Azərbaycan–Kosovo münasibətləri — Azərbaycan Respublikası ilə Kosovo Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Azərbaycan Kosovonun müstəqilliyini tanımadığı üçün bu iki ölkə arasında heç bir rəsmi siyasi əlaqə mövcud deyil.
Azərbaycan-Kosovo münasibətləri | |||||
---|---|---|---|---|---|
|
1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovo 2008-ci il fevralın 17-də müstəqilliyini elan etmiş və bu qərardan dərhal sonra ABŞ və bəzi Avropa dövlətləri Kosovonun müstəqilliyini tanımışdır. Ancaq dünya birliyinin bu məsələdə rəyi haçalanmışdır. Kosovonun müstəqilliyinə ilk etirazlardan biri Azərbaycanın paytaxtından gəlib. Həmin gün – fevralın 17-də brifinq keçirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü təmsil etdiyi dövlətin mövqeyini belə açıqlamışdır:
"Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur".
Bunun ardınca – fevralın 26-da prezident İlham Əliyev Azərbaycan sülhməramlılarının Kosovodan geri çağırılması üçün Milli Məclisə müraciət göndərmişdir. Kosovoda Türkiyə taborunun tərkibində fəaliyyət göstərən 34 nəfərlik sülhməramlı Azərbaycan taqımı Milli Məclisin martın 4-də keçirilən iclasının qərarı ilə geri çağırılmışdır[1]. Aprelin 15-də taqım Azərbaycana qayıtmışdır[2].
Azərbaycan Respublikasının 20 oktyabr 1999-cu il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kosovo Türk Taburu Görev Küvvəti tərkibində Kosovoya gedəcək Azərbaycan taqımının fəaliyyətinə dair 1999-cu il iyulun 28-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilmişdir[3]. Müvafiq Sazişə əsasən Azərbaycan taqımı 1 zabit, 1 gizir, 32 əsgər olmaqla 34 hərbi qulluqçudan ibarət 2 manqalı, bir mexanizləşdirilmiş taqım şəklində təşkil edilmişdir[3]. Taqım komandirinin leytenant və ya baş leytenant rütbəsində olması nəzərdə tutulmuşdur[3].
Kosovo 2015-ci il 12-28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarında 19 idmançı ilə iştirak etmişdir. Qadınlar arasında cüdo yarışında 57 kq-da Nora Qyakovanın qazandığı bürünc medal ilə Kosovo ilk Avropa Oyunlarını 40-cı pillədə başa vurmuşdur[4].
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |