Fədai Təbrizi

Fədai Təbrizi (XV əsr, TəbrizXV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir. Həm də sadəcə tərcümə deyil, tədbil və yenidən işlənmə şəklində verilmişdir. Fədai Təbrizi əsərdə baş verən hadisələrin yerini dəyişmiş Azərbaycana gətirmişdir.

Fədai Təbrizi
Doğum tarixi XVI əsr
Doğum yeri Təbriz
Vəfat tarixi XVI əsr
Vəfat yeri Məlum deyil
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Şair
Əsərlərinin dili Azərbaycanca
Janr Poema

Şairin adı, doğum yeri və doğum tarixi haqqında qaynaqlarda məlumata rast gəlinmir. Lakin üslub və dil xüsusiyyətlərinə görə XVI əsr Azərbaycan ədəbiyyatı nümayəndələrindən hesab edilir. Əliyar Səfərli və Xəlil Yusifli Fədai haqqında ilk məlumat verən mənbənin Sam Mirzə tərəfindən qələmə alınan “Töhfəyi-Sami” təzkirəsi olduğunu bildirir. Təzkirədə verilən məlumatlardan məlum olur ki, Fədai Təbrizdə anadan olmuş, 1550-ci illərdə təzə-təzə şeirlər yazmağa başlamışdır.[1]

Məhəmmədəli Tərbiyət də özünün “Danışmendani Azərbaycan” əsərində şair haqqında məlumat verir və adı çəkilən ədəbiyyatşünas alimlərin fikirlərini təsdiqləyir. Fədai Təbrizinin “Bəxtiyarnamə” adlı əsəri ilə bağlı tədqiqatlar aparan Qulam Məmmədli əsərdəki bəzi kəlimələrə diqqət çəkərək şairin Şamaxıda anadan olması ehtimalını irəli sürmüşdür.[2] Alim məsnəvidə qarşımıza çıxan “nəşə”, “nöşün” sözlərinin Təbriz və ətrafında deyil Şamaxı və Şirvan bölgəsində istifadə edildiyini bildirir. Qulam Məmmədli 2005-ci ildə əsər üzərində işləmiş və önsözlə birgə çap etdirmişdir.[2]

Türk tədqiqatçı Həvva Çiçəkəl “Fədainin Bəxtiyarnamə əsərinin dil üslub baxımından incələnməsi” adlı dissertasiya işində şairin doğum yeri haqqında bu fikirləri bildirir:[3]

“Töhfəyi-Sami təzkirəsində məlumatlara, Bəxtiyarnamədə iki fərqli bölgəyə xas sözlərin işlənməsinə və hekayənin farsca variantındakı hadisələrin Hələbdən Şirvana köçürülməsinə əsaslanaraq, belə bir təxmin edirik ki, Fədai Təbrizdə anadan olmuş və doğma diyarından uzaqda olduğu bir dövrdə Şirvanda yaşamış və əsəri bu dövrdə yazmışdır.”[3]

Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. Sankt-Peterburqdakı Şərqşünaslıq İnstitutunun kitabxanasında V-306 nömrəli məcmuada Fədai təxəllüsü ilə şairə məxsus şeirləri var. 6459 beytlik türkcə şeirləri ehtiva edən bu əlyazma 958/1551-ci ildə Rəcəb ibn Xacə Məhəmməd tərəfindən köçürülmüşdür (vr.11'a). Təəssüf ki, sözügedən beytlərin hansı Fədaiyə aid olduğu bəlli deyil.[4]

Fədai Təbrizinin günümüzə qədər gəlib çatmış yeganə əsəri Bəxtiyarnamə məsnəvisidir. Bəxtiyarnamə pəhləvi dilində yazılmış qədim dastanlardandır. Bu əsəri XII əsrdə yaşamış Şəmsəddin Məhəmməd Dəqaidi-Mərzəvi fars dilinə tərcümə etmişdir. Əsərin daha sonra ərəb və türk dillərinə də tərcümə edildiyi məlumdur. XIII əsrdə Cahanşah dövrünün şairlərindən Pənahi təxəllüslü biri onu farsca nəzmə çəkmişdir. Digər bir şair də XVI əsrdə ikinci dəfə bu əsəri şeirlə qələmə almışdır.

Fədai Təbrizi poema üzərində XVI əsrin sonlarında işləmiş və həmin dövrdə əsəri tamamlamışdır. Ədəbiyyatşünas alim Əliyar Səfərliyə görə bunu təsdiq edən cəhətlərdən biri poemada cəlali sözünün quldur mənasında işlənməsidir.[1]

Bahəm yetirdi ol bir neçə yoldaş

Cəlaliyü hərami oldular faş.

