İttihad Partiyası və ya Qafqaz İttihad Firqəsi, həmçinin 1917–1918-ci illərdə"Rusiyada müsəlmanlıq" "İttihad" — 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümum-Rusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat.[1] Partiya 1921-ci ildə İttihadi-İslam, daha sonra Milliyəti İslam və yekun olaraq isə Azərbaycan Milli Müdafiə İslam Partiyası adını almışdır.
İttihad Partiyası Qafqaz İttihad Firqəsi | |
---|---|
Sədri | Qara bəy Qarabəyov (1918-1921) |
Sədr müavinləri |
Sultan Məcid Qənizadə Qazı Əhməd bəy Məhəmmədbəyov |
Quruluş tarixi | Sentyabr 1917 |
Dağılma tarixi |
27 aprel 1920 (de-jure) 1920-ci illərin sonu (de-facto) |
Birləşən |
|
Bölünmə | Ədalət-İslam Partiyası (1922) |
Sələfi |
"Rusiyada müsəlmanlıq" Firqəsi İttihadi-İslam Cəmiyyəti |
Baş qərargah | Bakı (1917-1920) |
İdeologiya | panislamizm, mühafizəkarlıq, Sosial ədalət |
Müttəfiqlər | İttihad və Tərəqqi |
Üzv sayı | 100 000 |
Şüar |
Yaşasın İttihadi-İslam, var olsun hürriyəti-ənam! (1917-1920) Ya ölüm, ya vətən! (1921) Din üçün ölümə hazır ol!(1921) |
Hökumətdə |
2 / 15 (24 dekabr 1920) |
Parlamentdə |
13 / 120 (27 aprel 1920) |
Bakı Şəhər Duması |
11 / 105 (1917) |
Gəncə Şəhər Duması |
10 / 74 |
Mətbuat orqanı | İttihad qəzeti |
Fevral inqilabından sonra Azərbaycanda lokal xarakterli ittihad ideologiyalı partiyalar yaranmışdır. Bunlara nümunə olaraq İrəvan və Gəncədəki İttihad cəmiyyətlərini, Gəncədəki İttihadi-İslam Cəmiyyətini və Firqeyi Məhəmmədiyə partiyasını göstərmək olar.[2] Gəncədəki İttihad cəmiyyətinin lideri Məhəmməd Pişnamazzadə olmuşdur.[3]
Heybətqulu Məmmədbəyli xatirələrində partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən "Rusiyada müsəlmanlıq" Firqəsinin Təşkil Komitəsi yaradıldığı qeyd olunmuşdur.[2] Bu komitə İsmailiyyə Sarayında yerləşmişdir.[4] Təşkilat Komitəsinin üzvləri sırasında aşağıdakı şəxslər olmuşdur:[3]
Partiyanın quruluş ərəfəsində tanışlıq görüşləri təşkil edirdi. Belə yığıncaqlardan biri də 20 oktyabr 1917-ci ildə Sultan Məcid Qənizadə və Bəşir bəy Aşurbəyovun iştirakı ilə Təzəpir məscidində keçirilmişdir. 200 nəfərlik bu yığıncağa sədrliyi Axund Şeyx Əbdülqəni etmişdir. Yığıncaqda Şeyx ilə Müsavat Partiyasının sədri Məhəmməd Əmin Rəsulzadə arasında mübahisə yaranmışdır. Partiya üzvü olmayan Şeyx Əbdülqəni Müsəlmanlıq firqəsinə xüsusi rəğbət bəsləmiş və bələdiyyə seçkilərində partiyaya yardım etmişdir. Rəsulzadə ilə arasında yaranan problem isə Müsavat Partiyasının qurultayına yansımış, qurultayda onu pisləyən qərar çıxmış, din adamlarının siyasətə qarışmaması ilə bağlı qərar qəbul olunmuşdur.[4]
1917-ci ilin oktyabr ayından lokal xarakterli ittihadçı təşkilatlar vahid adda — "Rusiyada müsəlmanlıq" firqəsi bayrağı altında birləşməyə başlayır, lakin bəzi ziyalılar partiyada təksəslilik olmadığı üçün ehtiyatlı davranır. Belə ziyalılardan biri də Ceyhun Hacıbəyli idi. Onun rəhbərliyində 1917-ci ilin dekabr ayının 4-də İttihad qəzeti çapa başlamışdır. 1918-ci ilin fevralınadək müstəqil fəaliyyət göstərən qəzet həmin dövrdə partiyanın rəsmi orqanına çevrilir.[5]
İttihad Partiyası Ümum-Rusiya Müəssislər Məclisinə seçkilərdə 14 nömrəli siyahı ilə iştirak etmişdir. Partiya Bakı quberniyasında Müsavatın ardınca ikinci,[6] Bakı şəhəri və ətraf sənaye rayonlarında bolşeviklər, Müsavat, Daşnaksutyun, Sosialist İnqilabçılar və Kadetlərin ardınca 7850 səslə (7,1%) beşinci,[7] Bakı qəzasının kənd yerlərində, Abşeron yarımadasının kəndlərində keçirilən seçkilərdə[6] Qəzada verilən 25 748 səsdən 19 812-ni (76,95%) toplayaraq birinci,[6][8] Göyçay qəzasında Müsavatın ardınca 14517 (29,75%) səslə ikinci,[8] Lənkəran qəzasında Müsavatın ardınca 7625 (11,88%) səslə ikinci,[8] Tiflisdə 2 səslə on beşinci,[7] Tiflis qarnizonunda 2 səslə on dördüncü sırada qərarlaşdı.[7]
1918-ci ilin yanvar ayında belə təşkilatların birləşməsi yekunlaşmışdır. Belə ki, Bakıdakı "Rusiyada müsəlmanlıq" Firqəsi və Gəncədəki İttihadi-İslam Cəmiyyəti vahid qurumda birləşərək İttihadi-İslam — Rusiyada müsəlmanlıq adını almışdır.[5]
Tarixçi Altay Göyüşov sovet tarixçilərinin əksinə Qara bəy Qarabəyovun partiyanın qurucusu olmadığını, quruluş prosesində xüsusi dəvətlə partiyaya çağrılsa da, onun partiyadakı qeyri-demokratik ünsürləri bəhanə gətirərək təklifi rədd etdiyini yazmışdır. Belə ki, Göyüşovun yazdığına görə, Qarabəyov 15 sentyabr 1918-ci ildə Bakı şəhərinin işğaldan azad edilməsindən sonra, partiyada gedən mühafizəkar—radikal mübarizəsini radikalların qələbə ilə başa vurmasından sonra partiyaya qatılmışdır. Qara bəy partiyaya qatıldıqdan qısa müddət sonra partiyanın rəhbəri olmuşdur.[5]
