Bu səhifədə iş davam etməkdədir. |
Qaya Məmməd oğlu Məmmədov (1979) — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən seçilmiş deputat,[1][2] Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı,[3] Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi (2013-2017), Xarici İşlər Nazirliyinin Baş İdarəsinin rəisi.[4]
Qaya Məmmədov | |
---|---|
Seçki dairəsi | 2024 — 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən qalib namizəd |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1979 |
Təhsili |
Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilib. 2017-ci ilin sentyabr ayından bu vəzifəyə təyin edilənədək Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edib. O, 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb.
Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb. O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində və 2008-2011-ci illərdə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələrdə çalışıb. Q.Məmmədov 2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib.
Q.Məmmədov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura pillələrini bitirib, ABŞ-ın Tafts Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində diplomatiya ixtisası üzrə magistr təhsili alıb. O, NATO Müdafiə Kollecinin 2005-2006-cı illər üzrə 107-ci Ali kursunun məzunu olub. Q.Məmmədov Almaniya Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbində, Harvard Universitetinin Con F.Kennedi adına İdarəçilik Məktəbində, Təhlükəsizlik məsələləri üzrə Corc Marşal adına Avropa Mərkəzində və ABŞ Milli Müdafiə Universitetində təlimlər keçib.
O, ingilis, alman və rus dillərini sərbəst, fransız dilini orta səviyyədə bilir. Xəzər Universiteti və ADA Universitetində xarici siyasət və diplomatiya məsələləri üzrə mühazirələr verib.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[5]
2024-cü ilin oktyabrında Azərbaycanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub. O, bu vəzifədə Azay Quliyevi əvəzləyib.[6]