Hacı Teymur məscidi və ya Pensər kəndi Hacı Teymur Cümə məscidi — Astara rayonu, Pensər kəndində 1896-cı ildə (Hicri-qəməri təqvimi ilə 1314-cü ildə) inşa edilmiş məscid. Məscid xeyriyyəci Hacı Teymurun vəsaiti ilə Cənub memarlıq üslubunda, qırmızı kərpicdən tikilmişdir.[1] Məscid Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan abidələrin siyahısına daxildir.[2]
Hacı Teymur məscidi | |
---|---|
Pensər kəndi Hacı Teymur Cümə məscidi | |
| |
38°36′48″ şm. e. 48°49′02″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Status | dini, tarixi abidə |
Yerləşir | Astara rayonu, Pensər kəndi Seyid Cəmaləddin Qaraxan, 0717 |
Aidiyyatı | Qafqaz Müsəlmanları İdarəsi |
Memar | Usta Əbdülkərim |
Tikilmə tarixi | 1896 |
Üslubu | Cənub memarlıq məktəbi |
Uzunluğu | 23 metr |
Eni | 10 metr |
Sahəsi | həyətyanı 600 kv metr, iç sahəsi 23x8 metr |
Minarələri | 1 |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | www.qafqazislam.com (az.) (ing.) (rus.) |
İstinad nöm. | 4123 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
Hacı Teymur məscidi Astara rayonunun ən böyük kəndi Pensərdə yerləşir.[3] Məscid 1896-cı ildə yerli xeyriyyəçi Hacı Teymurun vəsaiti ilə inşa olunub. Hacı Teymur məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. Hacı Teymurun oölu Hacı Osman ali təhsilini Türkiyədə alıb. Pensər kəndində həyatı boyu, xeyriyyəçilik və maarifçiliklə məşğul olmuşdur. Təxmini 1912–1913-cü illərdə Hacı Osman Pensər kəndində Astara rayonunun ilk orta məktəbini açıb. Məşhur Azərbaycan müəllimi, tərcüməçisi, yazıçısı, İkinci Dünya müharibəsi iştirakçısı Hacı Osmanın oğlu Şəhub Mürsəlovda bu məktəbi bitirib.
Məscidin tutumu 200 nəfərdir. Dini abidə qırmızı kərpicdən tikilib və düzbucaqlı formadadır. İki giriş qapısı var. Qapılar oymalarla bəzədilib, pəncərələr isə şəbəkədir. Mehrabın sağ tərəfində qadınlar hissəsi yerləşir və bura iki mərtəbədən ibarətdir. Hər mərtəbənin ayrı-ayrılıqda sahəsi 45 kv metrdir. Binanın fasadı və minarə dekorativ kərpic işləri ilə bəzədilib.[1]
Uzunluğu 23 metr, eni isə 10 metrdir. Fasadında iki qapı və iki iri pəncərə vardır. Fasadın sol tərəfində yuxarıda düzbucaqlı şəklində kiçik pəncərə də yerləşdirilmişdir. Qapıların qarşısında artırmalar tikilmişdir. Artırmaların sütunları qırmızı kərpicdəndir. Sağ fasadda iki iri pəncərə vardır. Sol fasadda isə dörd pəncərə yerləşdirilmişdir. Bu pəncərələr alt-alta olmaqla, ikisi yuxarıda, ikisi isə aşağıdadır. Qapılar və sol fasaddakı pəncərələr tağlı, fasad və sağ fasaddakı pəncərələr isə romb şəkillidir.
Həyətyanı sahəsi 600 kv metr, iç sahəsi 23x8 metrdir. Tavan dörd böyük sütun üzərində dayanıb. Əsas ibadət zalının tavanı taxta, döşəməsi isə kərpiclə işlənib. Döşəmədən tavana qədər hündürlüyü 4,5 metrdir. Məscidin binasının yaxınlığında ayrıca girişi olan minarə tikilmişdir. Minarə bişmiş kərpicdən tikilmiş, təkdir. Minarənin hündürlüyü 15 metrdir. Minarənin üzəri dəmir təbəqə ilə örtülmüşdür. Məscidin mehrabı sadədir, hündürlüyü 2,5 metrdir.[1]
Pensər kənd məscidi hündürlüyü 1,20 metr səki üzərində yerləşib. Giriş qapı tərəfdə divarda kitabə həkk edilib. Bu kitabədə onun inşa tarixi göstərilmişdir.[1]
Məscid 1901-ci ildə əsaslı təmir edilmişdir. Sovet dövründə digər məscidlər kimi Hacı Teymur məscidi də dindarların üzünə bağlanmış, o əvvəl kənddəki təsərrüfatın anbarı, 1984-cü ildən isə klub kimi fəaliyyət göstərmişdir. 1994-cü ildə yenidən məscid kimi insanların istifadəsinə verilmişdir. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Hacı Teymur məscidi 4123 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.[2]
Məscidin həyətində iki qəbir yerləşir. Onlardan biri Hacı Teymurun oğlu Hacı Osmanın qəbridir. İkinci qəbir Yusif Camal Paşaya aiddir. O, 1918-ci ildə erməni-azərbaycanlı qırğınları zamanı Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın zabitlərindən biri idi. Yusif Camal Paşa bu zaman Lənkəran ərazisində vuruşmuşdur.[4]
1920-ci ilin dekabr ayında Camal Paşa və dostu Hacı Osman Pensər kəndindən 2–3 kilometr aralıqda yerləşən Kolatan kəndi ərazisində rus-erməni ordusu tərəfindən top atəşinə tutulublar. Hacı Osman son vəsiyyətində deyib: "Bizi, atamın kəndimizdə tikdirdiyi məscidin həyətində dəfn edərsiniz". Sovet dövründə Hacı Osman və Camal Paşa haqqında çox mənfi fikirlər söylənilmişdir ki, bu da o vaxtki hakimiyyətin tələbi idi.[4]
Astara, Pensər kənd Hacı Teymur Cümə məscidi. Əliosman Qədimbəyli