26–31 oktyabr 1917-ci il tarixklərində Müsavat Partiyasının I Qurultayı keçirilmişdir. Qurultaydan sonra bir sıra şəxslər Müsavat sıralarından istefa verərək İttihad sıralarına daxil olmuşdur. Bu hadisə partiyanın inkişafına təkan versə də, bir neçə ay sonra Mart soyqırımı baş vermiş və partiyanın mərkəzləşdiyi İsmailiyyə Sarayının yandırılması ilə çətinliklər yaşanmışdır. Belə ki, bu hadisələr İttihad qəzetinin qapanmasına səbəb olmuş, firqə fəaliyyətini Zaqafqaziya Seymindəki fraksiya ilə (Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev və Heybətqulu bəy Məmmədbəyli) məhdudlaşdırmışdı. Bu dövrdə bəzi mühafizəkar şəxslər Müvəqqəti Mərkəzi Komitədən uzaqlaşmışdır. Həmçinin, Bəşir bəy Aşurbəyov da İrana mühacirət etmişdir.[9]
Zaqafqaziya Seymində Müsavat Partiyası ilə həmrəylik göstərən İttihad daha sonra Türkiyə ilə həmrəylik fikri üzərində ixtilaf yaşamışdır. Həmrəyliyi dəstəkləyən Müsavat və demokratik bitərəflər fraksiyası üzvləri Xosrov bəy Sultanov, Qazı Əhməd bəy Məmmədov və Həmid bəy Şahtaxtinski bu dönəmdən sonra İttihada yaxınlaşmağa başlamışdır.
Zaqafqaziya Seyminin İttihad qrupunun üzvləri 28 may 1918-ci ildə təşkil olunan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri seçilmişdirlər. İstiqlal Bəyannaməsinə iclasda iştirak edən fraksiya üzvü Heybətqulu bəy Məmmədbəyli leyhinə, Sultan Məcid Qənizadə isə bitərəf səsi vermişdir.[10]
Müstəqilliyin elanı, Qarabəyovun partiyaya gəlişi və rəhbərliyə keçməsi partiyada canlanma yaratmışdır.
Partiyanın Quba qəzasının kəndlərində, Göyçay, Şamaxı, Cavad qəzalarında, Gəncə və Qarabağ quberniyalarında təşkitlanması sürət qazanmışdı. İttihadın Qarabağ Komitəsi Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun [b] köməkliyi ilə yaradılmışdır. Gəncə təşkilatının başında doktor Ağalar bəy Səfikürdski, iqtisadçı Səmədağa Əbilov və hüquqşunas Şahmalıyev dayanmışdır.[11]
Bu dövrdə əvvəllər Müsavat üzvü olan İttihadın Mərkəzi Komitəsinin üzvü olacaq Həmdulla əfəndi Əfəndizadə [c] və sonralar İttihadın sədr müavini olacaq keçmiş müsavatçı Qazı Əhməd bəy Məmmədbəyov partiyaya üzv olmuşdur.[11]
1919-cu ilin aprel ayının 10-da partiyanın I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultaya hər 20 nəfərə 1 nümayəndə prinsipi ilə 300 qurultay nümayəndəsi çağrılmışdı.[d] Bu nümayəndələr Bakı, Qazax, Ağdam, Ağdaş, Göyçay və Quba bölgələrindən çağrılmışdı. Qurultayı Qara bəy Qarabəyov açmışdır. 3 gün davam edən qurultaya Şirin bəy Səfərəliyev sədrlik, Əbdül Qafur bəy isə katiblik etmişdir. Qurultayda partiyanın adı Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilmişdir.[12] Həmçinin qurultayda 22 nəfərdən ibarət 1 illik Mərkəzi Komitə üzvləri seçilmişdir:[13]
Qurultay Axundun duası ilə qapanmışdır.[14]
Aprel ayının 14-də yeni təşkil olunan Mərkəzi Komitənin plenar iclası keçirilmişdir. İclasda 11 nəfərdən ibarət İcraiyyə Komitəsi yaradılmışdır. Bu heyətə keçmiş müvəqqəti Mərkəzi Komitənin üzvlərindən Qara bəy Qarabəyov, Sultan Məcid Qənizadə, Əsəd bəy Əmirov, Qazı Əhməd bəy Məhəmmədbəyov, Heybətqulu Məmmədbəyov və Hacı ağa Babayev daxil idi. İclasda gizli səs vermə keçirilmiş və Qara bəy Qarabəyov partiyanın sədri, Sultan Məcid Qənizadə və Qazı Əhməd bəy Məhəmmədbəyov sədr müavinləri və Hacı ağa Babayev isə xəzinadar seçilmişdir.[14]
I qurultaydan sonra partiya təşkilatlanması sürətlənmiş və Quba, Göyçay, Gəncə, Zəngəzur, Qarabağ, Zaqatala, Şəki, Qax, Cavanşir, Ağdam, Şuşa, Cəbrayıl və Kürdəmir bölgələrində partiyanın yerli təşkilatları inkişaf etmişdir. Həmin dövrdə Şuşada fəaliyyət göstərən Şuşa Xeyriyyə Cəmiyyəti partiyaya birləşmə qərarı almış və İttihad 2 sentyabr 1919-cu ildə Qarabağ Quberniya Komitəsinin yaradılmasına səbəb olmuşdur. Komitəyə sədr doktor Fərhad bəy Ağayev, Rəyasət Heyətinin sədr müavini doktor Kərim bəy Mehmandarov və Məhəmməd Həsən Mirzəcamalov seçilmişdir. Komitənin katibi Abuş bəy Novruzov, xəzinədarı isə Məşədi Zülfüqar Axundov olmuşdur.[15] 1919-cu ilin noyabr ayında Şəkidə doktor Salman bəy Şirinbəyli və Zaqatalada mühəndid Məhəmməd bəy Sultanov liderliyində mərkəzi qəza şöbələri yaradılmışdır.[15] Bakı kəndlərindən də partiyaya axın çoxalmaqda idi. 1919-cu ilin iyul-sentyabr aylarında Balaxanı, Suraxanı, Bibiheybət, Ramana, Sabunçu kəndlərində, Benkendorf mədən dairələrində partiyanın yerli şöbələri yaradılmışdır. Bakının Bülbülə, Əmircan və digər kəndlərində isə partiyanın yerli təşkilatları 1917-ci ildən fəaliyyət göstərirdi.[15]
Bu dövrdə Şuşa Xeyriyyə Cəmiyyəti ilə yanaşı Cəbrayılda fəaliyyət göstərən Fədai-Hürriyyət, Göyçayda fəaliyyət göstərən İslamiyyə Cəmiyyəti İttihada daxil olmuşdur.[15]
Qurultaydan 1 ay sonra Mərkəzi Komitə üzvü seçilmiş, parlament üzvü Ağa bəy Səfərliyev İttihad Partiyasından istefa verdi. Bu barədə məlumat parlamentin 15 may 1919-cu il tarixli iclasında oxunmuşdur. O daha sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyasına, ardınca isə Müsavat və bitərəflər fraksiyasına daxil olmuşdur.
