1. Ev heyvanlarının südündən hasil edilən, asan əriyən, yeyilən və xörək bişirmək üçün işlədilən maddə. Şit yağ (kərə). Ərinmiş yağ. Camış yağı. Sarı yağ (ərinmiş yağ). İnək yağı.
2. Ətin içində olan ağ və əriyən maddə; piy. İç yağı. Quyruq yağı.
// Heyvanın dərisi altında qalın bir təbəqə təşkil edən piy maddəsi.
3. Bəzi bitkilərin tumundan, çiçəyindən və ya meyvələrindən çıxarılan maddə, yağlı maye. Günəbaxan yağı. Pambıq yağı. Zeytun yağı. Küncüt yağı. Xaşxaş yağı.
// Mineral mənşəli bəzi maddələrdən alınan yağlı maye. Neft yağı. Maşın yağı.
4. tib. Tərkibində yağ maddəsi olan bəzi dərmanların adı. Sürtkü yağı.
5. məc. dan. Fayda, xeyir mənasında.
◊ Balıq yağı – bəzi dəniz məməlilərindən alınan və müalicə məqsədi ilə işlədilən yağ. Həkim uşağa balıq yağı yazıb.
Yağ çıxarmaq (tutmaq) – südü çalxamaqla yağ hasil etmək.
Yağ kimi dan. – asanlıqla, maneəsiz.
Yağ kimi ürəyinə yatmaq – çox xoşuna gəlmək, məmnun etmək, ləzzət vermək. Onun sözləri yağ kimi ürəyimə yatdı.
Yağ salmaq – 1) bişərək yağı çıxmaq. Quymaq yağ salıb;
2) məc. kökəlmək.
Yağ yaxmacı – üzərinə yağ sürtülmüş çörək parçası.
Yağ zavodu – süddən yağ və başqa ağartı hazırlayan zavod.
Yağa düşmək – bax yağ salmaq 1-ci mənada.