Suli Fəqih

Suli FəqihXIII-XIV əsr Azərbaycan şairi. Orta əsrlərdə yaşayıb yaratmış şair və mütəfəkkir Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsi Sənan İbrahimov tərəfindən tərcümə edilərək tədqiq edilmiş və monoqrafiya halında çap edilmişdir. Poema XIV əsrədək Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Suli Fəqih "Yusif və Züleyxa" poemasını qələmə alarkən Abdullah ibn Abbasın Qurani-Kərimə yazdığı təfsirdən bəhrələndiyini bildirir.

Suli Fəqih
Təhsili ərəb, fars dilləri
İxtisası şair
Fəaliyyəti şair

Suli Fəqiihin həyat ilə həm təzkirələrdə həm də digər qaynaqlarda hər hansı bir məlumata rast gəlinmir. Şair bizə gəlib çatan yeganə əsərində də özü barədə məlumat vermir. Bir sıra ensiklopedik mənbələrdə sadəcə əsərindən və əsərinin mövzusundan bəhs olunur. Onun barəsində bəlli olanlar hələlik, təxminən, bunlardan ibarətdir: XIV əsrdə yaşamışdır. Bu hökmü şairin əlimizdə olan yeganə əsəri "Yusif və Züleyxa" poemasının dil və üslub xüsusiyyətlərinə əsasən veririk. Adının Suli Fəqih olduğunu şair poemada qeyd edir:[1]

Səbr edərsən sən dəxi Fuli Fəqih
Övliyalar irdiginə irəsən

Şairin əsərdə lirik ricət şəklində qələmə aldığı "Şeiri-təlifi-kitabi-Fəqih quyəd", "Şeiri Fəqih" və s. adlı parçalarda о "Fəqih" təxəllüsünü işlətmişdir. Bəzən sənətkar təxəllüsü "Faqi" şəklində də qeyd edir:

Söylə, Faqi, sən Yusifün bustanin,

Inşəallah nəzm olə, tez-çıqa canin

Şairin adı və təxəllüsü günümüzə qədər müxtəlif tədqiqatçılar tərəfindən fərqli formalarda oxunmuş, şərh edilmişdir. Şairin adı qarşımıza "Suli, Sulı, Süli, Süle, Sula" formalarında çıxır. Professor İsmayıl Hikmət şairin adının Suli kimi oxunduğunu bildirsə də, başqa bir türk alim Haluk İpektən isə Sula şəklində tələffüz edildiyini söyləmişdir.[2] Professor Semih Tezcan isə şairin adı ilə bağlı fərqli bir fikir irəli sürür:

"Səhv edə bilərəm, bəlkə də Sula/Suli və s. həqiqətən bir adamın adıdır. Ancaq belə bir adı izah etmək asan deyil. Çin və ərəb mənbələrinə görə VIII əsrin birinci yarısında yaşamış bir türkəş hökmdarının adı Suludur. VIII əsrin əvvəllərində Cürcan hökmdarı olmuş Şul Tegin Yakutun dediyinə görə, o, türkidi. Bu hökmdarların nəslindən olduğu söylənən tarixçi, yazıçı və şahmatçı Suli də bizə tanışdır. Lakin bu oxşarlıqlar böyük zaman fərqinə görə çox da əhəmiyyət kəsb etmir. Bənzər bir ada Səlcuqlu, Anadolu Beylikləri və Osmanlı dövründə rast gəlinmir. Ağla batan tək şey bu adın Süleyman sözünün qısaltması olmasıdır. Lakin, şairin belə "zarafatyana" ada sahib olması ehtimalı çox azdır."[3]