İttihad cəmiyyətdə məşhur incəsənət xadimlərinin iştirakı ilə keçirdiyi "Bir piyalə çay" xeyriyyə məclisləri ilə də məşhurlaşmışdı. Bu məclislərdə Türkiyədən, İrandan qonaqlar iştirak etmişdir.[16] Belə tədbirlərdən biri də 24 aprel 1919-cu ildə Bakı İctimai Məclisinin Yay Salonunda keçirilmişdir. Məclisdə iştirak etməyib ianə göndərənlər arasında Pəri xanım Topçubaşova, Liza Muxtarova Tuqanova, S. Səlimxanova, Q. Mahmudbəyova və İsa bəy Aşurbəyov, Ağa Axundov, Ağalar bəy Mahmudbəyov da olmuşdur.[15] 10 yanvar 1920-ci ildə yenə eyni məkanda ikinci belə tədbir keçirilmiş, tədbirdə Əzim Əzimzadənin dekorasiyalarından istifadə olunmuş, Qarabağdan aşıqlar çağrılmış, Türkiyədən kişi və qadın aktyorlar qonaq gəlmiş, hökumət üzvləri, Seyid Ziyaəddin Təbatəbai rəhbərliyində İran Nümayəndə Heyəti, Gürcüstan səfiri də iştirak etmişdir.[17]
1919-cu ilin mayında Mərkəzi Komitənin qərarı ilə təşkilat strukturu təkmilləşdirilmişdir. Belə ki, MK-nın 11 nəfərdən ibarət İcraiyyə Komitəsi ləğv edilmiş, əvəzinə MK tərkibində təbliğat, təşviqat, maliyyə və nəşriyyat komissiyaları yaradılmışdır. Komissiyalara nəzarət isə sədrin ikinci müavininə həvalə olunmuşdur. Həmçinin partiyanın 7 nəfərdən ibarət Rəyasət Heyəti təşkil olunmuşdur. Rəyasət heyətinə sədr, onun 2 müavini, məsul katib və 3 digər üzv daxil idi. 1919-cu ilin iyununda isə MK nəzdində hüquq şöbəsi yaradıldı.[18]
1919-cu ilin iyun ayında İttihad Nuru Paşanın həbsdən azad edilməsi tələbiylə Qazax, Nuxa, Şuşa və Ağdam da etiraz mitinqləri keçirmişdir. İyul ayında isə İttihad Gəncədə dağlılarla birgə Denikinin Şimali Qafqaza hücumuna qarşı mitinq keçirmişdir. Oktyabr ayının 22-də isə eyni məqsədlə Bakıda böyük bir mitinq təşkil edilmişdir.[16]
1919-cu ilin oktyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyasının üzvləri Cəmil bəy Ləmbəranski və İsgəndər bəy Axundov İttihad Partiyasına üzv olmuşdur. Bu barədə və fraksiya dəyişikliyi ilə bağlı məlumat parlamentin 18 oktyabr 1919-cu il tarixli iclasında elan olunmuşdur.