Özünə uydurub çox pəhləvani

Dağıtdı handa gördü karivani

Alim bildirir ki, XVI əsrin sonlarından başlayaraq cəlali sözü quldur mənasında işlənməyə başlayıb. Belə ki, 1588-ci il istilasından əvvəl bu söz həmin mənada anlaşıla bilməzdi. [1]

Fədainin hekayəsi quruluşca özündən əvvəl deyilən və yazılan “Sinbadnamə” və digər “Bəxtiyarnamə”lərə bənzəyir, amma öz silsiləsində digər şifahi və yazılı Bəxtiyarnamələrin təkrarı deyildir. Fədai əsas hekayədəki hadisələrin başladığı yeri dəyişərək Azərbaycana gətirib. Məsələn, Hələb hadisələrini Şirvana köçürüb.[5] O, hadisələrin baş vermə yerlərini, qəhrəmanların adlarını dəyişdirərək hekayəni istədiyi kimi qələmə alıb. Bəxtiyarnamə əsəri məsnəvi, çərçivə hekayəsi texnikası ilə yazılmışdır. Əsər kompozisya baxımından mürəkkəb bir əsərdir. Fədai Nizami kimi sujet içində sijet, hadisə içində hadisə verməklə əsərin ictimai-fəlsəfi gücünü, bədii dəyərini müxtəlif epik lövhələrlə möhkəmləndirir.[6]

Günümüzə çatan əsas nüsxə əsas hekayənin bir hissəsindən və daxili əhvalatlardan ibarətdir. “Giriş” və “Xətimə” bölməsi yoxdur. Əsas mövzunun müzakirə edildiyi hissədə əsas hekayənin böyük bir hissəsi və daxili hekayələrin kiçik bir hissəsi yoxdur.[7]

Əsər əruz vəzninin həzəc bəhrində məfāílün məfāílün fəūlün ölçüsündə yazılmışdır. Əsərin bölmələri aşağıdakılardır:[7]

Azadbəxt ilə Gülcamalın görüşü 1-112 Altıncı vəzirin padşahın hüzuruna çıxması 1554-1566
Əmirin fitnəsi 113-163 Bəxtiyarın padşaha cavabı 1567-1573
Bəxtiyarın doğulması 164-229 Bəxtiyarın Baxtazima hekayəsini danışması 1574-1695
Ziyad Həraminin uşağı tapması 230-374 Yeddinci vəzirin padşahın hüzuruna çıxması 1696-1702
Bəxtiyarın padşaha cavabı 375-386 Bəxtiyarın padşaha cavabı 1703-1708
İlk hekayə 386-551 Bəxtiyarın Behgərd şahın hekayəsini danışması 1709-1826
İkinci vəzirin hökmdarın hüzuruna çıxıb şikayət etməsi 552-563 Səkkizinci vəzirin padşahın hüzuruna çıxması 1827-1841
Bəxtiyarın padşaha cavabı 564-570 Bəxtiyarın padşaha cavabı 1842-1851
Tacir Həsənin hekayəsi 571-874 Butamamın hekayəsi 1852-2021
Üçüncü vəzirin padşahın hüzuruna çıxması və ərzi 875-885 Doqquzuncu vəzirin pad şahın hüzuruna çıxması 2022-2046
Bəxtiyarın padşaha ərzi 886-892 Bəxtiyarın padşaha cavabı 2047-2053
Bəxtiyarın Sabirin macərasını danışması 893-1180 Bəxtiyarın padşah hekayəsini danışması 2054-2245
Dördüncü vəzirin padşahın hüzuruna çıxması 1181-1189 Onuncu vəzirin padşahın hüzuruna çıxması 2246-2254
Bəxtiyarın padşaha cavabı 1190-1195 Bəxtiyarın padşaha cavabı 2255-2260
Bəxtiyarın şahzadə Behzad hekayəsini danışması 1196-1327 Öz oğlunu öldürən padşahın hekayəsi 2261-2353
Beşinci vəzirin padşahın xidmətinə keçməsi 1328-1338 Bütün vəzirlərin padşaha ərzi 2354-2367
Bəxtiyarın padşaha cavabı 1339-1349 Çarəsiz Bəxtiyarın qətligaha aparılması və Ziyad Həraminin tapılması 2368-2438
Bəxtiyarın Dadbin hekayəsini danışması 1350-1553

“Əcəm şahı Azadbəxt ordu komandirinin qızı Gülcamala aşiq olur. Komandirin qızı ilə ondan xəbərsiz evlənir. Bu səbəbdən sərkərdə padşaha kin saxlayır və vəzirlə birlikdə Azadbəxtə tələ qurur. Lakin Azadbəxt və Gülcamal bu tələdən xilas olurlar.