Şairin adının ikinci hissəsi olan Fəqih sözü haqqında da fikirlər müxtəlifdir. Fəqih sözü indikindən fərqli olaraq o zamanlar şəriət alimi, İslam hüquqçusu mənasına gəlmirdi. Əhməd Vefiq Paşa özünün "Ləhçə-i Osmani" adlı əsərində Faqi sözünün mənasını belə izah edir ki, faqi anlayan, bəyan edən, oxumuş şəxsdir. Bu o deməkdir ki, bir şəxsin Fəqih və ya Faqi təxəllüsü almağı üçün mütləq din adamı və ya şəriət alimi olması labüd deyil. Professor Yaqub Babayev də şairin təxəllüsünün izahını belə verir:[4]

"Göstərilən təxəllüs sənətkarın peşəsi, əgər bu peşə ilə məşğul olmasa da, həmin sahə üzrə elmi yaxşı mənimsəməsi ilə əlaqədardır."

Şairin Anadoluda yaşadığı ehtimal olunur. Əsərində istifadə etdiyi fars və ərəbcə söz və ifadələr şairin bu dilləri mükəmməl səviyyədə bildiyini göstərir.

"Yusif və Züleyxa" əsəri

[redaktə | mənbəni redaktə et]

Suli Fəqihin yaradıcılığından günümüzə gəlib çatan yeganə nümunə şairin "Yusif və Züleyxa" adlı əsəridir. Şairin başqa bir əsəri olması barədə mənbələrdə təəssüf ki, məlumat yoxdur. Əsərin həcmi sənətkarın özünün poemanın sonunda bəyan etdiyi kimi 3207 beytdir:

Ucdən-ucə uşbu qissə xubdurur,

Üç bin iki yüz yedi beytdürür.

Bustanini Yusifin şərh eylədük,

Bülbül olub dürlü-dürlü söylədik.

Əsər əruzun rəməl bəhrində, "fâilâtün fâilâtün fâilün" qəlibi ilə yazılıb. Əsərdə tez-tez vəzn boşluqlarına rast gəlinir. Bəzi yerlərdə qafiyə qüsurları da nəzərə çarpır. 3 nüsxədə qarşımıza çıxan şeirlər ümumilikdə 5005 beytdir. Əsər məsnəvi şəklində qələmə alınıb. Lakin şairin öz sözləri əsərin müxtəlif yerlərində əsasən də başlıqlarda qəzəl formasında qarşımıza çıxır.[5]

Məsnəvini təşkil edən qısa hekayələr bunlardır: Hekayət-i Hud Nəbi Əleyhisəllam, Hekayət-i Malik, Hekayət-i Balıq Nil Sultanı, Hekayət-i Kariya Radyallahu Anhu, Hekayət-i Ərəbi, Hekayət-i Şərabdar və Habbaz, Hekayət-i Bəşir.[6] Məsnəvidəki bölmələr "hikayət-i" və ya "dastan-ı" kimi başlasa da, yuxarıda sadalanan bölmələr müstəqil hekayə xarakteri daşıyır və həmin hissə daxilində bitməsi ilə fərqlənir. Məsələn, digər məsnəvilərdə də epizod kimi mövcud olan "Hikayet-i Şərabdar və Habbaz" bölməsində bu iki gəncin zindanda başına gələnlər təfərrüatlı və müstəqil bir hekayə formalaşdırmaq üçün hekayəyə daxil edilib. İki gəncin Sultana sui-qəsd edən qrupa qatılması, Şərabdarın peşman olub hökmdarı xəbərdar etməsi və onlar həbs olunduqda şərabçı Yusifin təklifi ilə dinə keçməsi., Habbazın isə küfr əməlində israrlı olması və bunun nəticəsində günahkar və bidətçi kimi edam edilməsi bu iki gəncin həyatına və xarakterlərinə işıq salan tərzdə danışılır.[6]

XIII əsrin sonu XIV əsrin əvvəllərində yazılan "Yusif və Züleyxa" poeması keçid dövrü əsərlərindən hesab edilir. Əsərin dili olduqca sadədir. Poema istər XIII əsr istər XIV əsr Azərbaycan şifahi danışıq dilinin, başqa sözlə ədəbi dil tariximizin öyrənilməsində böyük əhəmiyyətə malikdir. Belə ki, poemada günümüzə qədər istifadə edilən atalar sözləri, deyimlər mövcuddur. Məsnəvinin dil və ədəbiyyat cəhətdən əhəmiyyətinə diqqət çəkən professor İsmayıl Hikmət onu XIII əsrdə aid dəyərli ədəbiyyat nümunəsi adlandırır. "Yusif və Züleyxa" məsnəvisinin dili xalq danışıq dilinə çox yaxındır.[7]Yaqub Babayev qeyd edir ki, bəzi tədqiqatçılar S. Fəqihi Türkiyə ədəbiyyatının nümayəndəsi hesab edir və ondan Türkiyə ədəbiyyatının təmsilçisi kimi bəhs açırlar. Bu onunla bağlıdır ki, XIII–XIV əsrlər üçün qərbi oğuz ədəbi ləhçəsi ilə şərqi oğuz ədəbi ləhçəsi biri-birindən bir о qədər də fərqlənmir, onları ayıran cəhətlər çox cüzidir və hətta bu fərqi bəzi əsərlərin dilində sezmək çox çətin olur. Lakin şairin əsərinin dilini diqqətlə araşdırdıqda S. Fəqihin "Yusif və Züleyxa"sının məhz şərqi oğuz ədəbi ləhçəsində yazıldığı aydın olur.[8]XIII-XIV əsrlər ana dilli abidələrimizdə olduğu kimi burada da ismin hal şəkilçiləri tam sabitləşməmişdir və biri digərinin yerində işlənir, felin zaman şəkilçiləri bol-bol bir-birini əvəz edir, şəxs şəkilçilərinin arxaik formaları sıx-sıx işlənir. XIII–XIV yüzilliklərdə isə bu qrammatik əlamətlərdə daha çox sərbəstlik, işlənmə tezliyinin bolluğu, kəmiyyət artıqlığı müşahidə olunur.[9]

Suli Fəqihin əsərində arxaizmlərə tez-tez rast gəlinir. Professor Əhməd Cəfəroğlu bunu XIII və XIV əsr şairlərinin Mərkəzi Asiya türkcəsinə olan bağlılı ilə izah edir. Cəfəroğlu bu ənənənin "Qutadqu-Bilig"lə başlayıb, Əhməd Yəsəvidə daha sonra isə Yunus Əmrədə sonlandığını bildirir. Suli Fəqih də bu ənənənin davamçılarında olmuşdur. Şairin əsərdə istifadə etdiyi arxaik sözlərin bəziləri bunlardır:[10]ayruq (ayrı), bayıq (açıq), biti (məktub), çalab (tanrı), çəri (əsgər), görklü (gözəl), iley (ön), qancaru (haraya), qarı (qocalmaq), kələci (söz), sağış (say), sinlə (məzar), turuş (mübarizə aparmaq), yarındası (ertəsi gün), yavu (itgin), yavuz (pis), yazı (səhra), yazuk (günah), yep (oxşamaq).

Poemada 3053 fərqli sözdən istifadə edilib. Bu sözlərdən 1049-u türkcə, 974-ü ərəbcə, 462-si farscadır.[5]

İki qəhrəmanlı eşq hekayələrindən biri olan "Yusif və Züleyxa" hekayəsi islam şərqində ən məşhur ədəbi abidələrdən biridir. Qədim mənşəyə malik bu süjet müxtəlif dillərdə və müxtəlif bədii formalarda ədəbi təsərrüfatın məhsulu kimi özünü təzahür etdirmiş, söz sənətinin obyektinə çevrilmişdir. Hekayə qaynağını Tövrat və Quran kimi müqəddəs kitablardan götürür. Qurani Kərimdə bu hekayənin bəhs olunduğu surə Əhsənül-Qəsəs adlanır. Suli Fəqih "Yusif və Züleyxa" poemasını qələmə alarkən Abdullah ibn Abbasın Qurani-Kərimə yazdığı təfsirdən bəhrələndiyini bildirir.[11]

İbni Abbasdan rəvayət oldu həm
Ol rəvayətdən sənə oldı bahəm

və ya

İbni Abbasdan rəvayət eylədik
Onun ağzından bu sözü söylədik.

