Azərbaycan–Fransa münasibətləri — Azərbaycan Respublikası ilə Fransa Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Sovet dövründə Fransa–SSRİ münasibətlərinin tərkib hissəsi olmuş, Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində inkişaf etmiş, hazırda isə yüksələn xəttlə inkişaf etməkdədir.
Azərbaycan-Fransa münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycanın Fransadakı səfirliyi | |||||
Səfir | Leyla Abdullayeva[1] | ||||
Ünvan | Paris, avenue d'Iéna, 78 | ||||
Fransanın Azərbaycandakı səfirliyi | |||||
Səfir | Ann Buayon[2] | ||||
Ünvan | Bakı, Rəsul Rza küçəsi 9, AZ 1000 | ||||
Digər | |||||
Quruluş tarixi | fevral 1992 | ||||
Dövriyyə | 0,274 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
3 yanvar 1992-ci ildə Fransa Azərbaycanın müstəqilliyini tanıyıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Vodovoznaya küçəsindəki Mitrofanovun evində Fransanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul agenti Yemelyanov rəhbərlik etmişdir[3].
Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi Paris Sülh Konfransında Fransa Azərbaycanın müstəqilliyini de-fakto tanımışdır[4]. Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament bir sıra digər ölkələrlə yanaşı Fransanın paytaxtında da fəaliyyət göstərəcək diplomatik nümayəndəliyin yaradılması haqqında qanun qəbul etmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Osmanlıda ali təhsil almaq üçün seçilmiş Cümhuriyyət tələbələrinin bir hissəsi Fransa universitetlərində təhsil almışdır.
Həmin dövrdə Fransa hökumətinin dəstəyini hiss edən Azərbaycan hökuməti fransız dilinin də beynəlxalq dil rolunu nəzərə alaraq, Cümhuriyyətin 500 manatlıq əsginaslarının üzərində Respublikanın və nominalın adları Azərbaycan və rus dilləri ilə yanaşı fransız dilində də göstərmişdir[5].
Azərbaycan və Fransa siyasi münasibətləri müstəqilliyin ilk illərində gərgin olmuşdur. Fransanın Ermənistanla yaxın dostluq əlaqələri Azərbaycanla Fransanın yaxınlaşmasına imkan vermirdi. Heydər Əliyev ona görə də ilk rəsmi səfərini Fransadan başladı. 2003-cü ilə qədər bir neçə dəfə Fransaya rəsmi və qeyri-rəsmi səfərlər etmişdir. İlham Əliyev də ilk rəsmi səfərini məhz Fransadan başladı.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 21-də qurulmuşdur[6].
Azərbaycanla Fransa arasında ən yüksək səviyyələrdə məktub mübadiləsi həyata keçirilir.
Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[7]. 1 yanvar 1997-ci ildən Fransa ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ və Rusiya ilə birlikdə başçılıq edir.16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb.
Konsulluq məsələləri Azərbaycanın Fransadakı və Fransanın Azərbaycandakı səfirlikləri tərəfindən həyata keçirilir.
13 sentyabr 2006-cı ildə Fransa BMT Baş Assambleyasının 61-ci sessiyasının gündəliyinə "GUAM ölkələrində uzanmış münaqişələr və onların beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri" adlı yeni bəndin əlavə edilməsi üçün Baş Assambleyada keçirilmiş səsvermədə bitərəf qalmışdır.
Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayevadir. O, bu vəzifəyə Azərbaycan Respublikası Prezidentinin 17 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə təyin edilmişdir[8].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[9]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Fatma Abdullazadə olmuşdur[10]. 4 mart 2016-cı il[9] tarixindən 6 mart 2017-ci ilə qədər işçi qrupunun rəhbəri Mehriban Əliyeva olmuşdur.
4–5 noyabr 1993-cü ildə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov Fransaya səfər etmiş və prezident Fransua Mitteranla görüşmüşdür.
19–22 dekabr, 1993-cü ildə Heydər Əliyev Fransaya rəsmi səfər etmişdir.
6 fevral, 1995-ci ildə Azərbaycanın xarici işlər naziri Həsən Həsənov ikinci dəfə Fransada səfərdə olmuşdur.
8 may 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyinin qeyd olunması ilə əlaqədar Heydər Əliyev Fransaya səfər etmişdir. 25–31 may 1995-ci ildə baş nazir Fuad Quliyev Fransaya səfər etmişdir. 3–6 dekabr, 1995-ci ildə Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Paris şəhərində keçirilmiş "Azərbaycanın sərmayə imkanları" adlı konfransda iştirak etmişdir.