Onlar tələdən qaçmağa çalışarkən Gülcamal bir oğlan uşağı dünyaya gətirir. Oğulları onlara mane olmasın deyə yanında bir neçə ləl-cəvahiratla bulaq başında qoyub Kirmana gedirlər. Kirman şahı hadisədən xəbərdar olur və Azadbəxtə öz taxtını qaytarmağa kömək edir. Oğlu bulağın başında oğruların əlinə düşür. Onu oğrulara bələdçilik edən Hərami Ziyad böyüdür. Uşağın adını Xüdadad qoyurlar. Xüdadad yeniyetməlik çağına çatanda əsli pak olsa da, Ziyad kimi hərami olur.

Xüdadad və müşayiət etdiyi oğrular Sistana gedən karvanı qarət etmək istəyərkən tələyə düşürlər. Karvanbaşı Xüdadadın zəka və kamilliyinə heyran qalır və onu övladlığa götürür. Karvan Sistana çatanda karvanbaşı Xüdadadı da götürərək Azadbəxt şahın hüzuruna gəlir. Azadbəxt Xüdadadı görəndə ürəyi ona isinir, onun gözəlliyinə heyran olur. Ondan sarayda qalmasını xahiş edir, ona Bəxtiyar adını verir. Sarayda şahın etimadını qazanan Bəxtiyar bütün hakimiyyəti öz üzərinə götürür və şahın xəzinədarı olur. Bunu gözü götürməyən sultanın on vəziri Bəxtiyarın saraydan getməsini istəyir, lakin nə edəcəklərini bilmirlər.

Bir gün Bəxtiyar səhvən sarayda sultanın şəxsi otağına daxil olur və şərabın təsiri ilə burada yuxuya gedir. Sultanın arvadı təsadüfən otağa daxil olur. Yatan şəxsin Bəxtiyar olduğunu bilmir və onun həyat yoldaşı olduğunu düşünür. Bu zaman sultan gəlir və Bəxtiyarı öz hərəmində görüb heyrətlənir. Bəxtiyar və Gülcamalın ona xəyanət etdiyini düşünür. Gülcamal sultana həqiqəti desə də, sultan bu şübhədən xilas ola bilmir. Vəzirlər bu məsələni fürstə bilib sultana yalan danışırlar ki, Bəxtiyar ona xəyanət edib. Günahsız olmasına baxmayaraq Bəxtiyar ölümə məhkum edilib zindana atılır. Hər gün edam üçün sultanın hüzuruna gətirilən Bəxtiyar ölümdən xilas olmaq üçün sultana nəsihət olaraq hər gün bir hekayə danışır. Danışdığı bu əhvalatlar sayəsində həmin gün ölümdən xilas olur. Bu müddət ərzində vəzirlər hər gün gəlib sultanı Bəxtiyarı öldürməyə razı salmağa çalışırlar. Amma danışılan hər bir əhvalat Bəxtiyarı ölümdən xilas edir. 10 gün çəkən bu hadisələrdən sonra Hərami Ziyadın ortaya çıxması ilə sultan Bəxtiyarın öz oğlu olduğunu öyrənir. Ata və oğul yenidən qovuşur. ”

Əldə olan əlyazmalarda əsərin sonluğu olmadığı üçün əsər “Niyə Bəxtiyarı öldürmək qərarına gəldin?” sualı ilə sona çatır.

“Bəxtiyarnamə ”məsnəvisinin mövzusu ilə bağlı ədəbiyyatşünaslıqda iki fikir mövcuddur.[8] Bunlardan birincisi və ən çox qəbul edilən fikir əsərdəki hekayənin qaynağının “Sindbadnamə”yə dayanmağıdır.[6] Hər iki əsəri müqayisə edən Comprettive Basset əsərlər arasındakı bənzərliyin bir neçə hekayə ilə çərçivələnmədiyini demək olar ki, hər hekayədə oxşarlıqlar olduğunu bildirir. Fuad Körpülü də “Bəxtiyarnamə”ni “Sindbadnamə”nin müsəlman şairlər tərəfindən yazılan İslami versiyası kimi görür.[9][10]

İkinci fikir tərəfdarları isə “Bəxtiyarnamə” hekayəsinin “Şahnamə”dən götürüldüyü fikrini irəli sürürlər. Səid Nəfisi “Bəxtiyarnamə”nin “Rüstəmnamə”, “Samnamə”, “Bəhramnamə” kimi Şahnaməyə daxil olan kiçik hekayələrdən qaynaqlandığını bildirir.[9]

“Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk Bəxtiyarnamənin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir. Həm də sadəcə tərcümə deyil, tədbil və yenidən işlənmə şəklində verilmişdir. Fədai Təbrizi əsərdə baş verən hadisələrin yerini dəyişmiş Azərbaycana gətirmişdir.[11]

Əsərdə Bəxtiyarın tacirin hekayəsini danışması bölməsində şair orta əsr həyatının həqiqətlərini təsvir edir. Şair tacir simasında acgöz, tamahkar insanın faciəsini göstərir. Fədai taciri hər dəfə müxtəlif zümrədən insanlarla üz-üzə gətirərək onun xarakterini aydınlaşdırır. “Xacə Həsən Bazərganın hekayəsi”ndə isə acgözlük və tamahkarlıq üzündən fəlakətə düşən insan təsvir olunur. On ile yaxın arvad-uşaqlarını görməyən Həsən Bazərgan özü də bilmədən oğlanlarını böhtana salır, onları oğru hesab ederek denize atdırır.Xalq nağıl ve dastanlannda verilan tacir ve bazərganlar kimi Həsən Bazərgan da qorxaq, xəsis ve mal-dövlət hərisidir. Şair onu "mərdi-əhməq" adlandırır.[12]

Bəxtiyarnamədə orta əsr mühitinin, tarixi dövrün ziddiyyətli, ictimai haqsızlıqları şairi düşündürür. Şair bu fikrə gəlir ki, orta əsr şəraitində insanların xoşbəxtliyə yetməsi çox çətindir. Zalım şahlar, darğalar, yerli məmurlar və hakim təbəqələr xalqı qarət edir, ağır vergilərə məruz qoyur. Sabirin hekayəsində feodal üsuli-idarəsinin tənqidi Nizaminin Sultan Səncər və qarı, Zalım padşahın zahid ilə dastanı hekayələri ilə oxşarlıq təşkil edir. Fədai Sabir surəti üzərində işləyərkən ehtimal edilir ki, öz dövründə geniş vüsət alan Cəlalilər hərəkatından ilhamlanmış, Cəlali qəhrəmanlarının surətini yaratmışdır. Fədai Nizamidən fərqli olaraq şahların yenidən tərbiyə olunması məsələsini deyil, xalq içindən çıxan bir insanın hökmdar olması ideyasını irəli sürür. Bəxtazima hekayəsində günlərini kef məclislərində şərab içməklə keçirən hökmdarın əməlləri göstərilir. Dadbinin hekayəsində də rəiyyəti incidən, hökmdarın sonda cəzasını çəkməsi təsvir edilib. Butamamın hekayəsinin sujet xətti digərləri ilə eynidir.[13]

Əsərin dili aydın və səlisdir. Məsnəvidə bəzi yerlərdə fars, ərəb dillərində söz və ifadələri işlədilir. Cəmi iki beytdə ərəbcə ifadəyə və fars atalar sözünə rast gəlirik.

Zihí ŝūret zihí zíbā müŝəvvər

Teala şə'nuhu Allahu Əkbər

Fars atalar sözü:

Əcəb sözdür deyiblər ol fərasət

Ki hökm-i hakim ü mərq-i müfacat

Bu beytlərdən başqa ərəb və fars sözləri çox işlənməyib.[14] Başlıqlar farscadır və əsər sadə, səlis, epik dildə yazılmışdır. Şair incə təşbeh, mübaliğə, təzad və istiarlər işlətmişdir. Çox vaxt fars və ərəb sözləri Azərbaycan sözləri ilə əvəz edilib. Məsələn zəhər-ağu, həyat-dirilik, arzu-dilək, hicran-ayrılıq, ləşkər-qoşun, xidmət-qulluq, bak-qorxu, xun-qan, pişxidmət-süfrəçi, pəsənd-bəyənmək, qasid-elçi, dil-ürək, qulam-qarabaş, ziba-göyçək, siyah-qara, çah-quyu, ərusi-toy, mehman-qonaq və s. [15]

Nüsxə və nəşrləri

[redaktə | mənbəni redaktə et]

Fədayiyə məxsus “Bəxtiyarnamə” məsnəvisinin iki nüsxəsi vardır. Təəssüf ki, birinci əlyazmanın 62, ikinci əlyazmanını isə cəmi 11 vərəqi günümüzə çatmışdır. Hər iki nüsxənin başlanğıc, orta və son hissələri yoxdur.

