Azərbaycan–Braziliya münasibətləri — Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan–Braziliya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Azərbaycanin Braziliyadaki səfirliyi | |||||
Səfir | Rəşad Novruz[1] | ||||
Ünvan | Brazilia, SHIS QI 09 conjunto 15 casa 15 Lago Sul CEP: 71.625-150 | ||||
Braziliyanin Azərbaycanindaki səfirliyi | |||||
Ünvan | Bakı, Bülbül pr., 7 | ||||
Digər | |||||
Quruluş tarixi | 23 oktyabr 1993 | ||||
Dövriyyə | 0,267 doll. (2021) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Braziliya 26 dekabr 1991-ci ildə[2] Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. Elə həmin vaxtdan etibarən iki ölkə arasında dostluq əlaqələrinin və əməkdaşlığın əsası qoyulmuşdur.
İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin oktyabrın 21-də qurulmuşdur[3].
22 iyun 2009-cu ildə Braziliyanın Bakıdakı Səfirliyi açılmışdır[4].
Azərbaycanın Braziliyadakı Səfirliyi isə 22 oktyabr 2010-cu il tarixli Qanun ilə Brazilia şəhərində təsis edilmiş[5] və 9 may 2012-ci ildə açılışı olmuşdur.[4] 10 fevral 2012-ci ildə Elnur Sultanov fövqəladə və səlahiyyətli səfir təyin edilmişdir[6].
4 sentyabr 2013-cü ildə Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupu yaradılmışdır. Dostluq qrupunun prezidenti deputat Klaudio Kajadodur[2]. 8 aprel 2014-cü ildə isə Braziliya Senatında Braziliya-Azərbaycan Dostluq Qrupu rəsmən yaradılmışdır. Həmin Dostluq qrupunun prezidenti isə senator Kristovam Buarkedir[2].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[7]. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Oqtay Əsədov olmuşdur[8]. 4 mart 2016-cı il tarixindən Asim Mollazadə işçi qrupunun rəhbəridir[2][7].
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyi nəzdində hərbi attaşelik aparatı təsis edilmişdir[9].
Braziliyanın hərbi milli futbol komandası 2013-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Hərbi İdman Şurasının hərbiçilər arasında birinci Dünya Futbol Kuboku yarışında iştirak etmişdir[10].
Cənubi Amerika və Karib hövzəsi ölkələri üzrə Azərbaycanın ən iri ticarət tərəfdaşı Braziliyadır[11]. İki ölkənin ticarət əlaqələri ildən-ilə genişlənir[11]. Əgər 2012-ci ildə Azərbaycan Braziliyadan 183 milyon ABŞ dolları həcmində mal idxal etmişdisə, 2013-cü ildə bu göstərici 360 milyon ABŞ dollarından artıq olmuşdur[11].
İl | İxrac | İdxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[12] | 6 594,29 | 78 381,40 | 84 975,69 |
2021[13] | 72 050,30 | 194 966,05 | 267 016,35 |
2013-cü ilin 6-11 avqust tarixlərində paytaxt Brazilia, 14-19 avqustda Rio-de-Janeyro, 4-8 sentyabrda isə San-Paulo şəhərlərində Braziliya Bankının Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan bədii filmlərinin nümayişi baş tutmuşdur[2].
Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyi münasibətilə 19 noyabr 2013-cü ildə paytaxt Braziliada xalq artisti maestro Yalçın Adıgözəlovun rəhbərliyi ilə konsert keçirilmişdir[2].
2013-cü ilin dekabrın 3-də Rio-de-Janeyro şəhər şurasının (şəhər parlamenti) xarici əlaqələr komitəsi Bakı və Rio-de-Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul etmiş və şəhər meri Eduardo Paes "Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması" qanununu imzalamışdır[14].
2013-2015-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə səfirlik tərəfindən braziliyalı gəncləri arasında "Mən Azərbaycan haqqında nə bilirəm?" adlı inşa müsabiqəsi keçirilmişdir[2].
11 dekabr 2014-cü ildə Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsəri Braziliya Mədəniyyət Nazirliyinin İncəsənət Fondunun Rio-de-Janeyro şəhərində fəaliyyət göstərən teatrında səhnələşdirilmişdir[2].
2015-ci ilin 23-26 aprel tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinin təşkilatçılığı və bu şəhərin prefekturasının nəzdində olan "Cidade das Artes" (azərb. İncəsənət şəhəri) Fondu ilə birgə Braziliyanın Rio-de-Janeyro şəhərində "Azərbaycan Mədəniyyət Həftəsi" keçirilmişdir[2].
6 oktyabr 2015-ci ildə Azərbaycanın Braziliyadakı səfirliyində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş Arzu Əliyevanın layihə rəhbəri olduğu "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?" sənədli filminin təqdimatı keçirilmişdir[2].
17 noyabr - 2 dekabr 2015-ci il tarixlərində Braziliyanın Porto Alegre şəhərindəki "Santander Kultural" mədəniyyət mərkəzində Azərbaycan bədii filmlərinin ilk nümayişi təşkil edilmişdir[2].
2016-cı ilin 9-13 mart tarixlərində San-Paulo və 6-11 aprel tarixlərində Brazilia şəhərlərinin Braziliya Bankının Mədəniyyət Mərkəzlərində Azərbaycan kino həftəsi keçirilmişdir[2].
15 mart 2016-cı ildə Rio-de-Janeyro şəhərində Azərbaycan Respublikasının adını daşıyan bələdiyyə məktəbi açılışı olmuşdur[2][15]. Qeyd edək ki, Azərbaycan Respublikasının adının məktəbə verilməsi qanununun müəllifi Joao Rikardo Ribasdır[15].
İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır. Ümumilikdə Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında 5 sənəd imzalanmışdır.
2016-cı ilin sonuna qədər Azərbaycan milli futbol komandasının heyətində 5 braziliyalı (Leandro Qomeş, Fabio Luis Ramim, Ernani Pereyra, Andre Ladaqa, Markus Ferreyra) forma geyinmişdir ki, onlar da ümumilikdə 59 matçda 5 qol vurublar[17].