AİLƏ [Kərim] özünün, ailəsinin, dostlarının taleyini fikirləşirdi və namərd zəmanəyə lənət oxuyurdu (M.Hüseyn); KÜLFƏT (dan.) Bərk ayaqda, çətin vaxtda İbrahim bəy Vəlişin külfətinə əl tutub kömək durmuşdu (Ə.Vəliyev); ARVAD-UŞAQ (dan.) Hətta Həsən pəncərənin tıqqıltısına dik atılıb, hirsli evdən çıxdı, dalınca da arvad-uşağı yetirən kimi Kərbəlayı Fərəcin saqqalından yapışıb küncə basdı (Çəmənzəminli); ƏYAL (köhn.) İndi əgərçi ona zəhmət olar; Qışda əyali, özü qarət olar (M.Ə.Sabir); Para nədir? Üzünü gördüyüm bir il yoxdur; Fəqət əyal yanında xəcalət çoxdur (Ə.Nəzmi); ƏHLİ-ƏYAL (köhn.) Əhli-əyali ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşlı bir oğlundan (C.Məmmədquluzadə); ÖVRƏT-UŞAQ (köhn.) Xan: Bir həftəyədək, ümidvaram, İrəvana gəlim övrət-uşaq ilə (C.Məmmədquluzadə); FAMİLİYA Səmədxan: ..hökumətinin bu həqirə həvalə etdiyi böyük vəzifə mənim və mənim familiyamın hamısını sərəfraz buyurdu.. (M.S.Ordubadi); ƏHLİ-BEYT (kl.əd.) İnsan öz əhli-beytindən kənar oldu, onun üçün bir növ narahatlıq hasil olacaq (C.Məmmədquluzadə); URUQ Uruğun olsun, Urumda olsun (Ata. sözü); EV Məşədi Səttar: Əhvalın necədir, ev, uşaq salamatdırmı? (Ə.Haqverdiyev).