Azərbaycan–Ukrayna münasibətləri

Azərbaycan–Ukrayna münasibətləriAzərbaycan Respublikası ilə Ukrayna arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan–Ukrayna münasibətləri
Azərbaycan və Ukrayna
 Azərbaycan  Ukrayna
Ukraynadaki Azərbaycanin səfirliyi
Səfir Seymur Mərdəliyev[rus.]
Ünvan Kiyev, Gluboçickaya küç., 24
Azərbaycandaki Ukraynanin səfirliyi
Səfir Vladislav Kanevski
Ünvan Bakı, Y. V. Çəmənzəminli küç., 49
Digər
Quruluş tarixi 6 fevral 1992
Dövriyyə 0,618 mlrd doll. (2022)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Nikolayevskaya küçəsi 8 ünvanındakı Mirzəbəyov qardaşlarının evində Ukraynanın nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul vitse-konsul Qolovan rəhbərlik etmişdir[1].

Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Azərbaycan xalqı ilə Ukrayna xalqları arasında sıx münasibətlər mövcuddur. Bu münasibətlər tarixən mövcud olub və bu gün də davam edir. Azərbaycan xalqını Ukrayna Respublikasının Krım yarımadasında yaşayan türkdilli xalq-Krım tatarları ilə daha sıx tellər bağlayır. Krım türklərindən olan İsmayıl Qaspiralı, Mustafa Krımoğlu və s. Azərbaycanda hörmətlə yad edilir. Çar Rusiyası zamanı imperiya ərazisindəki bütün türk dilli xalqlar, o cümlədən azərbaycanlılar da rəsmi sənədlərdə Tatar adlandırılıb. Lənkəranda kazaklara abidə ucaldılıb. Ukraynalı ataman A.Qolovatı 1795-ci ildə Azərbaycanın cənub sərhədlərini qorumaq məqsədilə Azərbaycana gəlib və burada vəfat edib. 200 ildir Azərbaycan xalqı onun məzarını qoruyur. 1930-cu illərdə ukraynalılar da Azərbaycan xalqı kimi Stalin rejiminin repressiyalarına məruz qalıb. Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Bu ölkədə güclü Azərbaycan diasporu fəaliyyət göstərir. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Azərbaycanlılar rəhbər vəzifələrdə də təmsil olunublar.

İkitərəfli siyasi münasibətlər

[redaktə | mənbəni redaktə et]
Ukraynanın Azərbaycandakı səfirliyi.

MDB məkanında Azərbaycanın əsas strateji müttəfiqlərindən biri Ukraynadır. Azərbaycanla Ukrayna arasında nə dəniz, nə də quru sərhədlərin olmamasına baxmayaraq, iki ölkə arasındakı strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər 31 yanvar 1992-ci ildə qurulub. Hər iki dövlət bir-birinin müstəqilliyini qısa müddətdə tanısa da, diplomatik nümayəndəliklərin açılması bir qədər sonraya təsadüf edir. Ukraynanın Azərbaycandakı səfirliyi 1996-cı il mayın 5-də fəaliyyətə başlayıb. Azərbaycanın Ukraynadakı səfirliyi isə 1997-ci il martın 17-də açılıb. Ölkələr arasındakı münasibətlər sürətlə inkişaf edib. 1995-ci ilin mart hadisələri zamanı Azərbaycanda bir qrup şəxs silahlı dövlət çevrilişi etməyə çalışdığı bir vaxtda martın 17-də Ukraynanın keçmiş prezidenti Leonid Kuçma prezident Heydər Əliyevə zəng vuraraq ona öz dəstəyini ifadə edib.

Bundan bir neçə gün sonra, 1995-ci il martın 23-də Heydər Əliyev Ukraynanın keçmiş baş nazirinin müavini Valeri Şumarovu qəbul edib. Görüş zamanı Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər və əməkdaşlığın gələcək forması müzakirə olunub. 1995-ci il mayın 9-da faşizm üzərində qələbənin 50 illik yubileyinə həsr olunmuş şənliklərdə iştirak etmək üçün Moskvada səfərdə olan Prezident Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşüb. Görüş zamanı Azərbaycan–Ukrayna münasibətlərinin inkişaf etdirilməsi üçün prezidentlər və hökumət nümayəndələri səviyyəsində görüşün keçirilməsi barədə razılığa gəlinib. 1995-ci il iyunun 30-da Ukraynanın baş naziri Yevgeni Marçuk Azərbaycana gəlib və Prezident Heydər Əliyevlə görüşərək prezidentlər səviyyəsində keçiriləcək görüşün proqramını müzakirə edib. 1995-ci il iyulun 26-da Ukrayna Respublikasının Prezidenti Leonid Kuçma rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Leonid Kuçma Heydər Əliyevlə birlikdə qaçqın düşərgəsində olub, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüşüb. Leonid Kuçma Heydər Əliyevlə birlikdə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri ilə görüşüb və Bakkondisioner İstehsalat Birliyi əməkdaşları ilə görüşdə çıxış edib. Səfərin nəticələri ilə bağlı keçirilən mətbuat konfransı zamanı prezidentlər iki ölkə arasındakı münasibətlərin inkişaf potensialının böyük olduğunu qeyd ediblər. Mətbuat konfransında Ukrayna Prezidenti Leonid Kuçma ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib. Prezident Heydər Əliyevin Leonid Kuçma ilə növbəti görüşü 1995-ci il oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatının 50 illiyi ilə əlaqədar keçirilən tədbir zamanı Nyu-York şəhərində olub. Heydər Əliyev və Leonid Kuçma daha bir dəfə, 1996-cı il yanvarın 11-də Fransanın mərhum Prezidenti Fransua Mitteranın dəfn mərasimində görüşüblər. Heydər Əliyevin cavab xarakterli rəsmi səfəri isə 1997-ci il martın 24-25 baş tutub.

Səfər zamanı Azərbaycan Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti Leonid Kuçma ilə təkbətək görüşü olub. Görüşdə Ukrayna-Azərbaycan münasibətlərinin perspektivi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. Ukrayna Prezidenti Leonid Kuçma bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib. Heydər Əliyevin Ukraynaya etdiyi rəsmi səfərin əhəmiyyətli nəticələrindən biri kimi, Ukrayna ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin dərinləşməsi haqqında bəyannamənin, hərbi-texniki əməkdaşlıq haqqında sazişin və neft-qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanmasını göstərmək olar. 1996-cı il ərzində Ukrayna Ali Radası sədrinin birinci müavini Aleksandr Tkaçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti, Ukraynanın mədəniyyət naziri Dmitri Ostapenko və digər Ukrayna rəsmiləri Azərbaycana səfər ediblər. 1997-ci il oktyabrın 10-da Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova prezidentləri GUAM adlı birliyin yaradılması haqda bəyannamə imzalayıblar.

1997-1998-ci illər ərzində Azərbaycan və Ukraynanın müxtəlif səviyyəli dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər davam edib. Bu səfərlərin nəticəsi olaraq Azərbaycan–Ukrayna münasibətləri enerji sahəsindən tutmuş müdafiə sahəsinə qədər geniş əməkdaşlıq spektrlərini əhatə edib. Beynəlxalq təşkilatlar formatında əməkdaşlıq sıx aparılsa da, ölkələr arasında birbaşa əməkdaşlıq modelinə daha böyük üstünlük verilib. 1998-ci il avqustun 9-10-da Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçmanın Yalta şəhərində keçirilən 60 illik yubiley tədbirində iştirak edib. Heydər Əliyevlə Leonid Kuçmanın keçirdiyi görüş zamanı 1999-cu ildə iki ölkə arasında əməkdaşlıq proqramı da müzakirə olunub. Nəticədə, 1999-ci il ərzində Ukraynanın müxtəlif dövlət rəsmiləri - Ukraynanın baş naziri Mixail Qladını (1999-cu il, 23 iyun), Ukraynanın xarici işlər naziri Boris Tarasyuk (1999-cu il, 1 iyul) Azərbaycanda səfərdə olublar. 1999-cu il noyabrın 3-də isə Heydər Əliyev bir daha Ukraynaya səfər edərək Leonid Kuçmanın yenidən prezident seçilməsi münasibətilə təşkil olunan andiçmə mərasimində iştirak edib.