Adından da görüldüyü kimi əsər Yusif və Züleyxanın başına gələn hadisələri ehtiva edir. Şair əsəri qələmə alarkən Qurani-Kərimdəki orginal hekayəyə sadiq qalmağa çalışıb, bəzi hissələrə yeni motivlər əlavə edib.[12]

Nüsxə və nəşrlər

[redaktə | mənbəni redaktə et]

Suli Fəqihin qələmə aldığı Yusif və Züleyxa əsərinin bilinən əlyazmaları aşağıdakılardır:

  1. Raif Yelkənci nüsxələri — Şəxsi kitabxanada yerləşən 3 nüsxədən birincisi qədim qəhvəyi dəri cildə malikdir və 106 vərəqdən ibarətdir. Kitab üzünün hər iki tərəfində şəmsə var. Ölçüsü 20x15 sm, hər sətirdə 15–18 misra var. Bəzi səhifələr təmir olunub. İlk 12 vərəqi hərəkəli yazı ilə, sonrakı vərəqlə nəsx xətti ilə qələmə alınıb. İlk 12 vərəqin ilk sözləri qırmızı qələmlə yazılıb. Köçürülmə tarixi yoxdur. İkinci nüsxə qara kağızdan cildlə cildlənib. 258 səhifədir. 14,7x20,5 (11x16,8) ölçüsündədir. Hərəkəli nəsx xəttu ilə yazılıb, ilk səhifələrdə qırmızı cədvəllər nəzərə çarpır. Köçürmə tarixi yoxdur. Üçüncü nüsxə isə bir tərəfi qopmuş qəhvəyi qoyun dərisi ilə cildlənib. Kitabın üzündə şəmsə motivi var. 289 səhifədir. Ölçüsü 16x20,8 sm-dir(11,3x17). Hər səhifədə 16 sətir yerləşir. Mətn 3 səhifədən başlayır. Bir neçə səhifədə qırmızı cədvəllər var. Söz başlıqları fars dilində qırmızı rəngdədir. Mətn hərəkəli nəsx xətti ilə yazılıb. Köçürən və köçürmə tarixi bilinmir.[13][6]
  2. İstanbul Universiteti Kitabxanası Türkcə Əlyazmalar BL. No:970 nömrəli əlyazma — Qəhvəyi rəngli qoyun dərisi ilə cildlənib. 104 vərəqdir. Ölçüsü 21x14 sm-dir. Hərəkəli nəsx xətti ilə sarımtıl kağız üzərinə yazılıb. Cildləyərkən bəzi vərəqlərin yerləri dəyişib. Başlıqlar qırmızı mürəkkəblə yazılıb. Köçürənin adı Əlhac Əhməd Əfəndi İmamzadədir. Köçürmə tarixi isə 1163-cü ildir.[14][6]
  3. Dil Tarix və Coğrafiya Fakültəsi Kitabxanası M. Con BL. No:590 nömrəli nüsxə — Cild qapağı yoxdur, ölçüsü 16x22 (5x12) sm-dir. 135 vərəqdir, hər səhifədə 17 sətir var. İlk səhifədə 21 sətir yerləşir. Hərəkəli rika xətti ilə yazılıb. Köçürən məlum deyil. Köçürmə tarixi 1187-ci ildir. İlk səhifədə 1171-ci il tarixli Molla Xəlil qızı Vahidə Sultan adına vəqfiyə var.[15][6]
