Hacı Cavad məscidi — Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən yerli əhəmiyyətli abidə olan məscid.[1]
Hacı Cavad məscidi | |
---|---|
Hacı Cavad məscidi | |
40°22′09″ şm. e. 49°49′33″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı, Yasamal, Abulla Şaiq küçəsi, 79 |
Yerləşir | Bakı |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Memar | Ədalət Məmmədov (2018-ci ildən sonra) |
Tikilmə tarixi | 1912 |
Vəziyyəti |
2017-ci ildə sökülüb 2018-ci ildə yenidən tikilib |
İstinad nöm. | 3511 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Uzun müddət məscidin axundu Hacı Əhliman Rüstəmov olub.[2]
Yerli camaatın bildirdiyinə görə, bu məscidi tikdirən Hacı Cavad tacir olub. Məscidin əvvəlki giriş qapısının üstündə isə 3 daş kitabə həkk olunub. Həmin kitabələrdən birinə əsasən məscidin inşa tarixi hicri-qəməri təqvimi ilə 1305-ci ilə aiddir.
Hacı Cavad bu məscidi tikdirdikdən sonra İrana Məşhəd ziyarətinə gedmiş və 1902-ci ildə orada vəfat edmişdir. Bundan sonra məscidin idarə olunması məhəllədə ağsaqqal və hörmət sahibi olan Hacı Əbdülhəsən bəy adlı şəxsə həvalə olunmuşdur.
Məsciddə ümumi ibadət yerindən əlavə mədrəsə də fəaliyyət göstərib. Məhəllə ağsaqqallarının dediklərinə görə, Əliağa Vahid ilk təhsilini məhz bu mədrəsədə alıb.
Sovet hakimiyyətinin ilk illərində bu ibadət və elm ocağı öz fəaliyyətini dayandırmışdır. Sonralar mədrəsə hücrələri əhaliyə yaşamaq üçün paylanılmış, məscidin binası isə uşaq bağçası kimi istifadə edilmişdir. Daha sonralar isə bağça da bağlanmış və məscid bayraq-plakat emalatxanasına çevrilmişdir.
SSRİ-nin süqutundan sonra, başqa xalqlar kimi, azərbaycan xalqı da müstəqillik əldə etdikdə, bağlı qalmış pirlər, məscidlər və s. müqəddəs ocaqlar xalqın üzünə açılmağa başladı. Yerli cammat və ağsaqqalların səyləri nəticəsində bu məscid də açılıb bərpa olundu. Məscidin adı ilə bağlı isə ilk öncə yalnışlıq baş verdi. Yerli əhalinin çoxunun yadında məscidin banisi deyil, onu idarə edən Hacı Əbdülhəsən bəy qalmışdı. Məhz bu səbəbdən ilk zamanlar məscidin adı "Hacı Əbdülhəsən bəy" qoyuldu. Lakin çox keçməmiş Hacı Cavadın varisləri olan nəvəsi Kubra xanım və onun oğlu Seyyid Rasim tarixi faktlarla məscidin kim tərəfindən inşa olunduğunu sübut etdilər. Bundan sonra məscidin adı dəyişilərək "Hacı Cavad" qoyuldu.
Açılıb yenidən möminlərin istifadəsinə verildikdən sonra "Hacı Cavad" məscidinin ilk axundu və dini icmasının sədri Hacı Namiq Babaxanov olmuşdur.
Hal-hazırda məsciddə Əzizov Kanan Sərvan oğlunun sədrlik etdiyi "Hacı Cavad" məscidi dini icması fəaliyyət göstərir.[3]
Məscidin axundları Hacı İbrahim Quliyev və Hacı Ramil Aslanlıdır.
2017-ci ilin aprel ayında məscidin sökülməsi gündəmə gəlmiş və bu etirazlara səbəb olmuşdur.[4][5]
2017-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi əsasında Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülüb, həmin rayonun ərazisində yeni ünvanda, Abbas Mirzə Şərifzadə küçəsində təməlinin qoyulmasına qərar verilib.[6][7]
2017-ci ildə, 30 iyundan 1 iyula keçən gecə Yasamal RİH tərəfindən sökülüb.[8][9]
Bu hadisədən sonra Prezident İlham Əliyev qəzəblənib[10][11][12] və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevi Hacı Cavad məscidinin "sökülməsinə görə" işdən çıxarıb.[13][14][15]
Bu məscid düzbucaqlı formaya malikdir. Məscidin minarəsi, minbəri yoxdur. Mehrabı tağvari formada olub, sadədir. İç sahəsi 12x18 metr, yerdən tavana qədər hündürlüyü 6 metr, yerdən günbəzədək isə 9 metrdir. Günbəzində 2 gözlük qoyulub.
Divarlarının qalınlığı 1 metr olan bu məscid yonulmuş sal daşlarla tikilib. Fasad divarlar suvanmayıb, iç divarlar isə suvanaraq ağardılıb.
Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 ünvanında 2 iyul 2017-ci ildə inşasına başlanan Hacı Cavad məscidinin yeni binasının 12 aprel 2018-ci ildə açılışı olub.[16][17][18]
Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda və inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divar və sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nümunələrindən istifadə olunaraq dini rəmzlərlə bəzədilib.
Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni "Namazgah" xalı döşənib. Məscidin daxilində müasir texnologiyalarla işləyən havalandırma sistemləri quraşdırılıb.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |