Vaqif Abışov
Vaqif Şirin oğlu Abışov (27 fevral 1955, İmişli) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru, dosent, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycan xalqına qarşı soyqırımları tarixi" şöbəsinin aparıcı elmi işçisi.
Vaqif Abışov 1955-ci il fevralın 27-də Azərbaycan Respublikasının İmişli şəhərində anadan olmuşdur. 1962–1972-ci illərdə İmişli şəhər N. Nərimanov adına 1 saylı orta məktəbdə təhsil almışdır.
Vaqif Abışov 1973–1975-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1975–1980-ci illərdə Bakı şəhərində H. Z. Tağıyev adına Toxuculuq fabrikində müxtəlif vəzifələrdə işləmişdir.
Vaqif Abışov 1981–1986-cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. O, 1986–1999-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbdə, eyni zamanda 1992–1999-cu illərdə Lənkəran Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Ailəlidir, üç övladı var.
Vaqif Abışov 1995-ci ildən "1917–1918-ci illərdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı" adlı tarix üzrə fəlsəfə doktoru dissertasiya mövzusu üzərində işləyərək, 2007-ci ildə onu müvəffəqiyyətlə müdafiə etmiş və tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Vaqif Abışov 2000–2003-cü illərdə AMEA Milli Münasibətlər İnstitutunda elmi işçi, 2003-cü ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunda elmi işçi, böyük elmi işçi, 2014-cü ildən isə aparıcı elmi işçi vəzifəsində işləyir.