlikli bərk və maye selenin fiziki xassələrinə təsirinin tədqiqi" mövzusunda namizdəlik dissertasiyasını müdafiə edib. C. Abdinov 1976-cı ildə "Selenin müxtəlif modifikasiyalarının strukturu və fiziki xassələri" mövzusunda doktorluq dissertasiyasını müdfiə edib. Cavad Abdinov 1984-cü ildə professor adını alıb.
Elmi məqalələrin sayı-283
Beynəlxalq konfranslarda iştirakının sayı-50-dən çox
Xaricdə çıxmış elmi əsərlərinin sayı-200-ə yaxın
İxtiraların sayı-29
Kadr hazırlığı- 26 fəlsəfə doktoru, 4 elmlər doktoru
== Əsas elmi nailiyyətləri ==
Cavad Abdinovun əsas elmi fəaliyyəti elektron çevriciləri, xüsusilə temo və fotoelektrik çevriciləri üçün perspektiv yarımkeçirici material və strukturlarda elektron, fonon, optik və fiziki-kimyəvi proseslərin qanunauyğunluqları və mexanizmlərinin müəyyənləşdirilməsi, bu əsasda istehsalata yaralı yüksək effektivli materialların və onların tətbi ilə termoelektrik və fotoelektrik çevricilərinin işlənib tətbiq edilməsidir. O bu istiqamətdə elmi məktəb yaradıb. Professor respublikamızda və keçmiş ittifaqda ilk dəfə olaraq xüsusi təyinatlı yeni yarımkeçirici çevricilər istiqamətini — yerüstü və uçan qurğularda yerləşdirilən informasiyanın qəbulu və verilməsi optik sistemlərində geniş tətbiq olunan elektron soyuduculu, spektrin görünən, yaxın və uzaq infrqırmızı oblastında həssas çevricilər istiqamətini yaradıb. C. Abdinov slen, keçid elementlərinin xalkogenidləri, bismut tellurid, bismut-stibium, kadmium və civə tellurudləri, qurğuşun tellurid əsasında elektron texnikası üçün çox perspektivli materialların yaradılması, bu materialların fiziki xassələrinin kompleks tədqiqi və onlar əsasında yeni yarımkeçirici çevricilərin, habelə yarımkeçiricilərin və elektron cihazlarının diaqnostikası üçün yeni fiziki metodların işlənməsi və tətbiqi sahəsindəki işləri respublikada və xaricdə geniş tanınmışdır.