1920-ci ilin yanvar ayında İttihadın artıq 600-dan çox yerli şöbəsi var idi. Bunun nəticəsində partiya ölkənin iri mərkəzlərində 30 böyül komitə yaratmışdır. İttihad Mərkəzi Komitəsinin üzvləri və sədr Qara bəy Qarabəyov daxil olmaqla müxtəlif qəzaları, bölgələri və kəndləri gəzir, oralarda nitqlər söyləyir və yerli əhalinin şikayətlərini dinləyirdi. Partiyanın Göyçay, Ağdaş və Ərəşdə Mərkəzi Komitəsinin səlahiyyətli nümayəndəsi olaraq Əbdül Qafur Əfəndi, Zaqatala və Şəkidə Yaqub Qocayev, Quba bölgəsində isə Əbdül Cəbizadə təyin olunmuşdur. Qara bəy Qarabəyov şəxsən partiyanın ən nüfuzlu olduğu Nuxa, Zaqatala, Ərəş və Göyçaya getmiş, daha sonra MK üzvü Qara bəy Əliverdilər ilə Qarabağa səfər etmişdir. Bütün bunların nəticəsində partiya xüsusilə Nuxa, Zaqatala, Ərəş və Göyçay qəzalarında ən nüfuzlu partiyaya çevrilmişdi.[19]
1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında partiyanın II Qurultayı keçirilmişdir. Qurultaya hər 100 nəfərə 1 nümayəndə prinsipi ilə Gəncə, Qarabağ, Nuxa, Ərəş, Göyçay, Şamaxı, Qazax, Bakı, Lənkəran və Cavad qəzalarındakı partiyanın bütün yerli təşkilatlarından ümumilikdə 1000 qurultay nümayəndəsi iştirak etmişdir.[e][20]
4 gün davam edən qurultayın birinci açılış günündə təbrik nitqləri söylənmiş, bütün siyasi partiyalardan və əksər ictimai təşkilatlardan, müsəlman qadın cəmiyyətlərindən nümayəndələr və müxtəlif ölkələrin ölkədəki səfirləri iştirak etmiş, çıxışlar etmişdir. Bundan sonra Rəyasət Heyətinə seçkilər keçirilmiş, partiya proqramına bir sıra dəyişikliklər edilmiş və daha sonra Qara bəy Qarabəyovun nitqi dinlənilmişdir.[21] Qurultayda bütün torpaqların qeyd-şərtsiz və pulsuz əkinçilərə paylanması qərarı partiya məramnaməsinə əlavə olunmuşdur. Həmçinin qurultayda Mərkəzi Komitəyə proqrama dəyişikliklər etmə, Mərkəzi Komitəyə yeni üzvlər əlavə etmək səlahiyyətləri verilmişdir.[21]
Qurultayda Türkiyənin ərzi bütövlüyünün tanındığı və Zəngəzurun müdafiəsi ilə bağlı qərar qəbul olunmuşdur.[22]
Qurultayda Rəyasət Heyətinin üzvləri olaraq sədr Qara bəy Qarabəyov, müavinlər Sultan Məcid Qənizadə və Qazı Əhməd bəy Məmmədbəyov, üzvlər Heybətqulu bəy Məmmədbəyli, Cəmil bəy Ləmbəranski, Əsəd bəy Əmirov, fəxri katib isə Süleyman bəy Musabəyli seçilmişdir.[23]
Yeni tərkibdə Mərkəzi Komitəyə İttihad fraksiyasının üzvləri birbaşa, bilavasitə daxil edilmişdir. Yeni tərkib aşağıdakı şəkildə olmuşdur:[24]
Yanvarın 31-də Mərkəzi Komitənin iclasında alınan qərarla aşağıdakı üzvlər Mərkəzi Komitəyə üzv qəbul edilmişdir:[23]
Qurultay günü Əhmdə Bədiyyə Triniç adlı MK katibi İttihad və Tərəqqi Firqəsinin milliyətçilik fikirlərini mənimsənilməsi fikri ilə çıxış etmiş, fikri etirazla qarşılandıqdan sonra 2 türk və 1 alban nümayəndə ilə məclisi tərk etmişdir. Bu hadisədən sonra həmin şəxslər dəhlizdə qurultay iştirakçılarına Müsavat Partiyası məramnaməsi paylanılmışdır. Bu hadisə məlum olanda məramnamə paylayanlar döyülərək ərazidən uzaqlaşdırılmışdır. Yerli qəzetlər bu hadisəni və partiyanı sərt tənqid etmişdir.[25] Bir müddət Müsavat Partiyasına üzv olan, daha sonra Əhrar Partiyası Mərkəzi Komitəsi üzvü olan Triniç barəsində daha sonra "QPU-nun agenti" və "bolşevik casusu" yazıları yazılmışdır.[26]
Aprel işğalından sonra açıq fəaliyyətini dayandırmışdı[27] İşğalın ikinci günündə partiya sədri Qara bəy Qarabəyov və general Əliağa Şıxlinski azərbaycanlı ibarət hərbi birləşmələri ziyarət etmiş, Qarabəyov İslamla bağlı, Şıxlinski isə türklüklə bağlı nitqlər söyləmişdir. Şıxlinski rus ordusunun yaxın zamanda Türkiyəyə yardıma gedəcəyini, bu yardım üçün əsgərlərin də hazır olub olmadıqlarını soruşmuşdur.[28]
Partiyanın bir çox üzvləri 20–30-cu illərin antisovet üsyanlarında fəal iştirak etmiş, repressiyaya məruz qalmışdır.
Xaləddin İbrahimlinin yazdığına görə Əliheydər Qarayev yazılarında işğalın ilk günlərində menşeviklərin, əhrarçıların, bundçuların və ittihadçıların mərkəzi komitələrindən partiyalarının ləğv edildiyi və özlərinin kommunist partiyası sıralarına alınması ilə bağlı ərizə aldığını yazmışdır.[29] İttihadın buraxılması ilə bağlı aktda yazılırdı:[30]
Burjua “azadlığı” çərçivəsində Müsavatla açıq mübarizə aparan “İttihad” hesab edir ki, Qırmızı Sovet hissələrinin Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini tapır. Və öz məqsədinə çatmış “İttihad” səhnədən gedir. |
