f. Odlanmaq, alovlanmaq, od tutub yanmaq. Ocaq alışdı. Benzin qabı birdən alışdı. Taya ildırımdan alışdı.
// Məc. mənada.
Alışıb, şölə çəkib suz ilə yandım, gördüm; Hicrini atəşi-suzan dedilər, gerçək imiş. S.Ə.Şirvani.
Canım üzülür əldəki qalxanına baxcaq; Qəlbim alışır beldəki patronunu görcək. M.Ə.Sabir.
Arvad, ürəyim od tutub alışır, məni daha artıq yandırma. Ə.Haqverdiyev.
□ Alışıb yanmaq –
1) od tutub yanmaq, şiddətlə yanmaq, alovlanmaq. Küləş alışıb yandı.
– Belə bir isti torpağa saldı; Alışıb yanmağa çöl az qaldı. A.Səhhət;
// Məc. mənada. [Ağca xanımın] gözü İzzətin yatağına sataşanda ürəyi alışıb yanırdı. Mir Cəlal;
2) alov rəngində parlamaq, alov kimi al-qırmızı rəngə çalıb parıldamaq.
Qızlar bütün bəzəklərini taxmışlar, üst-başları rəngdən-rəngə girərək, alışıb yanır. S.Rüstəm;
3) məc. qızarmaq. Yanaqları çiçək kimi alışıb yanır.