Sara Aşurbəyli
Sara Balabəy qızı Aşurbəyli (27 yanvar 1906, Bakı – 17 iyul 2001, Bakı) — Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986).
Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində, Balabəy Aşurbəylinin ailəsində anadan olmuşdur. Bakının neft sənayeçilərindən olan Balabəy Aşurbəyli milyonçu Teymur bəy Aşurbəyovun oğlu idi.
1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.
O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. Ağır təqib illərində yaşamaq üçün bu bilik və bacarıqlarından istifadə etmişdir. Sara xanım dram teatrında rəssam və dekorator, məktəbdə müəllim işləmiş, müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il Konservatoriyada xarici dildən dərs demiş, eləcə də öz çəkdiyi rəsm əsərlərini sataraq dolanmışdır. Sərgilərdən birində onun "Göygöl" əsərini Meksika nümayəndələri almışlar.