10–11 yanvar 1996-cı ildə Fransa prezidenti F. Mitteranın vəfatı ilə əlaqədar Heydər Əliyev Fransaya səfər etmişdir. 13–15 yanvar 1997-ci ildə Heydər Əliyev Fransaya rəsmi səfər etmişdir. 1–2 fevral, 1999-cu ildə Xarici İşlər Naziri Tofiq Zülfüqarov Fransaya səfər etmişdir. 4–6 mart, 2001-ci ildə Heydər Əliyev ATƏT-in Minsk Qrupu formatında Ermənistan — Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun Ermənistan prezidenti ilə müzakirə etmək məqsədilə Fransaya işgüzar səfər etmişdir.
15 dekabr 2003-cü ildə Fransanın Müdafiə Naziri Heydər Əliyevin dəfn mərasiminə gəlmişdir. 22–23 yanvar 2004-cü ildə İlham Əliyev Fransaya rəsmi səfər etmişdir. 29 iyun 2004-cü ildə İlham Əliyev NATO-nun İstanbulda keçirilən zirvə toplantısı zamanı Fransa prezidentı Jak Şirakla görüşmüşdür. 7–9 sentyabr, 2004-cü ildə İlham Əliyev Fransada işgüzar səfərdə olmuşdur. 10–11 fevral, 2006-cı ildə İlham Əliyev Fransada Rambuye qəsrində Robert Koçaryanla danışıqlar aparmışdır. 28–30 may 2006-cı ildə İlham Əliyev NATO-nun Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Fransaya işgüzar səfər etmiş; Azərbaycanın Fransada yeni binasının açılışı olmuşdur.
İlham Əliyev 2007-ci ilin yanvarında Fransada, Şirak isə 2007-ci il yanvarın I yarısında Azərbaycanda səfərdə olmuşdur.
Fransaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir[11]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[11].
1997-ci ildə Heydər Əliyevin Fransaya səfəri zamanı ARDNŞ və Fransanın Total və Elf qurumları arasında Xəzərin neft ehtiyatlarının istismarı haqqında müqavilə imzalanmış, Fransa hökuməti Naxçıvan və Gəncə aeroportlarının uçuşlara nəzarət avadanlığı ilə təmin edilməsi məqsədilə 14 880 avro məbləğində kredit ayrılmasına razılıq vermişdir.
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[12] | 110 662,51 | 448 192,66 | 558 855,17 |
2021[13] | 64 595,19 | 180 868,59 | 245 463,78 |
2022[14] | 50 979,58 | 222 854,64 | 273 834,22 |
11 aprel 2005-ci il tarixindən Azərbaycanda Fransız İnstitutu[15][16], 2011-ci ildən Bakı Fransız Liseyi[17], 2015-ci ildən Azərbaycan-Fransız Universiteti[18][19] fəaliyyət göstərir.
2007-ci ilin iyul ayından Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan[21] "Le Carrefour" qəzeti fəaliyyət göstərir.
Azərbaycan Respublikasının "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti ilə Fransa Respublikasının Milli Kosmik Tədqiqatlar Mərkəzi arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair 2018-ci il iyulun 20-də Paris şəhərində Çərçivə Sazişi imzalanmışdır[23].
Fransa milli futbol komandası ilə 2 dəfə qarşılaşmış Azərbaycan yığması öz futbol tarixində ən böyük hesablı məğlubiyyəti məhz fransızlardan almışdır. Belə ki, Avro-1996-nın seçmə mərhələsində beynəlxalq arenaya qədəm basan Azərbaycan yığması Türkiyənin Trabzon şəhərindəki ev oyununda rəqibinə 0:2 hesabı ilə uduzsa da, Fransanın Oser şəhərindəki matçda 0:10 hesabı ilə məğlub olmuşdur[24]. Sonuncu oyun Azərbaycan futbol tarixində ən böyük məğlubiyyət idi və yerli KİV-lər tərəfindən isə "Oser faciəsi" adlandırılmışdır[25][26].
Azərbaycanlı futbolçular Fransa, fransızlar Azərbaycanda çıxış etməyib. Lakin bu ölkənin vətəndaşlığını daşıyanlar Azərbaycan klublarında çıxış ediblər. Əslən qanalı olan Edmond N’Tiamoa "Xəzər-Lənkəran"la Azərbaycan çempionu və kubokunu qazanmış; "Olimpik-Şüvəlan"da oynamış türk əsilli Endər Günlü də Fransa pasportu ilə qeydiyyatdan keçmişdir.
Fransa 2015-ci il 12–28 iyun tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarında 251 idmançı ilə iştirak etmişdir. Qazandığı 43 medal, o cümlədən 12 qızıl, 13 gümüş və 18 bürünc medal ilə Fransa ilk Avropa Oyunlarını 5-ci pillədə başa vurmuşdur[27].
Azərbaycanın Fransada:
Fransanın Azərbaycanda:
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair çox sayda sənəd imzalanmışdır.
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |