is. 1. Bir şey və ya hadisə haqqındakı anlayışın səslə ifadəsindən ibarət olan nitq vahidi; kəlmə. Sözün mənası.
– Hamıya bir vahimə düşdü, söz demək istəyənlərin sözləri boğazlarında qurudu. B.Talıblı.
Əşrəfin danışdığı gözəl sözlərə qulaq asanlar heyran qalırlar. S.Rəhman.
2. Dil, nitq. Doğma sözlərimizdən geniş istifadə etmək. Söz mədəniyyəti. Şairin silahı sözdür.
– …Hər kəs rusca, yainki erməni və gürcücə, yainki avropalılar işlətdikləri hürufat ilə yazı yazmaq bilir, – bizim sözlərimizi başa düşər və bilər ki, nə deyirik. C.Məmmədquluzadə.
3. Danışıq, söylənilən şey, nitq. Sözünü qiymətdən salmaq. Sözünü bilməyən adam.
– İmran kişi necə qəzəblənmişdisə söz deməyə dili də gəlmirdi. M.Hüseyn.
Telli sözlərini bu cümlələrlə bildirdi. – Bu bizim ölkəmizin dəbidir.
Bizdə bir arvadlı ev çox azdır. S.Hüseyn.
4. Əmr, göstəriş. Sözündən çıxmamaq. Böyüyün sözün eşitmək. Onun sözü mənim üçün qanundur.
5. Vəd. Sözünü yerinə yetirmək. O, sözündə duran adam deyil.
– [Əsgər:] [Gülçöhrə] amma əcəb sözü üstə dayanan qızdır. Ü.Hacıbəyov.
[Sona xala:] …Qorxuram Bəşir sözündən qaça. S.S.Axundov.
[Aslan Anitaya:] Komendant iki gün bizi tamam ac qoydu, ancaq heç birimiz sözümüzdən dönmədik. S.Vəliyev.
6. Çıxıb danışmaq ixtiyarı, çıxış üçün icazə. Söz istəmək. Son söz demək. Söz verməmək.
– [Kərbəlayı:] Yol verin, ay qardaşlar, Mirzə söz danışmaq istəyir. H.Nəzərli.
Züleyxa iclasın lap axırında söz aldı. H.Seyidbəyli.
7. Ancaq cəm şəklində – sözləri, sözlərinə – musiqi yazılan ədəbi mətn. “Sənsiz” romansının sözləri Nizaminindir. S.Vurğunun sözlərinə yazılmış romans.
8. Fikir, mülahizə, rəy.
…Kişi sözünü deyib, dik-dik baxdı Məhəmmədhəsən əminin üzünə. C.Məmmədquluzadə.
9. İş, hadisə mənasında.
Bu əhvalat ki indi istəyirəm nəql eləyim, çoxdanın sözüdür. C.Məmmədquluzadə.
10. Şayiə, xəbər. Ortalıqda söz dolaşır.
◊ Söz açılmaq – bir şey haqqında danışılmağa başlanmaq, danışmaq üçün fürsət düşmək, yeri gəlmək.
[Gültəkin Aydına:] İndi söz açılmış, mən nə deyirəm: hamı mənə deyir ki, Aydın oynaq fikirli bir adamdır. C.Cabbarlı.
[Avqust:] Yoldaşlar, söz açıldı, mən bu məsələni sizə xatırlatmaq istəyirəm. S.Vəliyev.
Söz açmaq – danışmaq, söhbət açmaq, haqqında danışmağa başlamaq.
İgid neftçi o günlərdən; Dönə-dönə söz açardı. N.Rəfibəyli.
Deyin necə söz açmasın; Xudafərin körpüsündən. H.Hüseynzadə.
Söz altında qalmamaq – özünə toxunan sözün qarşılığını, lazımi cavabını dərhal verə bilmək.
Həkim çox görüb-götürmüş adam olduğundan, söz altında qalmadı. Ə.Vəliyev.
Büləndin eşitdiyi sözə dodağı qaçır, gözündə şirin bir təbəssüm oynayırdısa, deməli, o, söz altında qalmayacaqdı. Ə.Əbülhəsən.
