Azərbaycan–Pakistan münasibətləri — Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Pakistan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Pakistandaki Azərbaycanin səfirliyi | |||||
Səfir | Xəzər Fərhadov[rus.] | ||||
Ünvan | İslamabad, 1 D və 1E sahələr, Diplomatik məhəlləsi | ||||
Azərbaycandaki Pakistanin səfirliyi | |||||
Səfir | Bilal Hayee | ||||
Ünvan | Bakı, Atatürk pr., 30 | ||||
Digər | |||||
Quruluş tarixi | 9 iyun 1992 | ||||
Dövriyyə | 0,028 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan və Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkə olmuşdur.
Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur[1].
Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.
Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.
9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər.
Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.
Səfər çərçivəsində Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənəzir Buhutto ilə də görüşüb. Prezident Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Buhutto iki ölkə arasında sənədləri imzaladıqdan sonra birgə mətbuat konfransı keçiriblər. Prezident Heydər Əliyev mətbuat konfransında - "Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik"- deyərək, Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edib. Aprelin 11-də isə Azərbaycan Prezidentini Pakistan televiziyasına müsahibə verib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət başçılarının 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün səfərdə olarkən, 1997-ci ilin 10 dekabrında Tehranda Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. Görüş zamanı Prezident Heydər Əliyev bir daha bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib. Baş nazir Nəvaz Şərif də Pakistanın Azərbaycanın haqq işini dəstəklədiyini elan edib və Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyib.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü 2000-ci ilin iyununda Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində baş tutub. Görüş zamanı tərəflər bir-birlərini dəstəklədikləri bildiriblər.
2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Prezident Heydər Əliyevlə Prezident Pərviz Müşərrəfin növbəti görüşü 2002-ci ildə İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində baş tutub. Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub.[2]
2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır.
Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyevin hələ 2003-cü il sentyabrın 25-də Pakistan Prezidenti Pərviz Müşərrəf arasında ilk görüş olub. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 3 günlük rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.
Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. İyulun 9-da Pakistan Prezidenti Heydər Əliyev Fondunu ziyarət edib.
2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. 3-5 may 2006-cı ildə ECO-nun Bakıda keçirilən 9-cu Sammitində Prezident İlham Əliyev Pakistanın Baş Naziri Şövkət Əzizi qəbul edib.
2008-ci il iyunun 19-da Prezident İlham Əliyev Pakistan Parlamentinin sədri Muhammadmian Sumronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
2008-ci ilin sentyabrında Pakistanda hakimiyyət dəyişikliyi baş verib. Ölkədə keçirilən prezident seçkilərində Asif Əli Zərdari Pakistanın yeni prezidenti seçilib. O, Pakistanla dost münasibətləri saxlayan dövlətlərlə, o cümlədən, Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti seçilməsi münasibətilə Asif Əli Zərdarini təbrik edib.
2008-ci il iyulun 7-də Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Pakistan Senatının xarici əlaqələr daimi komitəsi sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Pakistan Senatının xarici əlaqələr daimi komitəsi sədrinin ölkəmizə bu səfərinin həm parlamentlərarası əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev 2009-cu il mayın 19-da Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib.[2]
2012-ci il, 16 oktyabr tarixində Prezident İlham Əliyevin və Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdarinin görüşü olmuşdur.[3]
2013-cü il, 10 oktyabr tarixində Prezident İlham Əliyev Pakistan İslam Respublikası Senatının sədr müavini Sabir Əli Bəlucun başçılıq etdiyi Pakistan Senatı və Milli Assambleyası üzvlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.[4]
2015-ci il 11 mart tarixində Prezident İlham Əliyevin və Prezident Məmnun Hüseynin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Pakistan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni Prezident İlham Əliyev və Prezident Məmnun Hüseyn, “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş”i Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov və Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universiteti ilə Pakistan İslam Respublikasının Xarici Xidmət Akademiyası arasında 2015-2017-ci illər üzrə Əməkdaşlıq Proqramını” xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və Pakistanın Xarici İşlər Nazirliyinin xüsusi katibi Amcad Hüseyn Sial imzalayıb.[5]
2015-ci il 11 mart tarixində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Pakistanın “Hilal-e-Pakistan” ordeni təqdim olunub.[6]
2015-ci il 3 may tarixində Prezident İlham Əliyev Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib.[7]
2015-ci il 1 noyabr tarixində İPrezident İlham Əliyev Pakistan Senatının müdafiə komitəsinin sədri Müsahid Hüseyn Seyidin başçılıq etdiyi, Pakistan Senatının üzvlərindən ibarət olan nümayəndə heyətini qəbul edib.[8]
2016-cı il 1 yanvar tarixində Davosda Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şərif ilə görüşü olub. Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu deyib. Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib. “Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğulayıb, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.[9]
2016-cı il 1 mart tarixində Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.[10]
2016-cı il 26 sentyabr tarixində Prezident İlham Əliyev Pakistan İslam Respublikasının müdafiə sənayesi naziri Rana Tanvir Hussainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.[11]
2016-cı il 14 oktyabr arixində İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə geniş tərkibdə danışıqları olub
2016-cı il 5 dekabr tarixində Prezident İlham Əliyev Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastgir Xanı qəbul edib.[12]
2017-ci il 28 fevral tarixində Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Nəvaz Şərif ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Baş nazir Məhəmməd Nəvaz Şərifə yüksək qonaqpərvərliyə görə təşəkkür etdi. Məhəmməd Nəvaz Şərifin Bakıya uğurlu səfəri xatırlanıb.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələr müzakirə edildi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemi ilə bağlı ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verdiyi və qətiyyətli mövqe nümayiş etdirdiyi bir daha vurğulanıb.[13]
2017-ci il, 30 noyabr tarixində Prezident İlham Əliyev Pakistan İslam Respublikasının xarici işlər naziri Xavaca Məhəmməd Asifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.[14]
2018-ci il, 25 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatı qəbul edib. Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zübair Mahmud Hayatın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün ölkəmizə gəlməsindən məmnunluğunu ifadə edib və bunu ölkələrimiz arasında qardaşlıq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib.[15]
2019-cu il, 26 oktyabr tarixində İlham Əliyevin Pakistan Prezidenti Arif Alvi ilə görüşü olub.[16]
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[18]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Mübariz Qurbanov olmuşdur[19]. 4 mart 2016-cı il tarixindən Zahid Oruc işçi qrupunun rəhbəridir[18].
2008-ci il 18-20 iyunda Pakistan Senatının sədri M.Sumro Azərbaycana səfər etmişdir (Azərbaycan Parlamentinin 90 illiyi münasibətilə keçirilmiş tədbir).
2013-cü il 11-12 fevralda Milli Məclisin sədri Oqtay Əsədov İqtisadi Əməkdaşlıq Təşkilatının Parlamentlərarası Assambleyasının 1-ci iclasında iştirak etmək üçün Pakistana işgüzar səfər etmişdir.
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 30 sənəd imzalanmışdır.
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[20] | 1 657,57 | 11 625,54 | 13 283,11 |
2021[21] | 738,67 | 10 991,84 | 11 730,51 |
2022[22] | 7 666,66 | 20 500,49 | 28 167,15 |