Buna baxmayaraq 1920-ci ildə partiya 3 müstəqil qrupa bölünmüşdü: "Vətən ya ölüm", "Mərkəzi İttihad" və "Quranın əmin-amanlığı". Bununla bərabər ittihadçılar silahlı üsyanda çarəni görürdülər. Qışda keçirilməsi planlanan üsyanda Vladiqafqaz-Bakı dəmiryolu yararsız hala salınacaqdı, lakin xüsusi xidmət orqanları bu üsyan planını aşkarlamışdır. Belə ki, başda partiya sədri Qara bəy Qarabəyov olmaqla bütün rəhbərlik 155 nəfər fəal həbs edildi. 25 yanvar 1921-ci ildə isə XI Qızıl Ordunun Xüsusi Şöbəsinin üçlüyü bu həbs işi üzrə "Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və başda "İttihad" olmaqla burjua hakimiyyəti yaratmaq məqsədini qarşıya qoyan əks-inqilabi təşkilatın 155 üzvü və əməkdaşının işi" üzrə qərar qəbul etdi. Qərara əsasən Qara bəy Qarabəyov, Məmməd Həsən Həsənov, Cəmil bəy Ləmbəranski, Əli bəy Aşurbəyov HFK-nın Xüsusi Şöbəsinə göndərildi.[31] Moskvanın Butırka həbsxanasına göndərilən 4 nəfər MK üzvündən başqa digər fəalları amnistiya hüququndan məhrum edilməklə müxtəlif həbs düşərgələrinə göndərildi, bəzilərinin isə dilindən iltizam alındıqdan sonra müvəqqəti azadlığa buraxıldı.[32]
Bu hadisələrdən sonra İttihada oxşar təşkilatlar güclənməyə başladı. Bunlardan biri də türk zabitlər tərəfindən yaradılan İslam Partiyası idi. Eyni məramda olduqları üçün İttihad və İslam partiyaları 1921-ci ildə İttihadi İslam Partiyası adında birləşdi. Yeni partiyanın rəhbərliyi 135 nəfərdən ibarət idi. Onun təkcə Şəmkirdə 3000-dən çox üzvü var idi. Bu partiya Şəkidə İstiqlal İttihad adı ilə fəaliyyət göstərirdi. Partiyaya Lənkəran və Bakıda da dəstək var idi. Bakı təşkilatının rəhbərləri İsfəndiyar Məmmədov, Nadir Şirinbəyov, Xan Əli Tapdıq oğlu və Miri Mircabbarov idi.[32]
15 may 1921-ci il tarixli Bakı Konfransında İttihadi İslam Partiyası geniş nüfuzu olmayan "İslam əl-Quran" təşkilatı ilə birləşərək Milləti İslam Partiyası adını aldı.[32] Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin informasiya bülleteninə əsasən bu partiyanın əsas şüarı "Ya ölüm, ya vətən!" və "Din üçün ölümə hazır ol!" olmuşdur. Həmçinin, Miri Mircabbarov rəhbərliyindəki bir qrupun Yevlaxda Əliheydər Qarayevə, Gəncədə Həmid Sultanov və Gəncə Siyasi Bürosunun rəisi İbrahim Əliyevə sui-qəsd hazırladığı da məlum olmuşdur.[33]
1921-ci ilin əvvəllərində Gəncədə türk zabitlər tərəfindən Günəş-Qafqaz Partiyası yaradılmışdı. Bu partiyanın rəhbərliyində Cabbar Qoşqarov, sabiq baş nazir Nəsib bəy Yusifbəylinin qardaşı oğlu Abbas bəy Yusifbəyli və Seyidəli İsrafilverdiyev təmsil olunmuşdur.[33] 3 iyun 1921-ci ildə Gəncə şəhərində Milləti İslam və Günəş-Qafqaz partiyaları Azərbaycan Milli Müdafiə İslam Firqəsi adı altında birləşmişdir.[33] Yeni təşkil olunan partiyanın sədri Cabbar Qoşqarov, sədrin müavini Əli Səmədov, partiyanın katibi isə Abbas bəy Yusifbəyli seçilmişdir. Həmçinin, partiyanın 21 nəfərdən ibarət Mərkəzi Komitəsinin tərkibi də formalaşdırılmışdır. Bundan əlavə, Xosrov Əfəndiyevin rəhbəri, İsfəndiyar Məmmədovun köməkçisi olduğu hərbi şöbə, Seyidəli İsrafilverdiyevin rəhbərlik etdiyi təbliğat-təşkilat şöbəsi də yaradılmışdır. Xəlil Şakirov və Tahir Quliyev isə partiyanın Türkiyə ilə əlaqəçiləri təyin edilmişdir.[33]
Azərbaycan Fövqəladə Komitəsi belə hesab edirdi ki, qarşısına silahlı üsyanla sovet hakimiyyətini yıxmaq məqsədi qoyan bu partiyanın hər bir üzvü həlledici məqamda özləri ilə ən azı on nəfəri hərəkata qoşmağa qabil idi. Buna görə də Az. FK qabaqlayıcı tədbirlər görmək üçün yerlərə xüsusi dəstlər göndərdi. Aparılan əməliyyatlar nəticəsində 1921-ci ilin iyununda partiyanın rəhbərlik də daxil olmaqla 230 nəfər fəal üzvü həbs edildi. Həbs edilənlərdən 22 nəfəri güllələndi (əsasən rəhbərlik), 61 nəfər 5 il müddətinə, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi; 14 nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. Digərləri isə sürgün olundu. İyul əməliyyatlarından yayına bilən Molla Miri, Əhməd Şükür, Nadir Şirinbəyov, Hüseyn Xəlil, Kərbəlayi Ağa, Kərbəlayi Rəsul, Məmməd Tağı Tağızadə, Adil Əlizadə və Zeynal Zeynalov kimi tanınmış fəallar qanundan kənar elan olundular.[33]
1922-ci ildə İttihadın əsas dayaqlarından olan Göyçayda ittihadçılar tərəfindən Ədalət-İslam Partiyası yaradıldı. Bu partiya antisovet təbliğatı aparırdı. Partiyanın fəaliyyəti elə həmin il sona çatdı.[34]
Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin məlumatına görə dini təmayüllü təşkilatlar Azərbaycanda 1930-cu illərə qədər fəaliyyətdə idi. Bunlar "Milləti İslam" adı altında fəaliyyət göstərən müstəqil qrupu nisbətən sonralar yaranan "Allahlılar ittifaqı", "Əzrail firqəsi", "Həqiqət ordusu" və b. təşkilatlar olmuşdur.[33]
1923-cü ildə İranla güclənən əlaqələr sayəsində İttihad yenidən canlandı. Partiyanın Təbriz komitəsinin Gəncəyə göndərdiyi emissarın (Müzəffər Əliyev) köməyi ilə Kazım bəyin rəhbərliyi altında illeqal hərbi mərkəz yaradıldı. Həmin il partiyanın təşkilatçılığı ilə Kürdəmirdə sovet hakimiyyətinə qarşı güclü silahlı üsyan baş verdi. Bu üsyan da amansızlıqla bastırıldıqdan sonra ittihadçılar daha gizli fəaliyyətə keçdilər.[33]