Söz aramızda – danışılan sözün gizli qalmalı olduğunu bildirir. Söz aramızda, heç qızdan xoşum gəlmir.
Söz atmaq –
1) birinin fikrini bilmək üçün bir söz demək, işarə vurmaq, eşitdirmək. Söz atdım, cavab gəlmədi;
2) üstüörtülü şəkildə söz demək, sataşmaq.
Xanım yola düşdükdə bu da ardınca gedib söz atırdı. Çəmənzəminli.
Ruxsara çamadanı götürüb qapıdan çıxarkən Gülöyşə arxadan: – Sağ gedib, salamat gələsən, ay qız! – deyərək söz atmışdı. S.Rəhimov.
Söz çıxartmaq – şayiə yaymaq.
Ay uzanauzana; Sözüm düşdü yazana; Hər adam sözü bilməz; Söz çıxardar yazana. Ə.Cavad.
Söz (sözü, sözləri) dəymək – sözdən incimək, sözü toxunmaq.
Pasının iyrəndirici sözləri Həsiyə güllə kimi dəydi. S.Rəhimov.
Söz döyüşdürmək – bax
söz güləşdirmək.
Söz düşmək – bax
söz açılmaq.
Nağıl qurtaranda uşaqlar arasında kimin qorxaq olmağından söz düşdü. M.Hüseyn.
Söz eləmək – dedi-qodu, söz-söhbət üçün hədəf olmaq, dedi-qodu salmaq.
[Rübabə] bilirdi ki, qızın oğlana qoşulub getməsini söz eyləyərlər. Mir Cəlal.
[Səriyyə:] Burada qız xeylağının oxumağını söz elərlər. İ.Əfəndiyev.
Söz gəlmək – töhmət olunmaq, töhmət gəlmək. Sənin üstündə mənə söz gəldi.
Söz gəzdirmək – xəbərçilik eləmək.
Nə gülündən bülbül ayrılmaz, nə aşiq yardən; Ortada söz gəzdirən naəhl əğyar olmasa! Ə.Vahid.
Söz güləşdirmək – boş-boşuna, yersiz mübahisə etmək, mübahisəyə girişmək.
[Maya:] Onda da [Rüstəm] deyəcək ki, arvadsan, get işinə, kişi ilə söz güləşdirmə. M.İbrahimov.
[Dilşad Lətafətə:] Mənimlə söz güləşdirirsən? İ.Əfəndiyev.
Söz qoşmaq – 1) şeir demək. [
C. Cabbarlı ] bəzən xoşuna gələn adamlar barədə gülməli sözlər qoşardı. M.Arif. Aşıqlar [Yaquta] söz qoşaraq, saz çalıb mahnı oxuyurdular. Ə.Məmmədxanlı;
2) araya qoymaq, lağa qoymaq, məsxərə etmək, dolamaq.
Söz qoymaq – bax
sözü bir yerə qoymaq.
Bir gün xanlar xanı Bayandır xanın qonaqlığında Baybura bəy ilə Baybecan bəy söz qoymuşdular. M.Rzaquluzadə.
Söz qoyurlar görüşüb; Sevda, Adilə, Zivər. M.Seyidzadə.
Söz olmaq – dedi-qoduya mövzu olmaq.
Bulaq başı toz olar; Üstü dolu qız olar; Əyil dəsmalın götür; Mən götürsəm söz olar. (Bayatı).
Söz salmaq – bir şəxs və ya şey haqqında danışmaq, söhbət eləmək. Məryəm Səlimdən nigaran idi.
Qulağı həmişə səsdə idi: bəlkə mədəndən qayıdan atası Səlimin adını çəkə, ondan söz sala. İ.Qasımov.
Söz tutmaq – söz təsir etmək, bərk toxunmaq, sözdən pərt olmaq, tutulmaq.
Onun söz tutmayan dodaqlarından; Bir sərxoş qəhqəhə qopdu, yayıldı; Yuxudaymış kimi, birdən ayıldı. B.Vahabzadə.
