AZAD₁

sif. [ fars. ]
1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ.
2. Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış.
// zərf Rahat, əziyyətsiz. Azad nəfəs almaq.
3. Boş (vaxt haqqında).
Ulduz azad vaxtlarını daima öz kiçik otağında, həvəskarı olduğu rəssamlığa sərf edərdi. Ə.Məmmədxanlı.

4. nida. Hərbi komanda.
Mirbalayev “azad!” komandası verdi. M.Hüseyn.

◊ Azad edilmək1) xilas edilmək, qurtarılmaq, buraxılmaq. Həbsdən azad edilmək;
2) çıxarılmaq, xaric edilmək. İşdən azad edilmək. Vəzifəsindən azad edilmək;
3) tərxis edilmək, buraxılmaq.
[Kusov] üç il bundan əvvəl Qafarın ordudan azad edilərkən birbaş Mingəçevirə gəldiyi günü xatırladı. Ə.Sadıq.

Azad etmək1) xilas etmək, qurtarmaq. Nəbi Həcəri azad etdikdən sonra bir müddət İranda qalır. “Qaçaq Nəbi”;
2) azadlıq vermək, istiqlaliyyət vermək, azadlığını, istiqlaliyyətini özünə qaytarmaq;
3) buraxmaq, mürəxxəs etmək, getməsinə icazə vermək.
Batalyon komissarı bugünkü söhbəti bununla qurtarıb: – “Sağ ol, Nəcəfov!” – deyib, döyüşçünün əlini möhkəm sıxmaqla onu azad etdi. Ə.Vəliyev;

4) tərxis etmək, buraxmaq. Əsgərlikdən azad etmək;
5) çıxarmaq, xaric etmək. İşdən azad etmək;
6) bir işi; vəzifəni, mükəlləfiyyəti və s.-ni yerinə yetirmək məcburiyyətindən xilas etmək.
Bədənim zəif olduğundan, məni yay imtahanlarından azad etmişdilər. İ.Əfəndiyev.

Azad olmaq1) azadlıq əldə etmək, müstəqil olmaq, sərbəst olmaq. Əsarətdən azad olmaq.
– Arif çalışır ki, millət azad olun; Zahid çağırır ki, məscid abad olsun. M.Ə.Sabir;

2) boşalmaq. Yerlər azad oldu;
3) arzu etmədiyi bir vəzifədən, işdən və s.-dən canını qurtarmaq. Müdirlikdən azad olmaq;
4) xilas olmaq, qurtulmaq. Şəhərlər düşmən işğalından azad oldu;
5) məc. doğmaq.
Bir ildə … Zeynəb üçüncü uşaqdan azad oldu. M.İbrahimov;

6) işi, məşğələni qurtarmaq.
A qardaşlar, axı bir deyin görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz? C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AZAD AZAD Azad, xoşbəxt xalqımın əzmindən vüsət alır; Mənə balam tək əziz könlümün diləkləri (S.Rüstəm); AZADƏ Bunlar asudə fikirli, azadə ruhlu bir insan
  • AZAD sərbəst — boş — rahat

Omonimlər

  • AZAD AZAD I is. [ fars. ] bot. Bərk oduncaqlı ağac növü
  • AZAD AZAD II sif. [ fars. ] Başqasından asılı olmayan, sərbəst. Ey azad gün, azad insan; Doyunca iç bu bahardan! (S

Antonimlər (əks mənalı sözlər)

  • AZAD AZAD – MƏHKUM Diləklərin gah azad; gah məhkum olur sənin (B.Vahabzadə)

Etimologiya

  • AZAD Farscadır, bizdə qabaqlar onun müqabilində boş sözü işlənib (indi də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
AZAD₂
AZADƏ

Digər lüğətlərdə