İttihad (qəzet)

İttihad qəzeti (az-əbcəd. اتحاد‎) — siyasi, ictimai, ədəbi qəzet: İttihad Partiyasının rəsmi mətbu orqanı (1917–1920).[1]

İttihad
az-əbcəd. اتحاد
Növ Siyasi-ictimai qəzet
Sahibi Ceyhun Hacıbəyli (1917-1918)
İttihad Partiyası(1918-1920)
Təsisçi Ceyhun Hacıbəyli
Baş redaktor Ceyhun Hacıbəyli (1917-1918)
Camal əfəndi Nakaşidze (1918-1919)
Qara bəy Qarabəyov (1919-1920)
Yaranma tarixi 4 dekabr 1917
Siyasi mənsubiyyət İttihad Partiyası
Dil Azərbaycan dili
Rus dili
Nəşrini dayandırıb 28 aprel 1920
Şəhər Bakı
Ölkə Azərbaycan

Ceyhun Hacıbəyli tərəfındən təsis edilmiş və ilk nömrəsi 1917-ci il dekabrın 4-də onun baş redaktorluğu ilə çıxmışdır. "Güc ittihaddadır" şüarı ilə çap olunurdu. 1918-ci ilin əvvəllərində Ceyhun Hacıbəyli "Azərbaycan" qəzetinin rəhbərliyinə dəvət olunandan sonra "İttihad" 59-cu nömrəsindən etibarən Rusiyada Müsəlmanlıq Fırqəsinin rəsmi orqanına çevrilmişdi. Daşnakların azərbaycanlılara qarşı törətdikləri Mart soyqırımı nəticəsində nəşri müvəqqəti olaraq dayandırılan qəzet 1919-cu ilin fevralından partiya orqanı kimi yenidən çap olunmağa başladı.[1]

"İttihad"ın 1918-ci il və 1919-cu ilin aprelinə qədərki nömrələri redaksiya heyətinin (heyəti-təhririyyə) rəhbərliyi ilə çıxırdı. 1919-cu ilin aprelində isə qəzetə "Acaralı Camal" təxəllüsü ilə Qafqaz "İttihad" Firqəsi Mərkəzi Komitəsinin üzvü Camal əfəndi Nakaşidze baş mühərrir təyin olundu. Lakin Camal əfəndi Nakaşidzenin partiyanın tərk etməsi onun qəzetin mühərrirliyindən də getməsi ilə nəticələndi. Bundan sonra qəzetə əvvəl qeyri rəsmi, 1920-ci ilin yanvarından isə Qafqaz "İttihad" Firqəsi II Qurultayının qərarına əsasən, partiyanın sədri Qara bəy Qarabəyov rəhbərlik etməyə başladı.

İlk vaxtlar gündəlik çıxan "İttihad" 1919–1920-ci illərdə ayda yalnız bir-iki dəfə çap olunurdu. "İttihad"ın əsas müəllifləri Ceyhun Hacıbəyli, Qara bəy Qarabəyov, Axund Molla Ələkbər Abbasquluzadə, Ceyhun bəy Tağızadə, Ə.H.Cabbarlı, Məhəmməd Hadi, Mirzə Bala Məmmədzadə, Hacı Mir Mövsün Qasımzadə, Bəhlul Behcət, Məhəmməd ağa Şahtaxtlı və b. idi. "İttihad" geniş proqramla fəaliyyət göstərirdi. Səhifələrində firqənin siyasi mövqeyini, Qafqaz, Rusiya və İrandakı siyasi proseslərə aid məqalələr, sosial problemlərə dair yazılar, ictimai qüsurları tənqid edən felyetonlar, azadlığı tərənnüm edən şerlər, Bakı və qəzaların həyatına dair məlumatlar dərc olunurdu. Aprel işğalından (1920) sonra qəzetin nəşri dayandırılmışdır.[1]

  • Göyüşov A., Azərbaycanda İttihadçılıq, B., 1997
  • Rüstəmova-Töhidi S., Azərbaycan dövrü mətbuatı, B., 1993
  • Mustafayev Q., XX əsrin əvvəllərində Azərbaycanda İslam ideologiyası və onun tənqidi, B., 1973
  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 72. ISBN 9952-417-44-4.