Tuba Şahi məscidi

Tuba Şahi məscidiBakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix və memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.[1] Məscid binası Şirvanşahlar dövrünə aid Dördkünc Mərdəkan qəsrinin yaxınlığında inşa edilmişdir.

Tuba Şahi məscidi
Xəritə
40°29′30″ şm. e. 50°08′26″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Yerləşir Mərdəkan
Aidiyyatı Şirvanşahlar dövləti
Tikilmə tarixi 1481—1482
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti stabil
İstinad nöm.95
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Tuba Şahi məscidi (Azərbaycan)
Tuba Şahi məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır. Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur. 1720-1721-ci illərdə Bakı xanlarından Məhəmməd xanın sifarişi ilə məsciddə bərpa işləri aparılmışdır.

Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir.

Məscid, onun inşasını sifariş etmiş Tuba Şahi xanımın adını daşıyır.[2] Məscid üzərindəki kitabədən onun inşa tarixinin 1481-1482-ci illər də bəlli olur.[3] Məscidin divarına hörülmüş ikinci kitabə məscidin özündən daha qədim tarixə malikdir və ehtimal ki, kəndin köhnə məscid binasına məxsusdur.[3] Kitabədə hicri 774-cü ildə (miladi 1372) Mahmud Abayılın oğlu Xoca Nurəddinin oğlu olan sədr hacı Bəhaəddin tərəfindən məscid inşası sifarişi verilməsi bildirilir.[3]

Abşeronun görməli yerlərini təsvir edərkən İ. Berezin Mərdəkan kəndini xüsusilə qeyd edərək yazır: “Şəhərə yaxın Abşeron kəndləri arasında ən gözəli Mərdəkandır. Əhalisi az sayda olan bu kənddə hicri 886-cı ildə inşa edilmiş (miladi 1481-1482) zərif məscid binası yerləşir. Şirvanşahlar dövrünə aid bu məscid hicri 1113-cü ildə (miladi 1720-1721) Bakı xanlarından Məhəmməd xan tərəfindən təmir etdirilmişdir. Bu haqqda məscid və qəsrin kitabəsində məlumat verilir.”[4]

M. A. Şıxəliyev və A. U. Yüzbaşev qeyd edirlər ki, vaxtilə, məscid və qəsr kəndin əsas tikilililəri olmuş, onların ətrafında birmərtəbəli evlərdən ibarət küçələr inşa edilmişdir.[5] İndiki dövrdə əsas fasadı istisna olmaqla hər tərəfdən iki mərtəbəli evlərlə əhatələnmiş məscidin xarakterik günbəzi kənd panoraması üzərində seçilir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Məscid, günbəzlə tamamlanmış paralellepiped formasında dəqiq ifadə olunmuş həcmə malikdir. Planda məscid tərəfləri 11,30 və 12,90 metrə malik kvadrat formasına yaxınlaşır. [6]

İbadət zalının mərkəzi hissəsi yelkənlər üzərində dayanan günbəzlə örtülmüşdür.Günbəzin əsası 5 sm-lik xətt kimi məkanın daxilinə sallanır. Günbəz dörd iri sütun tərəfindən dəstəklənir. Hər biri 1 metrdən artıq diametrə malik olan bu sütunlar məscidin ibadət zalını digər künc otaqlarından ayırır. Kvadrat formalı mərkəzi ibadət zalına dörd tərəfdən düzbucaqlı formaya malik köməkçi otaqlar birləşir. Bu otaqlardan birincisi tağtavana malikdir. İkinci seksiya da analoji konstruksiyaya malik tağtavanla örtülmüşdür. Üçüncü seksiyanın tavan konstruksiyası səkkizguşəli formalı əsasa malik günbəz formasına malikdir. Dördüncü seksiyanın tavan örtüyü hörgü sıralarının yana atılması ilə formalaşdırılmış ulduzvari formaya malikdir.[6]

Məscidin şərq fasadında yerləşən portalı, dərin portal nişinə malik çıxıntı formasına həll edilmişdir. Çıxıntı da kifayət qədər mürəkkəb naxışlarla işlənmiş ulduzvari tavana malikdir. Plan strukturuna əsasən giriş portalından daxil olan ziyarətçi əvvəlcə günc otaqlardan birinə, ordan isə əsas ibadət zalına daxil olur. Məscidin inşasında yerli mənşəli yaxşı yonulmuş əhəngdaşları və əhəng məhlulundan istifadə edilmişdir. Bütün fasadların üzlənməsində yüksək keyfiyyətli yonulmaya malik daşlar istifadə edilmişdir. Məscidin divarları 1,9 metr qalınlığa malikdir.[6]

Eksteryerdə olduğu kimi, məscidin interyerlərində də bütün divarların üzlənməsində yüksək keyfiyyətli yonulmaya malik daşlardan istifadə edilmişdir. Mərkəzi günbəzi saxlayan on iki güşəli baraban kiçik karnizlə qeyd edilmişdir. Məscidin plan xüsusiyyətləri sonrakı dövrlərdə Abşeron yarımadası ərazisində geniş yayılaraq bir çox tikililərdə istifadə olunur.[6] Tuba Şahi məscidinin planının uğurla tətbiq edildiyi tikililər sırasına İçərişəhərdəki Şirvanşahlar saray kompleksinə daxil olan türbə binasını, Nardaran qəsəbəsindəki Şirvanşahların yay iqamətgahı və başqaları daxildir.[3]

Məscid otaqlarına açılan pəncərələrin hər biri daşdan hazırlanmış pəncərə barmaqlıqlarına malikdir. Onlardan yalnız ikisinin naxışları eynidir, qalanları isə orijinal naxışa malikdir. Bu cür daş pəncərə barmaqlıqları Şirvan-Abşeron memarlıq məktəbi üçün xarakterik olub, həm daha əvvəlki dövrə, həm də XV əsrə aid bir çox abidələrdə (Seyid Yəhya Bakuvi türbəsi, Şah məscidi, Gileyli məscidi, Diribaba türbəsi, Şamaxı cümə məscidi və sair) müşahidə edilir.[7]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. "Tuba-Shakhi Mosque near Baku". advantour.com. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2022.
  3. 1 2 3 4 М.А. Шихалиев, А. У. Юзбашев, 1950. səh. 45
  4. Березин, И. Путешествие по Дагестану и Закавказию. 1849. səh. 271. (#accessdate_missing_url)
  5. М.А. Шихалиев, А. У. Юзбашев, 1950. səh. 43
  6. 1 2 3 4 М.А. Шихалиев, А. У. Юзбашев, 1950. səh. 44
  7. М.А. Шихалиев, А. У. Юзбашев, 1950. səh. 46
  • Шихалиев, М.А.; Юзбашев, А. У. Мечеть в сел. Мардяканы,. Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.