1978-ci ildə Bakı şəhərində anadan olan Tüdor (və ya Lalə) 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetini, 2013-cü ildə Florida Beynəlxalq Universitetini və 2015-ci ildə Mayami Hüquq Məktəbi Universitetini bitirmişdir.[2] Yazıçı fəaliyyətinə 1994-cü ildə başlamış və özünə yazıçılıq janrı kimi elmi-fantastikanı seçmişdir. O, Beynəlxalq Rusdilli Yazıçılar Federasiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[3] O, həmçinin "The New Contemporary" və "Broad Universe" kimi beynəlxalq yazıçılar birliklərinə də üzvdür.[4] 2016-cı ildə Tüdor ABŞ-ın ən qədim və ən geniş peşəkar yazıçılar birliyi olan "Authors Guild"ə üzv olmuşdur.[5]
Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Tüdor müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən o özünü bədii yaradıcılğa həsr edir. Yazıçı bütün əsərlərini rus dilində yazmaqdadır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur.
Tüdorun "War of Times" adlı ilk çap əsəri 2001-ci ildə dövriyyəyə buraxılmışdır.[3] 2002-ci ildə Tüdor Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. Eyni ildə onun hazırlanmış iki kitabı çap edilmişdir. Bunlar biri elmi fantastik janrda hazırlanmış "Səmaların seçilmişləri" romanı, digəri isə fantastik, macəra motivli hekayələr toplusundan ibarət "Qatil Çuopakabra" kitablarıdır.[3]
2003-cü ildə o, özünün tarixi-fantastik əsəri olan "Xəzərin sualtı sirləri"ni tamamlamışdır. 2004-cü ildə "Seven Envoys" əsəri çap edilmişdir. Onun bu əsəri ingilis yazıçı Valter Skotta həsr edilmişdir. 2005-ci ildə onun daha iki kitabı çap edildi - "Exiles of Heavens" və "Masters of Heavens"
2007-ci ildə çap edilmiş və elmi-fantastik janrda olan "Collision" əsəri Kaliforniyanın qubernatoru Arnold Şvartseneggerə həsr edilmişdir. Bu əsər 2008-ci ildə Ştutqartda keçirilən festivalda iştirak edən yeganə Azərbaycandan olan kitab olmuşdur. Eyni ildə "Collision" əsəri kimi "The Shadow of Centuries" adlı hekayələr toplusu da çap edilmişdir.[1]
"Saros" adlı tarixi-fantastik janrda yazılacaq kitabının 13 cilddə nəşr ediləcəyi bildirilməkdədir. 2008-ci ildən isə Elizabet Tüdor 12 xilaskar qəhrəmandan bəhs edəcək 13 cildlik silsilə romanlar yazmağa başlayır. Onların arasında "Kevin Konnor", "Aron Şmuel" və "Barak Kellerman" kimi əcnəbi qəhrəmanlar olmaqla yanaşı, həm də azərbaycanlı "Abbas Ələkbərov" obrazı da var. Yeri gəlmişkən, Abbas Ələkbərovun macərlarından bəhs edən elmi-fantastik roman 2016-cı ildə işıq üzü görmüşdür.[1]