Rövşən Şahbaz oğlu Muradov (10 may 1970, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi və alimi, iqtisad elmləri doktoru (2016), professor, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı.
Rövşən Muradov | |
---|---|
Vəzifədədir | |
23 sentyabr 2024-cü ildən | |
Seçki dairəsi | VII çağırış — 121 saylı Laçın |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 may 1970 (54 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Atası | Şahbaz Muradov |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
Elmi adı | |
|
|
Təltifləri |
Rövşən Şahbaz oğlu Muradov 10 may 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu (hazırkı Azərbaycan Dövlət İqtisad Universitetini) Əməyin iqtisadiyyatı və sosiologiyası ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, həmin ildə Azərbaycan Elmlər Akademiyasının (hazırkı AMEA-nın) İqtisadiyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuş və 1996-cı ildə buranı bitirmişdir.[1]
Rövşən Muradov 1994-cü ilin sentyabr ayında köçürmə yolu ilə Azərbaycan Respublikası Ali Sovetinin İqtisadi siyasət daimi komissiyasına ekspert vəzifəsinə təyin edilmişdir. Həmin ildən Ali Sovetin Katibliyində, sonra isə Milli Məclisin Aparatında məsləhətçi, böyük məsləhətçi, baş məsləhətçi, şöbə müdirinin müavini-sektor müdiri kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2024-cü ilin sentyabr ayınadək Milli Məclisin İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini olmuşdur.[1]
2024-cü ilin sentyabr ayında keçirilmiş növbədənkənar parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.[2]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları 27 iyun 2013-cü ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmiş[3] və 17 iyun 2015-ci ildə ona inzibati vəzifələrin ikinci təsnifatı üzrə 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.[4]
Ailəlidir, iki övladı var. Atası Şahbaz Muradov və qardaşı Rəşad Muradov iqtisad elmləri doktorları və professordurlar.[5]
Rövşən Muradov 1993-cü ilin avqust ayında Azərbaycan Dövlət İqtisad İnstitutunun Sosioloji elmi tədqiqatlar laboratoriyasına kiçik elmi işçi kimi işə qəbul edilmişdir. 1997-ci ildə iqtisad elmləri namizədi, 2015-ci ildə iqtisad elmləri doktoru elmi dərəcələrinə, 2006-cı ildə dosent elmi adına layiq görülmüşdür.[1]
Rövşən Muradov 2004-cü ilin yanvar ayından Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı şöbəsində əvvəlcə 0,5 ştat əvəzçiliklə aparıcı elmi işçi, 2013-cü ilin noyabr ayından 2016-cı ilin mart ayınadək isə baş elmi işçi vəzifələrində işləmişdir. Azərbaycan Dövlət İqtisad Universitetinin menecment, sonra isə biznes və logistika kafedralarının 0,5 ştat əvəzçiliklə professoru olmuşdur. 4 monoqrafiya, 70-dək elmi-metodiki əsərin müəllifidir.[1]