Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycan–Almaniya münasibətləri — Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Almaniya–Azərbaycan münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Almaniyanin Azərbaycandaki səfirliyi | |||||
Səfir | Nəsimi Ağayev[1] | ||||
Ünvan | Berlin, Hubertusallee, 43 | ||||
Azərbaycanin Almaniyadaki səfirliyi | |||||
Səfir | Ralf Horlemann[rus.][2] | ||||
Ünvan | İSR Plaza, Nizami küç. 69 | ||||
Digər | |||||
Quruluş tarixi | 20 fevral 1992 | ||||
Dövriyyə | 1,255 mlrd doll. (2022) | ||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında qarşılıqlı münasibətlərin başlanğıcı XIX əsrin ikinci yarısına təsadüf edir. 1863-cü ildə Almaniyanın "Simens qardaşları" firması tərəfindən Gədəbəy ərazisində yerləşən mis yataqları bazasında iri misəritmə zavodları tikilib. XX əsrin əvvəllərinədək bu zavodlarda istehsal edilən mis Cənubi Qafqazda əridilən misin 2/3 hissəsini təşkil edirdi. Bundan əlavə "Simens qardaşları" firması Daşkəsən ərazisində kobalt yataqları bazasında kobalt zavodu inşa edib. Bu zavodların inşası nəticəsində xeyli sayda insan işlə təmin edilib, əhalinin maddi rifahı yüksəlib. Alman sənayeçilərinin bu ərazidə fəallığının artması nəticəsində ətraf ərazilərdə, xüsusilə Azərbaycanın indiki Göy-göl və Şəmkir rayonlarında alman koloniyaları yaranıb.
1918–1920-ci illərdə Azərbaycanla Almaniya müəyyən münasibətlərdə olmuşdur.
Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Prezident Heydər Əliyev o zamankı Almaniya Prezidenti Roman Hersoqun dəvəti ilə 1–4 iyul 1996-cı il tarixdə Almaniyada rəsmi səfərdə olub. Səfər zamanı Heydər Əliyev Almaniyanın prezidenti, kansleri, vitse-kansleri və digər hakimiyyət nümayəndələri ilə görüşlər keçirib. Bu görüşlər zamanı ölkələr arasındakı əməkdaşlığın xüsusiyyətləri geniş şəkildə müzakirə edilib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin əsas müzakirə mövzusu olub. Səfər çərçivəsində, siyasi, iqtisadi və elmi texniki əməkdaşlıq sahəsində beş müqavilə imzalanıb. Keçən illər ərzində Almaniya ilə Azərbaycan arasında müdafiə, siyasi təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq aparılıb.
2001-ci ilin mayında Almaniya xarici işlər naziri Yoşka Fişer, Bundestaqın sədr müavini Antye Follmer ilə birgə Azərbaycana səfər edib. Prezident Heydər Əliyev Almaniya nümayəndə heyəti ilə görüşündə iki ölkənin əməkdaşlığına böyük əhəmiyyət verdiyini, alman şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən razı qaldığını, bunun davamlı olmasını istədiyini bildirib. Azərbaycan Prezidenti AFR — in Ermənistan — Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müvafiq fəaliyyətinə ümid etdiyini deyib: "…Ümidvarıq ki, Minsk qrupunun üzvü kimi Almaniya bizim üçün əsas məsələ olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli sahəsində — Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz torpaqlarının azad olunması və işğal edilmiş torpaqlardan qaçqın düşmüş azərbaycanlıların öz yerlərinə-yurdlarına qayıtması sahəsində bundan sonra fəaliyyətini daha da artıracaqdır." Almaniyanın xarici işlər naziri Yoşka Fişer təmsil etdiyi ölkənin Dağlıq Qarabağ məsələsində imkanları daxilində kömək göstərəcəyini vəd edib.
24–26 avqust 2004-cü ildə Prezident İlham Əliyev Almaniya Prezidentinin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib. Almaniya Prezidenti Horst Köler və Federal kansler Gerhard Şröderlə keçirilən görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı siyasi əlaqələrin vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
14–16 fevral 2007-ci il tarixli Almaniya səfəri zamanı Prezident İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə görüşüb, ölkələrimiz, eləcə də Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əlaqələrin inkişaf perspektivləri, Azərbaycanda iqtisadi islahatların uğurla həyata keçirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə aparılıb.
