Əbülfəzlil Əbbas məscidi və ya Göyçay şəhər Mərkəz məscidi — Göyçay şəhərinin mərkəzində yerləşən İslam dini abidəsi. Məscid Şirvan-Abşeron memarlıq məktəbi üslubunda 1902-ci ildə tikilmişdir. Dini abidənin memarı Zivər bəy Əhmədbəyovdur.[1]
Əbülfəzlil Əbbas məscidi | |
---|---|
Göyçay şəhər Mərkəz məscidi | |
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Göyçay şəhəri, Rəsul Rza, 81 |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Memar | Zivərbəy Əhmədbəyov |
Tikilmə tarixi | 1902 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Günbəzləri | 1 |
Rəsmi sayt | www.qafqazislam.com (az.) (ing.) (rus.) |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Əbülfəzlil Əbbas məscidi Göyçay şəhərinin mərkəzindədir. Tikilmə tarixi 1902-ci ilə aiddir. Məscidin layihəsini mülki mühəndis Zivər bəy Əhmədbəyov vermişdir. Layihə İraqın Nəcəf şəhərindən getirilib.[2] Əvvəllər məscidin yerində palçıqdan tikilmiş kiçik məscid mövcud olmuşdur. Lakin həmin məscid 1896-cı ildə dağıdılıb.[1]
1996-cı ildə məscidin yan tərəfində ikimərtəbəli daha bir bina tikilib. Məsciddə ibadət üçün bütün şəraitlər mövcuddur.[1]
1921-ci ildə məscidin bağlanılması barədə göstəriş verilib. Bundan sonra anbar kimi istifadə edilib. 1930-cu ildə məscid yenidən açılıb. 1944-cü ildə rəsmi olaraq məscidin fəaliyyətinə icazə verilib.[1]
Əbülfəzlil Əbbas məscidində Axund Hacı, Qazi Hacı Xanməhəmməd, Molla Şirəli, Kərbəlayı Ağasəlim, Kərbəlayı Ağa Nuh, Mirfazilağa, Molla Bülbül, Axund Hacı Mirqəzənfər ağa kimi məşhur adamlar axundluq etmişlər.[1]
Məscidin həyətyanı sahəsi 500 kv.metr, iç sahəsi 360 kv.metr, hündürlüyü isə 7 metrdir. Məscidin günbəzi dəyirmi formada olub, hündürlüyü 2 metrdir. Günbəzin üstü dəmir təbəqə ilə işlənmişdir. Minbəri taxtadandır və doqquzpilləlidir. Mehrabı isə divarın içərisində olub, hündürlüyü 2 metrdir. Məscidin iç divarları sement məhlulu ilə suvanıb və açıq yaşılı rənglə işlənib. Divarlarda isə ərəb dilində Quran ayələri yazılıb. Dam dəmir təbəqə ilə örtülüb. Məscidin fasad tərəfdən divarları bişmiş kərpiclə işlənib. Divarlarda "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn" sözləri yazılıb.[1]