4 mart 1926-cı ildə Xosrov bəy Sultanov Parisdən Tehran və Təbrizə gələrək Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi ilə bağlı bir sıra tədbirlər görsə də, 1925-ci ildə olduğu kimi bu dəfə də partiyaya daxildə rəhbərlik edəcək güclü bir lider tapa bilmədi. General Əliağa Şıxlinskiyə partiya rəhbərliyini həvalə etmək cəhdi isə baş tutmadı.[35]
Sonraki illərdə, 1930-cu ilədək isə bir çox ittihadçı daha güclu olan Gizli Müsavat daxilində fəaliyyət göstərdi.[35]
Mühacirətdə, daha doğrusu İstanbulda İttihadın liderinə çevrilən Xosrov bəy Sultanov orada təşkilatlanmağa çalışsa da, Xarici Ölkələr Bürosu yaratmağa çalışsa da bunu bacarmadı. O, 1926-cı ildə Təbriz və Tehrana gedərək partiyanın təşkilatlarını yaradır, Tehran komitəsinə İsa bəy Aşurbəyovu, Təbriz komitəsinə isə qardaşı İsgəndər bəy Sultanovu rəhbər təyin edir.[36]
İttihadçılar Xosrov bəyin başçılığında 1926-cı ildə Parisdə yaradılmış Qafqaz Konfederasiyasına daxil oldular. Bu hadisədən sonra onlara türklər tərəfindən edilən aylıq 75 lira maddi dəstək dayandırıldı. Partiya üzvləri bu məsələdə Əhməd bəy Ağaoğlunu günahlandırırdı. O isə Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubda onun türk aristokratiyasına xəyanət etməməsini alqışladığını qeyd etmişdi.[37]
7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə rəsmi olaraq açıldı. İttihad Partiyası bu parlamentdə Müsavat və bitərəflər fraksiyasından sonra sayca ikinci böyük fraksiyaya sahib idi, yəni İttihad dönəmin ana müxalifət partiyasına çevrilmişdi. Parlamentdə fraksiyaya 1918-ci ilin sentyabrından Qara bəy Qarabəyli rəhbərlik etmişdir. Fraksiya üzvlərindən 3-ü (Sultan Məcid Qənizadə, Mir Yaqub Mehdiyev və Heybətqulu bəy Məmmədbəyli) birbaşa Milli Şura tərkibindən daxil edilmişdir. 1920-ci ilin əvvəlində partiya sədrinin birinci müavini Sultan Məcid Qənizadə Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sədrinin müavini vəzifəsinə seçilmişdi.
Parlamentdə İttihad fraksiyasının rəhbəri Qara Qarabəyli tərəfındən təqdim edilmiş fraksiya bəyannaməsində hakimiyyətin millətə məxsus olması ideyasının gerçəkləşməsi müsəlmanların istiqlal mübarizəsinin son məqsədi sayılırdı. Bəyannamədə Azərbaycandakı bütün xalqların sülh şəraitində yaşamalarının təmin olunması tələb edilirdi. İttihadçılar fəhlə məsələsində menşeviklərin proqramı ilə çıxış edərək, fəhlələrin səadətini təmin etməyə səy göstərəcəyini vəd edir, aqrar məsələdə isə torpağın pulsuz olaraq kəndlilərə paylanması təklifini irəli sürürdü. Onlar maliyyə sahəsində mütərəqqi gəlir vergisinin tətbiqini, digər vergilərin isə ləğvini tələb edirdilər. İttihad fraksiyası ibtidai məktəblərdə ümumi və icbari təhsilin bərqərar edilməsinə, məktəblərin milliləşdirilməsinə tərəfdar olduğunu bildirirdi.[38]
İlk 4 hökumətin 4-də də koalisiya ortaqlığı təklif olunmayan İttihad Müsavatı hökuməti və parlamenti əlində saxlayaraq gələcəkdəki parlament seçkilərini lehinə çevirmək üçün vəzifələrdən sui-istifadə etməsiylə ittiham edirdi. İttihada görə Vahid Rusiya prinsipindən çıxış edən Slavyan-rus Cəmiyyəti fraksiyasının və Daşnaksütun fraksiyasının, hansı ki parlamentdə hər ikisi İttihaddan daha az millətvəkilinə sahib idi, I Yusifbəyli hökumətində təmsil olunması partiyanın iddiasını təsdiq edirdi. İttihad özünün hər cürə koalisiyaya razı, açıq və hazır olduğunu bildirirdi.
İttihad fraksiyası parlamentin, əsasən, sağ cinahını təşkil edirdi. 1919-cu ilin yanvarında İttihad fraksiyası neft möhtəkirliyinə qarşı mübarizə barədə, 1918-ci ildə tədarük olunmuş taxıl məhsulunun talan edilməsi və Hacı Zeynəlabdin Tağıyev fabrikində beş satıcı ilə bağlı qanunsuzluqlar haqqında üç bənddən ibarət sorğu ilə hökumətə müraciət etmişdi. Fraksiyanın rəhbəri Qara bəy Qarabəyov bu məsələlərin nizamlanması üçün xüsusi müşavirə çağırmağı təklif etmişdi. Sorğularla əlaqədar hökumət üzvlərinin, hətta hökumət başçısı Fətəli xan Xoyskinin parlament qarşısında çıxışlarında verdiyi cavablarla hesablaşmayan Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş saydığını bildirib ona etimadsızlıq göstərilməsi tələbini irəli sürmüşdü. Hökumətə tam etimadsızlıq göstərilməsini yalnız İttihad Partiyası tələb etmiş və parlamentdən yeni hökumət kabinəsinin təşkil olunması tapşırığını alan Nəsib bəy Yusifbəylinin namizədliyini də müdafiə etməmişdi. Bununla belə, İttihad da yeni kabinetə daxil olmaq ehtimalını nəzərdən keçirirdi. O, Slavyan-rus və Erməni fraksiyaları istisna olmaqla, Azərbaycanın müstəqilliyi ideyasını müdafıə edən bütün partiyaların parlament mərkəzinin yaradılmasını təklif etmiş və bildirmişdi ki, əks təqdirdə Müsavat-Sosialist mərkəzi adlandırılan mərkəz ölkəni səhvlərdən və müxalifətdən xilas edə bilməyəcək.
