is. [
fars. ]
1. Xəstəlik, naxoşluq.
[Ağakərim xan:] …Mən heç ömrümdə azar çəkməmişəm, pamazı paltarım olur həmişə qalın… N.Vəzirov.
[Həkim:] …Ciddi müalicə edilsə, ümid var ki, azar rəf olar. Ə.Haqverdiyev.
□ Azar gəzmək – yoluxma xəstəliyi düşmək, yayılmaq, sirayət etmək.
Azar tutmaq – azarlamaq, xəstəlik tutmaq, xəstələnmək.
Azara düşmək – xəstələnmək, naxoşlamaq.
Azara salmaq – birisini xəstələndirmək, azara düşməsinə səbəb olmaq.
Bir tərəfdən ticarət işlərinin getdikcə dolaşıb zərər gətirməsi, digər tərəfdən də evinin nizamsızlığı Hacı Nəsiri azara salıb mum kimi əridirdi. S.S.Axundov.
Azardan qalxmaq – yenicə sağalmaq, xəstəlikdən durmaq.
Uzun azar dan. – vərəm.
2. Əziyyət, əzab.
Neyləsin yarın cəfasın çəkməyən aşiq müdam; Çünki yar istər həmişə aşiqin azarını. Nəsimi.
Bəs neyləsin indi bu dili-zar; Gör kimlər ilə çəkərdim azar. X.Natəvan.
Gülzarda bülbülə tikəndir azar. S.Ə.Şirvani.
□ Azar vermək (etmək) – incitmək, əziyyət vermək, narahat etmək.
Öz aşiqi-zarinə gül azar etməz. S.Ə.Şirvani.
[Yoldaşları Fərmana deyirlər:] Qardaş, bir qız yolunda özünə bir belə əziyyət, azar verməyin igid sifəti deyil. Ə.Haqverdiyev.
Azarını çəkmək – başqasının əvəzində əziyyət çəkmək, zərər çəkmək.
3. məc. dan. Bəhanə, ürəyindən keçən arzu, məqsəd. Onun azarını mən yaxşı bilirəm.
– Qədirin Musa kişiyə də, onun dəyirmanına da bərk azarı var idi. İ.Əfəndiyev.
Ancaq [Habil] Bəxti ilə yol yoldaşı olmaq, … dörd-beş düyəni haradan olsa da tapıb vermək və onun azarını üzünə demək istəyirdi. S.Rəhimov.
// məc. Xasiyyət, təbiət, adət, təmayül. Dava eləmək onun azarıdır.
– Tükəzban xalanın qızlığından bir azarı vardı ki, indiyəcən başından çıxmamışdı. B.Talıblı.
◊ Azarı qalxmaq (tutmaq) məc. – tərk etdiyi adətə təzədən başlamaq, təzədən pis işə başlamaq.