2000-ci il 16 mart tarixində Ukraynanın dövlət başçısı Leonid Kuçma Azərbaycana rəsmi səfər gəlib. Səfərin nəticələrinə görə, Azərbaycanla Ukrayna arasında bir sıra ikitərəfli sənədlər imzalanıb. Səfər zamanı Heydər Əliyev Leonid Kuçmaya "İstiqlal" ordeni təqdim edib. Leonid Kuçmanın səfərindən sonra Azərbaycan–Ukrayna münasibətlərini daha da genişləndirmək üçün 2000-2001-ci illərdə dövlət rəsmilərinin qarşılıqlı səfərləri davam edib. 2002-ci il iyulun 19-da Heydər Əliyev işgüzar səfərlə Ukraynanın Yalta şəhərində olub. 2003-cü il, yanvarın 28-29 isə Heydər Əliyev Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Kiyevdə səfərdə olub və Ukrayna Prezidenti Leonid Kuçma ilə danışıqlar aparıb. Görüşdə Azərbaycan–Ukrayna münasibətləri və Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri müzakirə olunub.

Azərbaycan–Ukrayna münasibətlərinin intensiv dinamikası İlham Əliyev prezident seçildikdən sonra da davam edib. Təsadüfi deyil ki, İlham Əliyev prezident seçildikdən sonra keçirdiyi ilk görüşlərindən biri məhz Ukraynanın Baş naziri Viktor Yanukoviçlə olub. Görüş zamanı İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edən Viktor Yanukoviç Ukraynanın Azərbaycanla sıx tərəfdaşlıq münasibətlərini əvvəlki illərdə olduğu kimi saxlamaq istədiyini deyib. Öz növbəsində prezident İlham Əliyev də münasibətlərin artan xətlə inkişaf edəcəyini deyib.

2004-cü il iyunun 3-də Prezident İlham Əliyev Ukraynaya rəsmi səfər edib. Səfər zamanı o Ukrayna Prezidenti Leonid Kuçma ilə, Baş nazir Viktor Yanukoviçlə, Ukrayna Ali Radasının sədri Vladimir Litvinlə görüşüb. Prezident İlham Əliyevin Leonid Kuçma ilə keçirdiyi görüşdə ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının Avropaya nəqli sahəsində işbirliyi məsələləri ətraflı müzakirə edilib, beynəlxalq problemlər, GUÖAM çərçivəsində əməkdaşlıq məsələləri, Avropa Birliyi və NATO ilə qarşılıqlı əlaqələr, hər iki ölkədə siyasi, sosial-iqtisadi vəziyyət barədə fikir mübadiləsi aparılıb. Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunublar. Prezident Leonid Kuçma bildirib ki, Ukrayna problemin sülh yolu ilə həllinə tərəfdardır, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Həmin il oktyabr ayının 27-28-də İlham Əliyev daha bir dəfə Ukraynaya işgüzar səfər edib və ölkələr arasındakı inkişaf perspektivlərini müzakirə edib. Prezident İlham Əliyevin daha iki işgüzar səfəri 2005-ci il aprelin 22-nə və 2005-ci il iyunun 16-da baş tutub. Ukrayna ilə münasibətlərə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev 2006-cı il mayın 22-də Ukraynada rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra Ukrayna rəsmiləri ilə görüşən İlham Əliyev Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın (GUAM) dövlət başçılarının zirvə görüşündə də iştirak edib. 2006-cı il sentyabrın 7-də Ukrayna Prezidenti Viktor Yuşşenko rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı ticarət-iqtisadi əməkdaşlıq, o cümlədən neft sahəsində və enerji daşıyıcılarının nəqlində işbirliyi müzakirə predmeti olub. 2007-ci il iyunun 16-da Viktor Yuşşenko daha bir dəfə Azərbaycana səfər gəlib. Səfər çərçivəsində dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı tərəflər Azərbaycan-Ukrayna əlaqələrinin dinamik inkişafından, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən razı qaldıqlarını bildiriblər. Azərbaycan və Ukrayna prezidentləri ölkələrimizin xalqlarının mənafelərinə xidmət edən Demokratiya və İqtisadi İnkişaf Naminə təşkilatın beynəlxalq siyasətdə rolunun getdikcə artdığını vurğulayıblar. 2008-ci il mayın 24-də İlham Əliyev Ukraynada rəsmi səfərdə olub. Həmin il iyun ayının 30-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycana işgüzar səfərə gəlib. Səfər çərçivəsində hər iki ölkənin prezidenti Bakıda Ukraynanın yeni səfirliyi üçün ayrılan ərazi ilə tanış olublar.

