Amaliya Pənahova
Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad – 8 noyabr 2018, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi.
== Həyatı ==
Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir.
1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.
1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir.
1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.
Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.