Abel Sançes: bir iztirabın tarixçəsi
İspaniyada 98 Nəslinin qabaqcıl yazıçılarından, filosof Miqel de Unamuno, roman, esse, hekayə, teatr və müxtəlif şeirlərin müəllifidir. Salamanka Universitetində professor, müxtəlif dövrlərdə üç dəfə rektor olmuşdur. Həyat və yaradıcılığında, doqmatik fikirlərə, faşizmə qarşı mövqe ortaya qoymuş, bu səbəbdən Primo de Rivera rejimi tərəfindən sürgün edilmişdir. İkinci Respublika zamanı Salamankadan millət vəkili seçilmişdir. Frankist hərəkat zamanı əvvəlcə üsyana dəstək versə də, sonradan baş verənlər onu məyus etmiş və bu qərarından peşman olduğunu açıqca bildirmişdir. 1936-cı ildə General Frankonun qərarıyla ev həbsinə alınmış, qısa müddət sonra isə evində vəfat etmişdir.
XX əsrdə Avropada, ekzistensializm fəlsəfəsinin qabaqcıl təmsilçilərindən sayılan Unamuno Tanrı, inanclar, insan mənəviyyatı və xarakteri kimi bəşəri yüklü mövzuları öz əsərlərində oxucularına çatdırmışdır.
Uşaqlıqdan bəri bir-birlərini tanıyan, birlikdə böyümüş iki dost — Abel və Xoakin arasında gənclik illərində yaranmış davranış, xasiyyət fərqi, daha sonra isə Abelin Xoakinin sevdiyi bir qızla, Xoakinin qohumu Elena ilə evlənməyi, Xoakində Abelə qarşı dərin bir kin, nifrət duyğusu yaradır. Xoakinə görə Abel gizli gizli Xuakinin ağlını, dərrakəsini, bacarıqlarını bəyənmir, ona üstdən aşağı baxır və paxıllıq edir.
Abel rəssam, Xoakin isə həkimdir və hər ikisi öz peşələrində olduqca uğurludur.