Telman Adıgözəlov
Telman Abbasqulu oğlu Adıgözəlov (17 iyul 1953, Balakən – 15 aprel 2010, Bakı) — Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Azərbaycan Respublikasının xalq artisti (2006).
Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır. Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.
İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynamışdır.
Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.