1919-cu ilin sentyabrında da hökumətə etimad məsələsi irəli sürülərkən İttihad fraksiyası qəti və açıq şəkildə buna qarşı çıxmışdı. İttihad yeni hökumətin Müsavat və İttihad fraksiyaları, həmçinin Bitərəflər fraksiyası əsasında formalaşdırılmasını təklif edirdi. 1919-cu ilin oktyabrında Müsavat fraksiyasına bitərəflərdən ayrılıb birləşən parlament üzvləri ilə Müsavat və bitərəflər fraksiyası qurulduqdan sonra, kabinetin tərkibi məsələsi təkrar müzakirə olunarkən İttihad Müsavatın daxili və xarici siyasət taktikası ilə prinsipial ixtilafda olduğuna görə yeni hökumətin tərkibində iştirakdan imtina etməyi qərara aldı. Bununla yanaşı, Nəsib bəy Yusifbəylini bitərəf hökumət yaratmağa qadir olmayan məhdud partiya lideri hesab etdiyini bildirən İttihad onun təşkil etdiyi hər hansı hökumətə etimadsızlıq göstərilməsi haqqında qərar qəbul etdi.
1919-cu ilin dekabrında yeni hökumət kabinetinin formalaşdırılması zamanı İttihaddan 2 nəfər: Həmid bəy Şahtaxtinski xalq maarifi və dini etiqad naziri (1920 il martın 5-dən 30-dək Nurməmməd Şahsuvarov), Sultan Məcid Qənizadə isə dövlət nəzarətçisi olaraq hökumətə daxil edildi. İttihad Bunlara baxmayaraq Qara bəy Qarabəyov, hökumətin proqramını kəskin tənqid etməyə davam etmişdir. O, dövlət məmurlarını rüşvətxorluqda, vəzifədən sui-istifadədə ittiham etmiş, "respublika qəzalarını tamamilə yaddan çıxaran" Xalq Maarifi Nazirliyini isə kəskin tənqid atəşinə tutmuşdu. İttihad Müsavatı dövlət vəsaitindən qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə ittiham edirdi. İttihad bir sıra məsələlərə münasibətdə qismən bolşevikpərəst mövqedən çıxış edirdi. Bu fraksiya Qərb imperializminə qarşı mübarizədə kommunistlərlə ittifaqa çağırır, rus Sovet ordusunun Antantaya qarşı mübarizə aparan Türkiyəyə yardım etməsi üçün Azərbaycana buraxılmasını tələb edirdi. Müsavatın Məmmədhəsən Hacınskini daxili işlər naziri vəzifəsindən geri çağırmaq niyyətindən xəbər tutan İttihad hökumət koalisiyası haqqında qərar qəbul etmişdi. Yeni təyinatlardan razı qalmadığını bildirən İttihad fraksiyası baş nazir Nəsib bəy Yusifbəyliyə partiyalarla məsləhətləşməyi və Hacınskini nazir vəzifəsində saxlamağı təklif etdi. İttihadçılar Müsavatı hakimiyyəti zorla ələ keçirməkdə günahlandırırdılar. Onlar hökumətin kommunistlərə qarşı gördüyü tədbirlərin də əleyhinə çıxırdılar. İttihad nümayəndələri hökumətin tərkibindən çıxaraq, Müsavatın hakimiyyətdən getməsinə çalışır, əks halda, hökumətdə iştirakdan imtina edəcəkləri ilə hədələyirdilər. Bu hökumət 30 mart 1920-ci ildə dağıldı.
Müsavat Partiyası ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif etmişdi. İttihad hökumətə daxil olmaq təklifı müqabilində üç şərt irəli sürmüşdü:
1920-ci ilin aprelində hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumun müzakirəsi zamanı İttihad fraksiyası digər bütün fraksiyalar kimi hakimiyyətin təhvil verilməsi təklifini müdafiə etmişdir.
İdeoloji əsasını o dövrün ittihadi-islam, islam modernizmi, islam reformizmi kimi populyar nəzəriyyələr təşkil edirdi. İttihadçılıq ideologiyasının ana xətti ideal islama, Məhəmməd Peyğəmbər dövrünün mövhumat və xurafatdan uzaq ənənələrinə qayıdış prinsipi idi. Partiya demokratiya, azadlıq, bərabərlik kimi prinsiplərinin açıqlanmasına xüsusi fikir verirdi.
"Yaşasın İttihadi-İslam, var olsun Hürriyyəti-ənam!" epiqrafı ilə nəşr olunan partiyanın ilk mətbu orqanı "Müsəlmanlıq" qəzetinin ilk məqaləsində yazılırdı:[3]
"Firqə ibarət olacaq o adamlardankı, İslamiyyətin əsasını hər şeydən əziz və mötəbər tutsun va ona əməl etsin və ġəriətimizin ehkamının hürriyyətlə gözəl imtizac etdiyinə qail olub bu ahəngi ixlal etməsin və hər ikisinə canla və malla müdafiə olsun" |
İttihadçı ideoloqlar İslam dünyasının ümumi tənəzzülünü, mədəni, iqtisadi-siyasi geriliyini, müsəlman ölkələrinin Avropa dövlətlərinin müstəmləkələrinə çevrilməsinin səbəblərini də klassik ittihadda olduğu kimi Məhəmməd dövründən sonra İslamın "ehkami-nəzəriyyə, məna və ruhinin büsbütün dəyişdirilməsi, zülm və müstəbidliyin hökm fərma olması" ilə əlaqələndirirdilər. Günahkar isə "əski müstəbid hökmdarlar, bizə cəfa eyləyən vəzirlər, böyüklər, əyrini doğru göstərən üləmalar", "sırf kəndi mənafe və mövqeləri üçün İslamdakı kəlam və əfkara mane olduqlarından İslamların geri qalmasını icab etdirənlər" elan olunurdu.[39]
İlk vaxtlarda daha mütərəqqi fikirləri müdafiə edən partiya, daha sonra mühafizəkarlaşmışdır. Partiya ideoloqları milliyətçiliyin vahid olan İslamı böldüyünü düşünmüşdür.[40]
İttifaqi-Müslimin firqəsindən fərqli olaraq İttihad ilk vaxtlarından daha konkret coğrafiyada — Qafqazda fəaliyyət yürütmüşdür. İttihad Qafqaz müsəlmanları üçün ərazi müxtariyyəti tələb etmişdir.[41]
Partiya Dağlılar Respublikası ilə yaxşı əlaqələr yaratmağı, xüsusi mülkiyyəti, pulsuz, icbari ibtidai və rüşdiyyə təhsilini müdafiə edirdi. Partiya zəhmətkeş məsələsində menşeviklərin proqramını qəbul etmişdir. Firqə erməni-müsəlman qarşıdurmalarında günahkarların cəzalandırılıb sülhün bərqərar olmasını müdafiə etmişdir.[42]
Partiyanın 1918-ci ilin sentyabr ayından rəhbəri Qara bəy Qarabəyov olmuşdur. 1919-cu il tarixli I Qurultayda partiya Mərkəzi Komitə və onun daxilindən seçilən İcraiyyə Komitəsi ilə idarə olunub, lakin həmin ilin sonuna doğru İcraiyyə Komitəsi ləğv olunaraq 7 nəfərlik Rəyasət Heyəti yaradılmışdır.