2009-cu il aprelin 4-də Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olub. Səfər zamanı Azərbaycan və Ukrayna prezidentlərinin təkbətək görüşü, Azərbaycan və Ukrayna Prezidentləri Şurasının ilk iclası keçirilib. Səfər çərçivəsində Azərbaycan və Ukrayna arasında ikitərəfli sənədlərin imzalanma mərasimi olub. "2009-2010-cu illər üçün Azərbaycan-Ukrayna əməkdaşlığına dair tədbirlər planı"nı Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Viktor Yuşşenko imzalayıblar.

Diplomatik əlaqələr

[redaktə | mənbəni redaktə et]

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 6-da qurulmuşdur[2].

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[3]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Əli Nağıyev olmuşdur[4]. 4 mart 2016-cı il tarixindən Rüfət Quliyev işçi qrupunun rəhbəridir[3].

İqtisadi əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan və Ukrayna iqtisadi səviyyədə də geniş əməkdaşlıq əlaqələri yarada biliblər. Demokratiya və İqtisadi İnnkişaf Naminə Təşkilatla (GUAM) yanaşı, Azərbaycanla Ukrayna Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər yaratmağa müvəffəq olublar. 1997-ci il aprelin 28-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvü olan ölkələrin biznes konfransı keçirilib. Konfransda Azərbaycan Prezidenti Heydər Əliyev Ukrayna Prezidenti Leonid Kuçma ilə görüşüb və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. QDİƏT-in növbəti toplantısı 1998-ci il iyunun 4-5-də Yalta şəhərində keçirilib. Bu sammitdə iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev ukraynalı həmkarı Leonid Kuçma ilə görüşüb. Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, iki ölkənin QİƏT çərçivəsindəki əməkdaşlıq perspektivləri də müzakirə predmeti olub. İki dövlət arasındakı münasibətləri növbəti səviyyəyə yüksəldən daha bir əməkdaşlıq sahəsi isə "Böyük İpək Yolu" layihəsi çərçivəsində həyata keçirilib. 1998-ci il 7-8 sentyabr tarixində Bakıda "Böyük İpək Yolu" Beynəlxalq konfransında Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan, Rumıniya, Qırğızıstan, Moldova, Bolqarıstan prezidentləri ilə yanaşı, Ukrayna Prezidenti Leonid Kuçma da iştirak edib. Leonid Kuçma ilə görüşən Heydər Əliyev "Böyük İpək Yolu" layihəsinin perspektivləri, ölkələrin bu formatda əməkdaşlıq imkanlarını müzakirə edib. 2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası ticarət sahəsində 136 ölkə ilə əməkdaşlıq edərək 16.5 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. Xarici ticarət əməliyyatlarının 2.9 faizi Ukrayna ilə aparılıb.

Ukraynadan Azərbaycan Respublikasına əsasən hava və qaz kompressorları, ventilyasiya qurğuları, vakuum nasosları, neft-qaz kəməri boruları, təyyarələr və ucan aparatlar, onların hissələri, soyuducular, az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, ərzaq məhsulları, spirtli və spirtsiz ickilər, sirkə, tutun və s. idxal olunub. Azərbaycan Respublikasından Ukraynaya isə yanacaq, benzin, neft məhsulları, fındıq, bitki mənsəli məhsullar, meyvə sirələri və s. ixrac olunub.

2010-cu ilin I rübündə Azərbaycanın Ukrayna ilə ticarət əlaqələri qeyd edilən kimi olub (min ABŞ dolları). İdxal 86 890,9, idxal 153 101,7, xaici ticarət saldosu 66 210,8. 2010-cu il iyunun 8-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olub. Görüş zamanı Azərbaycan Prezidenti İlam Əliyev bildirib ki, "...Bizim üçün Ukrayna ən yaxın dost və tərəfdaşdır. Mən əminəm ki, ən yaxın gələcəkdə biz əməkdaşlığımızın yaxşı nəticələrini görəcəyik...".

Ukrayna Prezidenti Viktor Yanukoviç də öz növbəsində qeyd edib ki, "...2009-cu ildə əmtəə dövriyyəsinin azalması bizim ölkələrin real potensialına uyğun deyildir. İndi bizim vəzifəmiz əmtəə dövriyyəsinin əvvəlki səviyyəsini bərpa etməkdir. Hazırda o, təxminən 1 milyard dollar səviyyəsindədir. Fikrimcə, biz ən yaxın vaxtlarda əmtəə dövriyyəsini ən azı iki dəfə artıra bilərik...".

