Aşurbəyovlar
Aşurbəyovlar — Azərbaycan xalqının tanınmış soylarından biri. Nəslin kökündə Avşar elindən olan Aşur xan Avşar dayanır.
== Aşurbəylilərın tarixçəsi ==
=== Erkən tarixi ===
Nadir şah 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olub. Aşur xanın beş oğlu olub – Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdullah bəy, Danyal bəy, Əliyar bəy.
=== Çar dövrü ===
Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, İsa bəy, Hacı Nəcəfqulu bəy, Hacı Nəsir bəy, Aşurbəy, Zair bəy və Balacaxanım xanım həmin nəslin görkəmli nümayəndələridir. Onların bəziləri qardaş, bəziləri isə əmioğlu, bibioğlu və ya xalaoğlu olublar. 1828-ci ildə Rusiyanın Şimali Azərbaycanı işğal etməsindən sonra vəziyyət bir qədər dəyişir. Bəylərin və xanların hüquqları məhdudlaşdırılır. Lakin çar hakimiyyəti əhali arasında yaranan narazılığı gördükdə əhalinin ali təbəqəsi ilə bir qədər yumşaq davranmaq qərarına gəlir.