  4. Milli Kitabxana F. Bilgə Bl. No:155 nömrəli nüsxə — 17,8x12,5(14x9)sm ölçüdə, 177 vərəqdir. Hər sətirdə 13 səhifə, harəkəli nəsx yazılıb. Qəhvəyi dəri ilə cildlənib, ebru kağızdan istifadə olunub. Köçürən məlum deyil. Müəllifin adı: Süll Faqi Mahmud kimi yazılıb.[6][16]
  5. Türk Dil Qurumu Kitabxanası nüsxələri- A140 nömrəli nüsxə. 22x15 (18x11.5) sm ölçüdə, 143 vərəq, hər səhifədə 15 sətir, hərəkəli nəsx xətti ilə yazılıb. Qəhvəyi dəri ilə cildlənib. Köçürənin adı Məhəmməd İbnül-Hacı Musa, köçürmə tarixi: 1182-ci il. Mətn sonlara doğru fərqlidir. Bu nüsxə cəmi 4290 beytdən ibarətdir. A 477 nömrəli nüsxə 20x14,5(17x12) sm ölçüdə, 133 vərəq, hər səhifədə 15 sətir. Hərəkəli nəsx xətti ilə, başlıqlar isə qırmızı mürəkkəblə yazılıb. Qəhvəyi dəri ilə cildlənib. Köçürən və köçürmə tarixi məlum deyil. Sonunda ayrı 10 səhifəlik mətn var. Köhnə nüsxə olsa da, natamamdır.[6][16]
  6. İzzət Qoyunoğlu Şəhər və Muzey kitabxanası, Qoyunoğlu Muzey kataloqu nüsxələri — 11366 nömrəli nüsxə 14x19,5 sm ölçüdə, 25 vərəq, hər səhifədə 13 sətir. Qəhvəyi rəngli müqəvva cildlidir, şirazəli, hərəkəli nəsx xətti ilə yazılıb. Köçürən və köçürmə tarixi məlum deyil. Başlıqlar və fəsil başlıqları qırmızı mürəkkəblə yazılıb. İlk səhifədə muzeyin möhürü var. 10045 nömrəli nüsxə 14x19,5 sm (10,5x16,5) ölçüdə, 31 vərəq, hər səhifədə 15 sətir. Cildsizdir. Ağ kağız üzərinə hərəkəli nəsx xətti ilə yazılıb. Köçürən və köçürmə tarixi məlum deyil. İlk səhifədə muzeyin möhürü var. 11846 nömrəli nüsxə 21x14 (15x10,5 sm) sm ölçüdədir. 210 vərəqdir. Hər səhifədə 11 sətir yerləşir. Qəhvəyi dəri ilə cildlənib. Hərəkəli nəsx xətti ilə yazılıb. Başlıqlar qırmızı mürəkkəblə qələmə alınıb. Köçürənin adı Mustafa Çələbizadədir, köçürmə tarixi 1094-cü ildir. Bu əlyazma 4620 beytdən ibarətdir. Kitabın qapağında muzeyin möhürü var.[6][5]
  7. Atatürk Universiteti Kitabxanası Özegə kataloqu nüsxələri — 318 nömrəli nüsxə 19x13 (17x10,5 sm) sm ölçüdədir. 152 vərəqdir. Hər səhifədə 11 sətir yerləşir. Hərəkəli süls xətti ilə, başlıqlar isə qırmızı mürəkkəblə yazılıb. Köçürənin adı Abdullah ibn Cəfərdir. Köçürmə tarixi 1014-cü il. Digər nüsxədə 318 nömrədədir. 20x 14 sm, 167 vərəq, hər səhifədə 13 sətir. Hərəkli təliq xətti ilə, başlıqlar qırmızı mürəkkəb iə yazılıb. Köçürən və köçürmə tarixi məlum deyil.[6][5]
  8. Əsərin Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda iki əlyazması mövcuddur.[5]