Əmtəə dövriyyəsi (min doll.)

[redaktə | mənbəni redaktə et]
İl Ixrac Idxal Ümumi dövriyyəsi
1997 32 144,7 85 640,3 117 785
1998 12 018,1 92 990,5 105 008
1999 24 026,8 38 450,4 62 477,2
2000 23 620,9 35 824,2 59 445,1
2001 6 841,0 39 329,9 46 170,9
2002 12 981,7 79 918,1 92 889,8
2003 21 204,2 118 667,3 139 871,5
2020[5] 353 045,37 418 455,13 771 500,5
2021[6] 452 449,32 470 024,16 922 473,48
2022[7] 357 974,81 259 804,61 617 779,42

Mədəni əlaqələr

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ukrayna mədəni əlaqələri sürətlə inkişaf edir. Bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin böyük rolu olub. 1997-ci il martın 24-də Prezident Heydər Əliyevə Ukraynanın ali mükafatı - "Yaroslav Mudrı" ordeni təqdim edilib. Qeyd olunan tarixdə Kiyevdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Ukrayna Mədəniyyət və İncəsənət Nazirliyi arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair saziş imzalanıb. 1998-ci ildən etibarən Bakı Slavyan Universitetində Ukrayna dili tədris olunur.17 oktyabr 2001-ci ildə BSU-da Ukrayna tədris-mədəniyyət mərkəzi açılıb. Açılışda Ukrayna Xarici İşlər Naziri A.Zlenkonun rəhbərliyi ilə Ukrayna nümayəndə heyəti iştirak edib. 7 sentyabr 2006-cı ildə Ukrayna ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsi və dərinləşməsində xidmətlərinə görə Ukrayna Respublikasının Prezidenti cənab Viktor Andreyeviç Yuşşenkoya Bakı Slavyan Universitetinin Fəxri doktoru adı verilib. Azərbaycanın Təhsil əlaqələrinin həyata keçirilməsində Ukrayna üçüncü yeri tutur. Azərbaycan Respublikası ilə Ukrayna arasında genişlənən əməkdaşlıq nəticəsində 2000-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində Heydər Əliyev adına Siyasi və Sosial Elmlər İnstitutu açılıb. Ukraynada xalqımızın dahi şairi Səməd Vurğunun anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib. 1978-ci ildə Kiyevdə şairin adı verilmiş kitabxana yüksək səviyyədə təmir edilərək oxucuların ixtiyarına verilib.

2008-ci il iyun ayının 30-da Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycanda səfərdə olarkən görkəmli Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasimində iştirak edib.

İnkişaf edən qarşılıqlı münasibətlər nəticəsində Ukrayna Azərbaycanın strateji tərəfdaşına çevrilib. Azərbaycanla Ukrayna arasında strateji müttəfiqlik münasibətləri beynəlxalq əməkdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Azərbaycan və Ukrayna Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat və QDİƏT çərçivəsində birgə uğurlu fəaliyyət göstərirlər. Hər iki ölkə beynəlxalq aləmdə bir-birinin mövqeyini dəstəkləyir və ölkələr arasındakı münasibətləri inkişaf etdirirlər. Azərbaycan və Ukrayna təkcə postsovet məkanında deyil, beynəlxalq münasibətlər sistemində də nüfuzlu ölkələrə çevrilə biliblər. Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır.

Dostluq təşkilatı

[redaktə | mənbəni redaktə et]

Dostluq— Azərbaycan-Ukrayna Xarkov vilayət təşkilatı. 19 noyabr 1999-cu ildə Xarkov vilayətində təsis edilmişdir.“Dostluq- Azərbaycan-Ukrayna Xarkov vilayəti təşkilatının sədri Murad Ömərovdur.

“Dostluq” təşkilatının əsas məqsədi milli adət-ənənələrin qorunması və inkişaf etdirilməsində buradakı azərbaycanlıların səylərinin birləşdirilməsidir. Təşkilatın ətrafında müxtəlif millətləri təmsil edən 500-dən çox nümayəndə toplaşmışdır. Həmçinin, Ukrayna və Azərbaycan arasındakı mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların hüquq və maraqlarının təmin olunmasında yardımcı olmaqdır. Təşkilatın nəzdində “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi, “Azərbaycan inciləri” adlı rəqs qrupu, “Qarabağ”folklor ansamblı, "Natəvan" Qadınlar Klubu, "Novruz" Gənclər Klubu, hüquqi xidmət fəaliyyət göstərir.“Dostluq” təşkilatı ötən illər ərzində Ukraynada bir sıra sosial, mədəni, təhsil və xeyriyyə layihələri həyata keçirmişdir.[8]

