Azərbaycan–Meksika münasibətləri — Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Meksika münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycanin Meksikadaki səfirliyi | |||||
Səfir | Məmməd Talıbov | ||||
Ünvan | Mexiko, Avenida Bosques de la Reforma 580, Colonia Bosque de la Lomas, Alcaldía Miguel Hidalgo | ||||
Meksikanin Azərbaycandaki səfirliyi | |||||
Səfir | Mariya Viktoriya Romero Kabalyero | ||||
Ünvan | Bakı, Xocalı küç., 37, Demirchi Tower, 24 mərt. | ||||
Digər | |||||
Quruluş tarixi | 10 fevral 1992 | ||||
Dövriyyə | 0,063 mlrd doll. (2022) |
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 10-da qurulmuşdur[1].
Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyi 10 yanvar 2008-ci ildə, Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi isə 1 oktyabr 2014-cü ildə təsis edilmişdir[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[2][3]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Nağı Əbdüləzimov olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Ülvi Quliyev işçi qrupunun rəhbəridir[3].
8 aprel 2010-cu il tarixində Meksika Konqresinin Deputatlar Palatasında Meksika–Azərbaycan parlamentlərarası işçi qrupu yaradılmışki, həmin qrupun 2016-cı ilin məlumatlarına görə rəhbəri Raymundo Kinq de la Rosa idi[2].
4 noyabr 2011-ci ildə "Senatın Asiya-Sakit okean ölkələri üzrə xarici əlaqələr komitəsinin Dağlıq Qarabağ regionunda münaqişəyə dair rəyi" adlı sənəd (Təkliflərlə birgə Razılaşma maddəsi) Meksika Senatında qəbul edilmişdir[2]. 8 dekabr 2011-ci ildə Meksika Konqresinin Deputatlar Palatasının sessiyasında "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında" sənəd (Razılaşma Maddəsi) qəbul edilmişdir[2].
2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılmışdır[5][6]. Bundan sonra 23 avqust 2012-ci ildə Meksikada Xocalı soyqırımına həsr olunmuş abidə qoyulmuşdur. Abidə paytaxt Mexikonun Tlakskoake–Xocalı meydanında yerləşir[7].
17-20 iyul 2012-ci il tarixlərində Meksika Konqresinin Deputatlar Palatasının Sədri Oskar Martin Arse Paniaqua və Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Azərbaycanda səfərdə olmuşlar[2].
Meksikaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün viza tələb edilir[8]. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir[8].
2015-ci ildə Meksikadan Azərbaycana idxal 22217,7 min ABŞ dolları, ixrac əməliyyatları isə 42,6 min ABŞ dolları məbləğində olmuşdur[9].
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[10] | 202,84 | 50 132,17 | 50 335,01 |
2021[11] | 467,31 | 64 421,51 | 64 888,82 |
2022[12] | 33,49 | 62 987,28 | 63 020,77 |
2010-cu ildə hər iki ölkə tərəfindən poçt markalarının "Azərbaycan - Meksika" birgə buraxılışı çap edilmişdir[13]. Markalarda Atəşgah və Teotluakan təsvir edilmişdir[13][14].
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Meksika Birləşmiş Ştatları arasında 5 sənəd imzalanmışdır[2].
1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çempionatının "D" qrupunun oyunları Azərbaycanda keçirilmişdir ki, Meksikanın gənclər millisi də həmin qrupda yer almışdır. Onlar lider kimi bitirdikləri[15] qrup mərhələsinin hər üç oyununu Bakıda keçirmişlər. Hər üç oyunda da rəqiblərinə qalib gələn meksikalılar Çini 3:1[16], Paraqvayı 2:0[17] və İngiltərəni 1:0[18] hesabları ilə məğlub etmişlər. Meksika millisi 1/4 final mərhələsinin də oyununu Bakıda keçirmişdir. Lakin həmin matçda Nigeriya millisinə 1:2 hesabı ilə məğlub olan meksikalılar mübarizəni dayandırmışlar[19].