Əsərin ən geniş əlyazması Təbrizdə Hacı Məhəmməd Ağa Naxçıvaninin kitabxanasında yerləşir. Nəstəliq xətti ilə yazılan əsər 126 səhifədən, hər səhifədə 16 sətirdən ibarətdir. Avropai kağız üzərinə yazılmış, dəri cildlə cildlənmişdir. Əsərin ölçüsü 15,5x21,5 smdir. Qeydiyyat nömrəsi 3052-dir.[16] Bu əlyazmada əsərin mətni qara qələmlə yazılıb. Başlıqlar fars dilindədir. Başından bir neçə vərəq, ortasından bir vərəq, axırından bir-iki vərəq düşmüşdür. Buna görə də kitabın kim tərəfindən, harada, hansı tarixdə yazıldığını müəyyən etmək mümkün olmayıb. Lakin həmin kitabın haşiyəsinə yazımış bir hadisə kitabın qədim əlyazması olduğunu sübut edir.

İran ədiblərindən Vahid Dəstigərdi bu əsəri akademik Y.E.Bertelsin məsləhəti ilə 1932-ci ildə Tehranda farsca çap etdirmiş, Məhəmmədəli Tərbiyət də həmin kitaba müqəddimə yazmışdı. Müəqəddimə də yazılılr ki, Bəxtiyarnamə farsca yazılmış əfsanələrdəndir.[17]

1945-ci ilin sentyabr ayında Qulam Məmmədli Təbrizdə Hacı Məhəmməd Naxçıvaninin şəxsi kitabxanasında saxlanılan bu əsərin yeganə əlyazmasının orjinalının üzündən surəti çıxarılaraq “Bəxtiyarnamə”ni əvvəl ərəb əlifbası ilə sonra isə kiril əlifbası ilə Bakıda çap etdirir.  Q.Məmmədli çatışmayan hissələri fars nümunəsi əsasında tamamlamışdır. Məmmədli bildirir ki, Fədainin dilini və üslubunu qoruyub saxlamaq, əsərin özünəməxsus teksturasını pozmamaq üçün bir çox sözlərin əsərdə olduğu kimi qoruyub saxlayıb.[2]

  1. 1 2 3 Səfərli, 2008. səh. 567
  2. 1 2 3 Məmmədli, 2004. səh. 6
  3. 1 2 Çiçekel, 2019. səh. 7
  4. Kərimov, 2008. səh. 32
  5. Çiçekel, 2019. səh. 11
  6. 1 2 Səfərli, 2008. səh. 577
  7. 1 2 Çatalkaya, 2018. səh. 30
  8. Çatalkaya, 2018. səh. 111
  9. 1 2 Çiçekel, 2019. səh. 13
  10. Səfəli, 2008. səh. 567
  11. Kərimov, 2004. səh. 6
  12. Səfərli, 2008. səh. 574
  13. Səfərli, 2008. səh. 576
  14. Çatalkaya, 2018. səh. 41
  15. Səfərli, 2008. səh. 579
  16. Çatalkaya, 2018. səh. 28
  17. Məmmədli, 2004. səh. 5
  • Araslı H. XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi (Ali məktəblər üçün dərslik). Bakı: "Azərbaycan Universiteti" nəşriyyatı, 1956, s. 51-63.
  • Paşa Kərimov. XVII ƏSR AZƏRBAYCAN LİRİKASI (ANTOLOGİYA). Bakı: Nurlan. AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU. 2008.
  • Qulam Məmmədli. Fədai. Bəxtiyarnamə (PDF). Bakı: Şərq-Qərb. 2004. səh. 168. ISBN 9952-418-12-1.
  • Əliyar Səfərli, Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi. Bakı: Ozan. 2008. səh. 696. ISBN 5-8133-1056-6.
  • Hava Çiçekel. FEDAİ’NİN “BAHTİYARNAME” ESERİNİN DİLÜSLUP AÇISINDAN İNCELENMESİ. Kars. T.C.KAFKAS ÜNİVERSİTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ ÇAĞDAŞ TÜRK LEHÇELERİ VE EDEBİYATI ANABİLİM DALI AZERBAYCAN TÜRKÇESİ VE EDEBİYATI BİLİM DALI. 2019.
  • Günay Çatalkaya. 16. YÜZYIL AZERBAYCAN ŞAİRLERİNDEN FEDÂYÎ VE BEĤTİYÂR-NÂME MESNEVİSİ (İNCELEME VE ÇEVİRİYAZI). İstanbul. T.C.MARMARA ÜNİVERSİTESİ TÜRKİYAT ARAŞTIRMALARI ENSTİTÜSÜ TÜRK DİLİ VE EDEBİYATI ANABİLİM DALI ESKİ TÜRK EDEBİYATI BİLİM DALI. 2018.