Mühcirətdəki İttihadın sədri Xosrov bəy Sultanov olmuşdur. Gizli İttihadın isə sədri 1920–1921-ci illərdə Qara bəy Qarabəyov olsa da, 3 iyun 1921-ci ildən Qoşqar Abbasov olmuşdur.
Sədrlər[redaktə | mənbəni redaktə et]
|
Rəyasət Heyəti[redaktə | mənbəni redaktə et] |
Rusiyada Müsəlmanlıq Firqəsi daimi olaraq Müsavatın ən güclü rəqiblərindən hesab olunmuş və ana müxalifət mövqesində olmuşdur. Rusiyada Müsəlmanlıq Partiyası 1917-ci ildə həm Bakı Şəhər Dumasına, həm də Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə müstəqil şəkildə iştirak etmişdi.
Seçki | Sədr | Nəticə | |||
---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | ||
1917 | 8 015 | 11.03% | Yeni | 11 / 100
|
Seçki | Sədr | Nəticə | |||
---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | ||
Rusiyada müsəlmanlıq "İttihad" (1917–1918) | |||||
1917 | Yeni | ||||
Qafqaz İttihad Partiyası (1918–1920) | |||||
1920 | Qara bəy Qarabəyov |
Seçki | Sədr | Nəticə | |||
---|---|---|---|---|---|
Səs | % | ± | Mandat | ||
1917 | 66 504 | 0.14% | Yeni | 1 / 767
|
Bu seçkilərlə bağlı Müsavat Partiyası liderlərindən Nəsib bəy Yusifbəyli 6 noyabr 1917-ci ildə Gəncə Nahiyyə Hərbi Qurultayında çıxışında demişdir:[43]
Həzərat, sizi and verirəm, hansl firqəyə səsinizi verirsinizsə, verin, istər lap cühud olsun, istər lap daşnaksəkan olsun, tək bir "Müsəlmanlıq"-a verməyiniz. Çünki həmin firqə nəlayiq bir firqədir." |
Noyabrın 26–29-da Rusiyada Müsəlmanlıq Firqəsi müstəqil şəkildə qatıldığı Rusiya Müəssislər Məclisinə seçkilərdə 66 504 (0,14%) səs toplayaraq 1 deputat yeri qazanmışdı. Bu seçkilərdə Müsavat 615,816 (1,34%) səs toplamış və 10 deputat yeri qazanmışdır. Bu seçkilərdə Gəncədəki İttihadi-İslam Cəmiyyəti müstəqil iştirak etsə də, öz siyahısını çıxarmamışdır.
1917-ci ilin oktyabr ayında partiyanın rəsmi mətbu orqanı olan "Müsəlmanlıq" qəzeti çap olunmağa başlamışdır. Onun ilk sayı 22 oktyabr 1917-ci ildə çap olunmuşdur. Redaksiya binası İsmailiyyə Sarayında olan bu qəzet 4 səhifəlik idi.[44] Qəzet "Yaşasın İttihadi-İslam, var olsun Hürriyəti-ənam!" epiqrafı ilə nəşr olunmuşdur.[3]
Ceyhun Hacıbəyli rəhbərliyində 1917-ci ilin dekabr ayının 4-də İttihad qəzeti çapa başlamışdır. 1918-ci ilin fevralınadək müstəqil fəaliyyət göstərən qəzet həmin dövrdə partiyanın rəsmi orqanına çevrilir.[5] 1918-ci ilin fevralında partiyalararası komitənin ortaq mətbu orqanı Azərbaycan qəzeti təsis edilmiş, Ceyhun Hacıbəyli isə onun redaktoru təyin olunmuşdur. Bu hadisədən sonra qəzet bağlanma təhlükəsi yaşamışdır. O dövrdə İttihad Firqəsinin rəsmi orqanı olan "Müsəlmanlıq" qəzeti "İttihad" qəzeti ilə danışıqlar aparmışdır və beləliklə "İttihad" qəzeti firqənin rəsmi qəzetinə çevrilmişdir.[45] Mart hadisələrindən sonra qəzetin fəaliyyəti dayandırılsa da, 2 fevral 1919-cu ildə Azərbaycan dilində İttihad qəzetinin çapı bərpa olunmuş, 19 fevral 1919-cu ildə isə rusca qəzet çap olunmağa başlanmışdı.[4][44]
1918–1919-cu illərdə Azərbaycanca İttihada Mərkəzi Komitə tərəfindən seçilmiş şəxslər rəhbərlik etsə də, 1919-cu ilin aprelində Mərkəzi Komitənin üzvü Nakaşidze qəzetin redaktoru təyin olunmuşdur.[45] Bir müddət sonra Nakaşidze firqədən istefa verir və onun yerinə əvvəlcə qeyri-rəsmi, II Qurultaydan sonra isə rəsmi olaraq redaktorluq Qara bəy Qarabəyova həvalə olunur.[46][44]
Rusca İttihada isə əvvəlcə MK tərəfindən təyin olunmuş redaksiyə heyəti rəhbərlik etsə də, iyun ayından Qazı Əhməd bəy Məmmədbəyov rəhbərlik etmişdir. II Qurultaydan sonra burada da redaktorluq Qara bəyə həvalə olunur.[47]