Söz vermək – vədə vermək, öhdəsinə götürmək.
[Gülsabah:] Sizə söz verirəm ki, [Qüdrət Arslan] yazar. C.Cabbarlı.
[Ana:] Söz verirsən? [Nərgiz:] Anamın canı üçün. Ə.Məmmədxanlı.
Söz yox – əlbəttə, şübhəsiz.
Söz yoxdur – şübhə yoxdur, əladır.
Sözə baxmaq – deyilən sözə əməl etmək, deyiləni qəbul etmək, qulaq asmaq.
[Ana Nərgizə:] Sən mənim sözümə baxsan, mən heç vaxt ağlamaram. Ə.Məmmədxanlı.
Sözə gəlmək – mübahisəsi çıxmaq, sözləşmək, mübahisə eləmək, toqquşmaq.
Zeynəb də … ağlayırdı, nəinki məhz oğluynan sözə gəlmək üstə, xeyr, ancaq keçən günləri yadına düşmüşdü. C.Məmmədquluzadə.
Çimnaz arvad çarşab almaq barədə Veyslə əməlli sözə gəlmişdi. Ə.Əbülhəsən.
Sözü azdırmaq – əsas mətləbdən uzaqlaşdırmaq, yayındırmaq. [Murtuz:] Yaxşı, Göyüş, bunlarda işimiz yox.
Gəl, sözü azdırma. Ə.Abbasquliyev.
Sözü bir yerə qoymaq – hamı bir qərara gəlmək, sözü bir eləmək, dilləşmək.
Sözü keçmək – hörməti, nüfuzu olmaq, sayılmaq.
[Gülgəz Hacıya:] …Özün deyirsən ki, [Aslanın] divan-dərədə hörməti var, sözü keçir. C.Cabbarlı.
Sözü uzatmaq – mətləbdən kənar danışmaq, mətləbi uzatmaq, uzunçuluq eləmək.
Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməmməd sözü uzatsın. C.Məmmədquluzadə.
Sözü yerə düşmək – xahişi, istəyi, arzusu, tələbi nəticəsiz qalmaq, qəbul olunmamaq, rədd edilmək.
Sözü yerə düşməmək – xahişi, tələbi yerinə yetmək, nəticəsiz qalmamaq, qəbul olunmaq.
[Hacı Qurban:] …Sənin heç yerdə sözün yerə düşməyibdir. N.Vəzirov.
Söz (sözünü) qaytarmaq – qabacasına cavab vermək, etiraz etmək.
[Veys] ömründə sözünü qaytarmadığı, həmişə hörmət etdiyi müəllimin pencəyinin ətəyindən tutdu, ağlamsıl, bir az da yalvarıcı səslə dedi. Ə.Əbülhəsən.
Sözündən çıxmaq – deyilənə qulaq asmamaq, əməl etməmək, yerinə yetirməmək.
[Zibeydə Səkinə xanıma:] Sən nəkarəsən ki, mənim sözümdən çıxasan. M.F.Axundzadə.
[Səməd:] Ağam nə desə olur.
Heç birisi onun sözündən çıxmaz. B.Talıblı.
Sözünə baxmaq (qulaq asmaq) – deyilən sözə əməl etmək, deyiləni qəbul etmək. [Sərvər Gülnaza:] Ola bilsin ki, bu gün deyər və bir də sənə nə deyəcəkdir.
Sənin borcun onun sözünə qulaq asmaqdır. Ü.Hacıbəyov.
Uşaq böyüyün sözünə baxar. S.Rəhimov.
Sözünü kəsmək, sözünü ağzında qoymaq – danışmağa imkan verməmək, sözünü yarımçıq qoymaq.
Aslan səbirsizliklə [Lazarın] sözünü kəsib, incimiş halda dedi. S.Vəliyev.
Oğlan onun sözünü ağzında qoydu: – Əvvəla onu deyim ki, burada milislik heç bir şey yoxdur. Q.İlkin.
Atalar sözü – bax
ata.
Mənə də müəllimimiz atalar sözündən bir hekayə düzəldib yazmağı əmr etmişdir. S.S.Axundov.