□ İnkişaf etdirmək – 1) irəlilətmək, tərəqqi etdirmək, yüksəltmək. Kütlələrin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək. Respublikada üzümçülüyü inkişaf etdirmək;
2) kamilləşdirmək, təkmilləşdirmək, daha da artırmaq, daha da yaxşılaşdırmaq, möhkəmləndirmək, qüvvətləndirmək. Səsini inkişaf etdirmək. Əzələləri inkişaf etdirmək. Hafizəni inkişaf etdirmək.
İnkişaf etmək – 1) tərəqqi etmək, irəliləmək, artmaq, yüksəlmək, genişlənmək. İncəsənətimiz olduqca inkişaf etmişdir;
2) kamilləşmək, yetkinləşmək, artmaq. Axır zamanlar o, xeyli inkişaf etmişdir;
3) böyümək, yetişmək, möhkəmlənmək, qüvvətlənmək. İdman nəticəsində əzələləri olduqca inkişaf etmişdir.
İnkişaf etmiş – 1) yüksək səviyyəyə çatmış, sənaye, mədəniyyət və s. cəhətdən çox irəli getmiş, tərəqqi etmiş. İnkişaf etmiş ölkələr;
2) yetkinləşmiş, yetişmiş, kamilləşmiş, görüş dairəsi geniş, geniş məlumatlı; mədəni, hər cəhətdən yetkin. İnkişaf etmiş adam.