Prezident İlham Əliyev 04–06 fevral 2010-cu il tarixdə Almaniyada növbəti rəsmi səfərdə olub. Səfər çərçivəsində İlham Əliyev Almaniyanın Kansleri Angela Merkelle görüşüb. Almaniyanın Azərbaycana müxtəlif sahələrdə dəstək verməyə hazır olduğunu diqqətə çatdıran xanım Angela Merkel bildirib ki, neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır. İlham Əliyev isə müasirləşmə dövrünü yaşayan Azərbaycanda alman texnologiyalarına tələbat olduğunu, Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[3].
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Cəlal Əliyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Rövşən Rzayev işçi qrupunun rəhbəridir[4].
Azərbaycan Prezidenti Heydər Əliyevin 1–4 iyul 1996-cı il tarixli Almaniya səfəri Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayıb. Prezident Heydər Əliyev Almaniyanın iri iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri, maliyyə-bank sektorunda çalışan iş adamları ilə görüşüb. O, Azərbaycan iqtisadiyyatının potensial imkanları və beynəlxalq biznes üçün yaradılan şəraitdən bəhs edərək alman iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb. Bu səfər Azərbaycana xarici investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynayıb.
Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan "Simens", "Ferrosstal", "İnterselekt", "Mersedes Bens" kimi iri şirkətlər Azərbaycanda uğurlu biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən 350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və polad məmulatları, istehsal avadanlıqları gətirilir.
Azərbaycan və Almaniya arasında bağlanan gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında 25 avqust 2004 tarixli, Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında Maliyyə Əməkdaşlığı haqqında, İqtisadi İnkişaf Nazirliyi və Almaniya İnkişaf Bankı arasında "Kreditlərin Zəmanəti Fondu"nun yaradılması üçün maliyyə yardımı ayrılması haqqında Maliyyələşdirmə Müqaviləsi, həmin Müqaviləyə dair Xüsusi Razılaşma, Həvalə Müqaviləsi və Mübahisələrin Münsiflər Məhkəməsində araşdırılması haqqında 14 avqust 2006 tarixli müqavilələr iqtisadi münasibətlərin möhkəmləndirilməsinə xidmət edir.
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020[6] | 234 109,29 | 583 473,62 | 817 582,91 |
2021[7] | 650 258,95 | 634 395,84 | 1 284 654,79 |
2022[8] | 591 301,14 | 663 599,04 | 1 254 900,18 |
Azərbaycan və Almaniya arasında mədəni əlaqələr intensiv şəkildə inkişaf edir. Azərbaycan ilə Almaniya arasındakı mədəni əlaqələrin inkişafı 22 dekabr 1995-ci il tarixli mədəni əməkdaşlıq haqqında Sazişlə bağlıdır. Bu sazişlə yaradılan Azərbaycan–Alman Qarışıq komissiyasının 4–6 fevral 1997-ci il və 4–6 noyabr 2002-ci il tarixlərində iclasları keçirilib.
ATƏT-in İstanbul Zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1999-cu il noyabrın 19-da "Çırağan sarayı"nda Almaniya Federativ Respublikasının kansleri Herhard Şröderlə görüşüb. Görüş çərçivəsində Prezident Heydər Əliyev 1947-ci ildə Azərbaycana gətirilmiş Bremen qalereyası rəsmlərinin Almaniyaya qaytarılması haqqında sərəncamı və məktubu AFR kanslerinə təqdim edib. — "Cənab kansler, biz bu iki əsəri və Nyu-Yorkda məhkəmə orqanlarının sərəncamında olan əsərləri sizə veririk. Mən 1947-ci ildən muzeyimizdə saxladığımız həmin əsərlərlə bağlı sənədləri də sizə təqdim edirəm."
Almaniyada 2008-ci il Azərbaycan ili elan edilib. Bu məqsədlə Azərbaycan mədəniyyət və turizm nazirinin rəhbərliyi ilə 120 nəfərlik nümayəndə heyəti Almaniyaya səfər edib. Mədəniyyət tədbirləri Berlində bir həftə davam edib. İl boyu isə Almaniyanın Münhen, Hamburq, Mayns, Ştutqart və digər iri şəhərlərində Azərbaycan mədəniyyəti təbliğ olunub. Almaniyada Azərbaycan ili çərçivəsində 12 iyun–15 iyul 2008-ci il tarixlərində Drezden Qalereyasında "Azərbaycan müasir incəsənət sərgisi" keçirilib. Sərgidə tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir.
Azərbaycanın Almaniyada:
Almaniyanın Azərbaycanda:
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Almaniya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |