Azərbaycan dilinin izahlı lüğətində AB sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ fars. ] klas.
1. Su.
□ Abi-bəqa – bax abi-həyat.
Abi-heyvan(i) – bax abi-həyat.
Əzib ləli qatıb abi-heyvana; Qənd ilə yoğurub dil-dodaq çəkib. Q.Zakir.

Abihəyat – həyat suyu, dirilik suyu (əfsanələrə görə, guya zülmətdə bir çeşmənin suyu olub, onu içənlər heç ölməzlərmiş).
Külli Qarabağın abi-həyatı; Nərmü nazik bayatıdır, bayatı. M.V.Vidadi.
Ölümümdür mənim ol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgün yerinə abi-həyat. S.Ə.Şirvani.
Abi-həyatın bir belə zahid ki, vəsf edər; Ləliləbin yanında bir əfsanədir mənə. Ə.Vahid.

Abi-kövsər1) dini əfsanələrə görə, guya cənnətdə olan Kövsər çayının dadlı suyu.
Dürlü bulaq abi-kövsər suyudur; İçəndə dad verir dəhanə, dağlar! Aşıq Xəyyam.
Pəs onlar [mollalar] nə vaxtadək cənnət, abikövsər vədəsi ilə bədbəxt islam camaatının qanını soracaqlar? C.Məmmədquluzadə;

2) danışıqda və ədəbiyyatda çox vaxt şərab həmin suya bənzədilir.
[Süleyman bəy:] Bəh-bəh, nə gözəl sudur! Xalis abikövsərdir! Ə.Haqverdiyev.
[Mirzə Turab:] Sağ ol, Səfər ağa! Bu lap abi-kövsərdi. B.Talıblı.

Abi-leysan – bax abi-niysan.
Abi-niysan – bahar yağışı, çox güclü yağış.
Əmr olundu, abi-niysan; Cansızlara bəxş edə can; Yenə tazələndi dövran; Nə gözəl ruzigar oldu. Q.Zakir.

Abi-niysan kimi məc. – niysan yağışı kimi, sel kimi, çox güclü.
Biçarə çiyninə qoyub başını; Abi-niysan kimi tökür yaşını. Q.Zakir.
Hacının qədim nökəri Kərbəlayı Qulaməli iranlı qapının ağzında ayaq üstündə gözlərinin yaşını abiniysan kimi ağ saqqalından axıdırdı. Ə.Haqverdiyev.

Abi-zəmzəm (Zəmzəm – Məkkədə olan və suyu müsəlmanlar tərəfindən müqəddəs sayılan quyunun adıdır) – klassik poeziyada şərab mənasında işlənmişdir.
Abi-zindəgani – bax abi-həyat.
2. məc. Göz yaşı.
Bu səmavi gözü yağdırmada ab. M.Hadi.

← A₁

Azərbaycan əlifbasının birinci hərfi. Həmin “a” sövtü millətlərin bəzisinin dilində çox işlənir, bəzisinin dilində az işlənir

AB-HAVA →

is. [fars. ab və ər. həva] Bir yerin, ölkənin iqlimi, təbiət (su, hava, isti-soyuqluq) cəhətdən vəziyyəti