Professor Sənan İbrahimov 1992-ci ildə "Suli Fəqih və onun "Yusif və Züleyxa" poeması" adlı namizədlik dissertasiyası müdafiə etmişdir. Alim daha sonra Suli Fəqihin "Yusif və Züleyxa" əsərinin ərəb əlifbası ilə yazılmış əlyazma nüsxəsini tərcümə edərək tədqiq etmiş və monoqrafiya halında çap etdirmişdir. Əsərin təhlili zamanı şairin yaşadığı, əsərin yazıldığı tarixlər dəqiqləşdirilmiş və dövrün ümumi mənzərəsinə aydınlıq gətirilmişdir.[17] Aparılan araşdırmalar nəticəsində əsərin sujet traktovkası, onun sosial psixoloji məzmunu müəyyənləşdirilmiş, mövcud olan obrazlı ifadələr şərh edilmişdir. Əsərin filoloji təhlili aparılmış, orta əsr Azərbaycan epik şerinin yeni bədii təsvir və ifadə vasitələrindən istifadə edildiyi müəyyənləşdirilmişdir.

  1. Babayev, 2008. səh. 93
  2. Ünver, 2001. səh. 16
  3. Tezcan, 1994. səh. 74
  4. Babayev, 2008. səh. 94
  5. 1 2 3 4 5 Köktekin, 1996. səh. 177
  6. 1 2 3 4 5 6 7 8 9 Gökcan, 2011. səh. 46
  7. Köktekin, 1996. səh. 174
  8. Babayev, 2008. səh. 65
  9. Babayev, 2008. səh. 84
  10. Köktekin, 1996. səh. 178
  11. Gökcan, 2011. səh. 45
  12. Köktekin, 1996. səh. 175
  13. Dolu, 1952. səh. 423
  14. Dolu, 1952. səh. 424
  15. Dolu, 1952. səh. 426
  16. 1 2 Köktekin, 1996. səh. 176
  17. "Azərbaycan ədəbiyyatı tarixi kafedrasının f.e.d İBRAHİMOV SƏNAN" (az.)). philology.bsu.edu.az. 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-09.
  • Yaqub Babayev. ANA DİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏŞƏKKÜLÜ VƏ EPİK ŞEİRİN İNKİŞAFI (XIII-XIV ƏSRLƏR). Bakı: ADPU. 2008. səh. 128.
  • Yaqub Babayev. XIII-XIV əsr ana dilli ədəbiyyatımızın nümayəndələrindən M.Zərir və S.Fəqih (PDF). 4. Bakı. Bakı Universitetinin Xəbərləri. 2008. 66–72.
  • İsmail Ünver. SULI, SULÎ, SULA, SULE, SÜLE VE SÜLİ FAKİH RİVAYETLERİ ÜZERİNE. 14. Türkoloji Dergisi. 2001. 15–20.
  • Semih Tezcan. Anadolu Türk Yazınının Başlangıç Döneminde Bir Yazar ve Çarhnâme'nin Tarihlendirilmesi Üzerine. 4. Türk Dilleri Araştırmaları. 1994. 75–78.
  • H.C.Dolu. Yûsuf Hikâyesi Hakkında Birkaç Söz ve Bazı Türkçe Nüshalar. 4. Türk Dili ve Edebiyyatı Dergisi. 1952. 419–445.
  • Kazım Köktekin. Bir Yusuf ve Zeliha Şairi Süle Fakih ve Eseri. 4. Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi. 1996. 173–179.
  • Melike Gökcan Türkdoğan. Klassik Türk Edebiyyatında Yusuf u Züleyha Mesnevileri Üzerine Mukayeseli Bir Çalışma. T. C. KÜLTÜR VE TURİZM BAKANLIĞI KÜTÜPHANELER VE YAYIMLAR GENEL MÜDÜRLÜĞÜ. 2011. ISBN 978-975-17-3558-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]