1. zərf Xüsusi, tək, başqası ilə bağlı olmayaraq, müstəqil, özbaşına. O, ataanasından ayrı yaşayır. Ayrı gəzib dolanmaq.
□ Ayrı düşmək – aralı düşmək, uzaq düşmək, uzaqlaşmaq, əlaqəsini itirmək. Ailədən ayrı düşmək.
– Vətəndən ayrı düşüb indi laməkan ölürəm. X.Natəvan.
Alagözlü, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər.
Sənin vəziyyətin o qədər də çıxılmaz … deyil, sən ancaq bir-iki gün öz ailəndən ayrı düşmüsən. M.S.Ordubadi.
Ayrı salmaq – ayırmaq, uzaqlaşdırmaq, əlaqənin kəsilməsinə səbəb olmaq.
Gəlin, çox yormayın sevgilinizi; Fələk ayrı saldı deyəsən bizi. S.Vurğun.
2. sif. Başqa, əlahiddə, qeyri, digər. Ayrı bir iş. Ayrı məsələ. Ayrı adam. Onun paltarı ayrı parçadandır.
– Gördü bir ayrı arı bu halı; Arılardan soruşdu əhvalı. S.Ə.Şirvani.
Mən də: – Məlik Məmməd, Qırat nağıllarından ayrısını bilmirəm, – deyə bacım kifayətləndi. S.S.Axundov.
3. Qoşma mənasında.
Qərar etməz könül zülfündən ayrı. Nəsimi.
Səndən ayrı bağrım kababə dönmüşdür. M.P.Vaqif.