Təşkilatın idarə heyəti

[redaktə | mənbəni redaktə et]

Təşkilatın idarə heyətində olan soydaşlarımız – fizika-riyaziyyat elmlər doktoru, professor, Ukraynanın Tətbiqi Radioelektronika Akademiyasının akademiki Eldar Vəliyev, Ukraynanın xalq rəssamı, heykəltaraş Seyfəddin Qurbanov, iqtisad elmlər namizədi Şahin Ömərov, ehtiyatda olan polkovnik Bəhlul Mustafayev, publisist-jurnalist Etibar Əhmədov, bir çox musiqi festivallarının və müsabiqələrin laureatı Ülviyyə Hüseynova və digər üzvlər təkcə Xarkovda deyil, bütövlükdə Ukraynada Azərbaycanı təmsil edirlər.[8]

Gənclər birliyi

[redaktə | mənbəni redaktə et]

Ukrayna Azərbaycanlı Gənclər Birliyi— 2010-cu ildə təsis edilmişdir. Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) sədri İlhamə Allahverdiyevadır. [9]

Ukrayna Azərbaycanlı Gənclər Birliyi Ukraynanın 19 vilayətində regional təşkilatlarını yaradan birliyin nəzdində şən və hazırcavablar klubu, milli musiqi ansamblı,“Bakı” futbol komandası fəaliyyət göstərir. Birliyin əsas məqsədi xalqımızın qədim adət-ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, Azərbaycan həqiqətlərini təbliğ etmək, əsasən də, Ukraynada böyüməkdə olan azərbaycanlı gənclərin bu ölkənin ictimai- siyasi həyatına inteqrasiya olunmalarını təmin etməkdən ibarətdir. .[10]

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi

[redaktə | mənbəni redaktə et]

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi— ictimai təşkilatı 5 oktyabr 2013-cü ildə Kiyev şəhərində təsis olunmuşdur.[9]

UABK öz fəaliyyətində demokratik prinsiplərə, Azərbaycan və Ukrayna xalqlarının humanist ənənələrinə əsaslanır və öz üzvlərinin milli-mədəni, mənəvi, ictimai-siyasi, yaradıcılıq tələbatının ödənilməsi üçün sosial-mədəni tədbirlər keçirir, habelə vətəndaşların hüquqlarının və qanuni maraqlarının müdafiəsi üçün də tədbirlər görür. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Ukrayna və Azərbaycanın ictimai təşkilatları ilə sıx əməkdaşlıq edir. Konqresin regional təşkilatları Ukraynanın bir çox vilayətlərində fəaliyyət göstərir. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi aktiv ictimai fəaliyyət göstərir, bir çox mədəni və xeyriyyə aksiyalarında iştirak edir və təşkilatçısı kimi çıxış edir.Regional təşkilatların bazasında bazar günü məktəbləri fəaliyyət göstərir, orada peşəkar müəllimlər azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya fənnini tədris edir, həmçinin gələcək nəsli azərbaycan və ukrayna xalqlarının adətənənələri ilə tanış edirlər.[9]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Ukraynada:

  • Kiyevdə Azərbaycan səfirliyi

Ukraynanın Azərbaycanda:

  • Bakıda Ukrayna səfirliyi

Ukrayna azərbaycanlıları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ukrayna azərbaycanlıları

İdman sahəsində əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Futbol qarşılaşmaları

[redaktə | mənbəni redaktə et]
  1. Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az  (az.)
  2. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  4. "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-05.
  6. "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-07-05.
  7. AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-02-18.
  8. 1 2 “Ukrayna ilə Azərbaycan arasındakı sıx münasibətlər diaspor təşkilatları qarşısında yeni imkanlar açır”[ölü keçid]
  9. 1 2 3 "Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi (UABK)". 2017-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  10. "Ukrayna Azərbaycanlı Gənclər Birliyi". 2017-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-07.
  11. Bakının qardaşlaşdığı şəhərlər - SİYAHI Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine. modern.az, 16.02.2016  (az.)
  12. Qardaşlaşmış şəhərlər Arxivləşdirilib 2019-06-17 at the Wayback Machine. azerbaijans.com  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]